Xəbərlər

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur

26 Avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində silsilə tədbirlər keçirilir.

“Füyuzat” xəbər verir ki, tədbirdə doğma yurda qayıdan sakinlər, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edirlər.

Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb.

Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir.

Peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir.

Layihənin əsas hədəfləri mədəni irsimizin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.

Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərinə (“Dayanıqlı şəhərlər və icmalar”, “Məsuliyyətli istehlak və istehsal”, “İqlim üzrə fəaliyyət” istiqamətləri) də xidmət edir.

Şəhər Günü münasibətilə gün ərzində Laçının müxtəlif məkanlarında uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar da təşkil ediləcək.