Əli Ağaoğlu
Yuxu görən insan oyanana qədər gördüklərini gerçək hesab edir. Hətta yuxunun təsiri altında yatmış vəziyyətdə belə bəzən danışır və ya oyaq vaxtı həmin hadisə ilə qarşılaşacağı halda edəcəyi fiziki hərəkətləri yuxuda edir. Yalnız oyandıqdan sonra gördüklərinin bir yuxu olduğunu dərk edir. Əgər bizim yaşadığımız bu həyat özü bir yuxudursa və biz hələ o yuxudan oyanmadığımız üçün bu həyatı həqiqət zənn ediriksə, onda necə?
Qədim zamanlardan etibarən insanın oyanışı, bu proses zamanı və sonrasında yaşadıqları barədə müxtəlif fikirlər mövcud olmuşdur; bu fikirlərin bir qismi yazılı mənbələr vasitəsilə bizə gəlib çatmış, digərləri isə həmin dövrdə dilə gətirilsə də, günümüzədək qorunmamışdır. Amma bu mövzu haqqında danışan, təbliğ edən və bu halı yaşayan, yəni oyanmış şəxslərin hər biri fərqli fikirlərlə, eyni mənanı ifadə etmişlər. Sadəcə oyanış dövründə yaşananlar fitrət, şərait və istedada görə fərqli olduğundan bu dövrün müxtəlif mərhələləri fərqli üsullarda izah edilmişdir.
Qədim yunan alimi Platon “Mağara alleqoriyası”nda mağarada yaşayan insanları simvolik olaraq seçmişdir. Onun izah etdiyi proses insanın oyanışını xarakterizə etməklə bağlı günümüzə gəlib çatmış ən qədim yanaşmalardan biridir. Bu hekayədə ömürləri boyu bir mağarada yaşayan və heç vaxt həmin mağaranı tərk etməyən bir qrup insandan bəhs edilir. Həmin insanların mağaradan kənardakı dünya barədə heç bir təsəvvürləri yoxdur. Mağaranın içərisində təbii işıq olmadığı üçün qaranlıqdır. Həmin şəxslər mağarada yandırdıqları alovun qarşısından keçən şeylərin divardakı əksini görə bilirlər. Bu insanlar divarda əks olunan heyvan, bitki və insan kölgələri qarşısında heyrətə düşürlər. Onlar üçün həqiqət həmin kölgələrdən ibarətdir.
Bir gün onlardan biri mağaranı tərk edir. Açıq havada gözləri günəşdən qamaşır, həyatında ilk dəfə onun işığı ilə aydınlanmış təbiətə nəzər salır. Gözləri bu seyrə öyrəşdikcə əvvəl mağarada gördüyü kölgələrin gerçək formalarını müşahidə etməyə başlayır. Bu müşahidə onun təfəkkürünə və öz növbəsində idrakına səbəb olur. Platon bunu belə təsvir edir: “Əvvəllər bu insan yalnız kölgələri görürdü, indi isə varlığın həqiqi formasına yaxınlaşdı”.
Yaşadığı bu halı, müşahidə etdiklərini dostlarına danışmaq, onları da həmin mağaradan, illüziyalar aləmindən çıxarmaq niyyəti ilə mağaraya geri dönən həmin şəxs orada gördüklərinin həqiqət olmadığını, həqiqətin kənarda olduğunu desə də, bu sözlərinə görə dostlarının qəzəbinə tuş gəlir. Dostları onun dedikləri ilə razılaşmaq istəmir, mağaranı tərk etməkdən imtina edir və hətta danışdıqlarına görə onu öldürmək niyyətinə belə düşürlər.
İnsanın həqiqət axtarışına dair bu kimi əsərlərə dünya, xüsusilə də Şərq ədəbiyyatında tez-tez rast gəlinir. XX əsrdən etibarən Qərb dünyasında “Yaşadığımız dünya bir illüziyadırmı?” sualı geniş müzakirə mövzusuna çevrilmiş, hətta bu istiqamətdə çoxsaylı filmlər, sənədli layihələr, serial və kitablar ərsəyə gəlmişdir. Bu mövzuda kino tənqidçiləri tərəfindən ən yüksək qiymətləndirilən nümunələrdən biri də 1999-cu ildə çəkilmiş “Matriks” filmidir. Müzakirə predmeti isə illərdən bəri dəyişmir: bu dünya bir illüziyadırmı, əgər belədirsə, onda həqiqət haradadır, biz özümüz də illüziyadanmı ibarətik?
Bəs görəsən, həqiqət necədir? Bu elə bir məsələdir ki, mütləq həqiqət insanlara bəyan edilmədikcə hər kəsin bu mövzuda inancı fərqli ola bilər. Lakin bu fikir mübarizəsində üstünlük qazananlar mövzu ilə əlaqədar düşüncələri doğru olan və onları öz həyatlarında reallaşdıran şəxslərdir. Məhz həmin şəxslər həqiqətin özlərinə kifayət edəcək qədərini idrak edəcəklər və bu onların xoşbəxtliyi, qurtuluşu üçün kifayət olacaqdır. Çünki həqiqət sonsuz bir anlayışdır. İnsan bilgi olaraq bu sonsuzluğu anlayar, lakin idrak, yəni dərketmə, mənimsəmə hər insanda şəxsin öz istedadına görə baş verər. Məhz həmin istedadın ölçüsü də həmin insan üçün kifayət qədərdir. Əskik olması naqisliyə, artıq olması isə daşqınlığa səbəb olar. Amma bütün insanların həqiqət anlayışının təməli olan idrak qabiliyyəti hər insanda var. Yəni hər kəs yaşadığı dünyanın mahiyyətini anlaya bilmək istedadı daşıyır və bu dünyanın hansı mənada illüziya, hansı mənada həqiqət olduğunu müəyyən etmək bacarığına sahibdir. Geriyə isə axtarmaq, araşdırmaq, düşünmək və bütün bunları qərəzsiz şəkildə həyata keçirmək qalır.
Bu cür yazıların dərc edildiyi “Füyuzat” jurnalının illər öncə yayımlanan nömrəsində bir rəsm var idi. Yeniyetmə kərpiclərdən ibarət divarı pərdə kimi qaldırıb ardınca uzanan ucsuz-bucaqsız çəmənliyi seyr edir. Həmin rəsmdə divar gözəlliyi görmək üçün bir maneə idi. Bəlkə də, milyonlarla insan həmin divarın qarşısından keçib getmiş və ardında bir gözəlliyin ola biləcəyini heç təsəvvür belə etməmişdir. Bəziləri buna ehtimal versə də, bu əngəli aşmaq üçün cəhd göstərməyiblər. Amma həmin yeniyetmə o divarı qaldırmağa cəhd etmiş, buna nail olmuş və onun ardındakı həqiqi gözəlliyi seyr etmişdir. Əgər rəsmdəki divar dünyanı təmsil edirsə, deməli, çəmənlik də həqiqəti təmsil edir. Belə olan halda “Bu dünya nədir və nədən ibarətdir?” sualının cavabını tapmalıyıq.
İnsan doğulanda gözlərini bu dünyaya açır. Yəni insanın yolu onun özündən asılı olmadan bu cahandan keçir. Onun həqiqəti tapması, idrak etməsi və bu gerçəkliyin mahiyyətini anlaması elə bu həyatdan keçir. Bura sanki insanlığın imtahan otağıdır, dünyanın pərdəsini aralamadıqca ucsuz-bucaqsız həqiqət dəryasını görmək mümkün deyil. Bu sirli-sehrli aləmin insanı özünə bağlayan torları, qarmaqları var. İnsan dünya illüziyasını, rəsmini yarıb keçməli, onun arxasında gizlənən həqiqətə nəzər yetirməli idi. Bu seyrediş bir məkan dəyişikliyi deyil, idrakın təkamülü nəticəsində nəzər, müşahidə və dərketmənin yenidən formalaşmasıdır. Bəs əgər hər şey illüziyadırsa, onda bizim varlığımız, istifadə etdiyimiz, toxunduğumuz və gördüyümüz əşyaların, digər canlıların var olmadıqlarını necə iddia edə bilərik?
Bir çox mütəfəkkirlər canlı-cansız bütün mövcudiyyətin bir əksolunma, bir təcəlli olduğunu iddia edirlər. Yəni bütün yaradılış Haqqın bir təcəllisidir. Onun mövcudluğunu sırf yaradılışda olan, lakin Haqqa məxsus bir dəyərə bağlayırlar. Sadəcə olaraq, bu dəyər hamıda fərqlidir və bu dəyər fərqliliyi də yaradılışda fərqliliklərə səbəb olmuşdur. Bu səbəbdəndir ki, böyük Şərq mütəfəkkiri İbn Ərəbi öz əsərlərində yazır: “Yaradılış fərqli surətlərin bir aynada əksidirmi? Xeyr. Yaradılış bir surətin başqa-başqa aynalarda fərqli əks olunmasıdır”. Bu yanaşmaya görə, biz aynaya baxarkən prizmada aynaya baxanın surəti aynadakı surətə münasibətdə həqiqi olandır. Ona görə də kainatda Haqq bir olduğundan Surət bir, yaradılış çox olduğundan aynalar, yəni təcəlli mərkəzləri çoxdur. Hər ayna da öz tərkibinə görə Surətdən nəsə əks etdirmək qabiliyyətinə malikdir. Yəqin ki, Həqiqəti tapmaq üçün illüziyanı dəlib keçmək lazımdır. Bu illüziya pərdəsini dəlib keçməyin yeganə yolu elə həqiqətin özü ilə bağlıdır. Yəni insanın bu addımı atması üçün əvvəlcə özündəki Haqqdan olan həmin dəyəri kəşf etməsi lazımdır. Həmin kəşf prosesində illuziyanı həqiqət kimi göstərən bağları tanımalı və bir-bir kəsərək ondan qurtulmalıdır.
Əslində, insan vücudu özlüyündə onun üçün dünyanın ən yaxşı nümunəsidir. Sərhədləri olan, eyni zamanda insanı heyrətə salacaq dərəcədə nizam-intizamlı, özündə gözəlliklər daşıyan, sonra yox olub gedən bir nümunədir. Yaşadığımız dünya da özündə bu xüsusiyyətləri daşımırmı? İndi bu illüziya pərdəsini önümüzdən qaldıraq, vücudu bir kənara qoyub gözlə görə bilmədiyimiz, amma insanın əsasını təşkil edən ruha keçək. İnsanda kənar şəxslər tərəfindən gözlə müşahidə edilməsi mümkün olmayan hiss, xəyal, düşüncə – saymaqla bitməyən xüsusiyyətlər vardır. Onun zahirdə görünən gözü, qulağı, burnu görmə, eşitmə və iy bilməsinin əsas mahiyyətini təşkil etmir. Eyni zahiri əlamətlər heykəl və maketlərdə də olur. Əsas göz, burun, qulaq deyil, görmək, eşitmək, hiss etməkdir. Bu xüsusiyyətlərin orqanlar vasitəsilə həyata keçirilməsini təmin edən mürəkkəb və mükəmməl sistem yalnız sinir sistemi və beyin neyronlarından ibarət deyil; eyni zamanda gözə görünməyən, lakin bədənə bu imkanları bəxş edən ruhdan qaynaqlanır. Ruhun tərkibi, görünüşü, nə olduğu isə müəmmadır.
Tarix boyu bir çox insanlar onları digərlərindən fərqləndirən qabiliyyətlərə malik olmuş, bu xüsusiyyətlərə müxtəlif adlar verilmiş və həmin şəxslərə cəmiyyət tərəfindən fərqli münasibət göstərilmişdir. Bu baxışların həm müsbət, həm də mənfi nümunələri mövcuddur. Bu gün Nepalda, Hindistanda, Tibet dağlarının yüksəkliklərində və bir çox yerlərdə kahinlər, Zen buddist ustalar, müxtəlif dinləri təmsil edən topluluğun nümayəndələri var ki, onlarda fərqli güclərin mövcudluğu müşahidə edilir. Yaşantılarında müəyyən ritual, pəhriz, sükut saatları, müxtəlif zikr və meditasiyalar və s. üstünlük təşkil edir. Onlar hesab edirlər ki, gündəlik həyatın bir çox təlaşları insanı həqiqətə yönəlməkdən uzaqlaşdırır və bu qarışıqlıq onu həqiqətə yaxınlaşmaqdan məhrum edir. Bəziləri isə insanın toplum içərisində belə təkliyə çəkilməyinin mümkün olduğunu düşünür, tərkidünyalıqdan uzaq, cəmiyyət içərisində olsalar da, gündəlik həyatın təsirlərindən azad olaraq zehinlərini, qəlblərini və ruhlarını qorumaqla inzivaya çəkilməyin mümkün və daha faydalı olduğu qənaətinə gəlmişlər. Əslində, bir çox üstün bacarıq ruh və zehnin məhsuludur və onların hər biri insana doğuşdan bəxş edilmişdir. Lakin kimiləri bu qabiliyyətlərin aşkara çıxmasına şərait yaradan bir yaşayış tərzi seçmiş, bəziləri isə onları məhdudlaşdıran vərdişlər, qidalar və düşüncələrlə dolu bir yolu üstün tutmuşlar. Qeyri-adi görünən, günümüzdə də məşhurlaşmış astral səyahətlər, heç bir dəstək olmadan havada oturaqlı qalmaq, cismə uzaqdan təsir göstərmək, yüksək dərəcə şaxtada donmamaq, bir çox metafizik varlıqları müşahidə etmək, düşüncələri oxumaq və s. çox sayda qabiliyyətlər var ki, hər birinin bünövrəsi insan ruhunda var. Hər bir insan həmin qabiliyyətləri hərəkətə gətirəcək düsturu tapıb ona əməl edərsə, illüziya pərdəsini keçər, yeni mərhələdə yeni seyrlər edər. Amma maraqlısı budur ki, dünya illüziyasından kənara çıxmaq pərdələrin sonu deyil, növbətisidir. Sanki “illüziyadan çıxdım” dedikdə insan yeni pərdələnmiş məkana düşür. Bəlkə də, insanın seyr etdiklərinin aldanış, yoxsa gerçək olduğu şəxsin baxışı ilə ölçülməlidir. Seyr edilənin bir şəkli, görünüşü var, seyr edəndə olduğu kimi. Amma görünənin bir örtü olduğunu qəbul edib onun ruhuna, yəni həqiqətinə nəzər sala bilən birisi üçün illüziya adlandırdığımız bu görüntü, əslində, bir qapıdır və düzgün açılacağı təqdirdə həqiqətin seyrini təmin edəcək.
Əslində, insana ən böyük maneələri yaradan onun öz zehninin səsidir. O səs ki, heç vaxt susmur və insanı daim sorğuların, narahatlıqların və qayğıların əks-sədası kimi əhatə edir. Bu səbəbdən də həqiqət axtarışına çıxmış bir çox insan əvvəlcə zehnini idarə edə bilmək istiqamətində ciddi səylə çalışır, bilir ki, zehnin səsi susarsa, həqiqətdən xəbər verən səsi eşidəcək. Zehnin səsi mürəkkəb bir sistemdir, daim işlək vəziyyətdədir. Onu 30–40 saniyə susdurmaq 6–8 saat şirin yuxu yatıb dincəlməyin rahatlığını verir. Amma bu səssizlik baş tutmasa, insan nə qədər dincəlsə də, gözəl güzəranı olsa da, həyatdan zövq alması, özünü xoşbəxt hiss etməsi mümkün deyil. Əslində, insanın özündə olan ən böyük yalan, illüziya məhz onun zehin səsidir. Bir çox mütəfəkkirlər zehnin səsinə insan nəfsinin səsi demişlər. İnsan həmin səsi idarə edərsə, illüziyanı dağıdar, pərdəni yırtar və həqiqət istiqamətində ciddi bir səfərə başlayar. Bu səfər boyu səyyahın müşahidə etdiklərinin hər biri bir qiyafəyə bürünmüş, əslində isə həqiqəti təmsil edirlər. Elə səyyahla digər müşahidə edilənlərin ortaq nöqtəsi də məhz budur. Bunu anlaya bilən özünün də damlalardan bir damla və bütövlükdə bir dəryanın təzahürü olduğunu və həqiqət axtarışının mahiyyətinin həmin Dəryaya qovuşmaq olduğunu idrak edəcəkdir. Lakin bu yolda müşahidə edilən gözəllik, qeyri-adilik və heyrətamizliklərdə ilişib qalmamaq, onları yolun üstündə olan bir güzərgah kimi görüb keçib-getmək, vasitələri məqsədə, hədəfə çevirməmək də həqiqəti tapmış şəxslər tərəfindən bu yolun yolçularına tövsiyə edilmişdir.
Bütün yaradılışın mövcudluq təməlinin eyni mənbədən qaynaqlandığını, yalnız görüntülərin fərqləndiyini, lakin əsasda hamısının həmin mənbənin təcəllisi olduğunu nəzərə alsaq, belə qənaət yaranır: həqiqət birdir, digər varlıqlar isə bir olan həqiqətin təcəlliləridir.
Sonda müqəddəs kitabımız “Qurani-Kərim”dən bir örnək verilməsi yerinə düşər. “Qurani-Kərim”də bir çox ayələrdə Allah özündən başqa ilah olmadığını bəyan edir. Lakin “İxlas” surəsinin ilk ayəsində: “Qul huvəllahu əhəd”, – deyə buyurulur. Yəni: “De ki, O, Allah təkdir”, – deyir. Bu ayədəki məna digər tövhid ayələrindəki mənadan fərqlidir. Digər ayələrdə Allah özünün İlah olaraq təkliyini bəyan edirdisə, burada özünün tamamilə təkliyini bəyan edir. Yəni yalnız İlah olaraq deyil, ümumilikdə tək olduğunu və varlıq olaraq başqa mövcudiyyətin olmadığını bəyan edir. Bu ayədən də yola çıxdıqda özümüzə bir varlıq istinad etməyin deyil, özümüzü yeganə Məbudun təcəllisi olaraq görməyimizin bizi qurtuluşa aparacağı qənaəti yaranır. Yola çıxarkən yoldan çıxmamaq, yolda müşahidə edilənlərdə ilişib qalmamaq və mənzilə çatanlardan olmaq diləyi ilə.



