Öz sahəsinin bilicisi kimi tanıdığımız insanlar haqqında “O bu işin əlifbasını bilir” ifadəsini eşidirik bəzən. Bəs dünyamızı yaşatmaq üçün sadəcə bu kifayətdirmi? Susmayan silah səsləri “yox” deyə cavab verir bizə. Amma yeni bir sual da yaradır düşüncəmizdə. Dünyanın xilaskarı kimlərdir? Kiçik sevinclərdən böyük xoşbəxtliklər yaratmağı bacaranlar – uşaqlar.
“Məni nə qədər çox istəyirsən?” – deyəndə balaca qollarını bacardığı qədər açaraq, – “Bu boyda”, – deyərək yazır sevgi əlifbasını. Bu əlifbanın hərfləri mürəkkəblə iz qoyan işarələrlə deyil, təmənnasız təbəssümlə, səmimiyyətlə yaranır. Onlar üçün axtarılanı tapmaq da sehrli ifadənin içində gizlənir: alma desəm, çıxarsan, armud desəm, çıxmazsan.
Bu sadə uşaqlıq oyunlarımızdan qalan ifadə, əslində, dünyanın axtardığı xoşbəxtliyin düsturudur. Böyüklər itirdikləri dincliyi, sülhü və xoşbəxtliyi min bir qəliz formulun, qalın kitabların, diplomatik masaların arxasında axtararkən uşaqlar onu sadəcə gizlənpaç oynadıqları bir divar küncündə, ağacın kölgəsində tapırlar. Çünki onların dünyasında “tapmaq” üçün mürəkkəb yollara ehtiyac yoxdur. Hər şey göründüyü qədər təmiz və bəsitdir.
Böyüklərin dünyası hərfləri birləşdirib qanunlar, sərhədlər və müqavilələr yazmaqla məşğuldur. Biz hər şeyi bilirik: iqtisadiyyatın əlifbasını, siyasətin qaydalarını, texnologiyanın dilini… Amma bu qədər çox şey bilməyimiz dünyanı xilas etməyə bəs etmir. Silah səslərinin boğduğu o fəryadların qarşısında bizim bütün “əlifbalarımız” aciz qalır. Çünki biz yaşamağın elmini öyrənərkən yaşamağın incə sənətini – sevməyi unuduruq.
Uşaqlar isə o sehrli ifadəni hər an yaşayırlar. “Alma” deyirlər və bütün gözəlliklər, ümidlər, saf duyğular üzə çıxır. Onların yazdığı əlifbada nifrətə, kinə, qərəzə yer yoxdur. Bir uşağın palçıqlı əlləri ilə çəkdiyi nizamsız xətlər böyüklərin qanla cızdığı imperiya xəritələrindən daha böyük bir həqiqəti pıçıldayır insana. Bəlkə də, elə buna görə dünya hər dəfə öz qaranlığına qərq olanda bizi o qaranlıqdan çıxaracaq xilaskarlar göydən enən qəhrəmanlar deyil, elə aramızda gəzən, qollarını yana açıb dünyanı qucaqlayan o balaca varlıqlardır. Onlar bizə hər gün gizlicə eyni şeyi xatırladır: dünyanı xilas etmək üçün balaca qolların arasına sığacaq qədər böyük, təmənnasız bir sevgiyə ehtiyac var.
Nə qədər ki gec deyil, böyüklərin o mürəkkəb, soyuq əlifbasını bir kənara qoyub uşaqların həmin saf ifadəsini dinləməliyik. Və bəlkə də, onda qəlbimizin dərinliklərində gizlənən o rəhmi, mərhəməti və insanlığı tapa bilərik. Bu dəfə uşaqları öyrədərək yox, uşaqlardan öyrənərək.
“Sıfırdan başlayaq, yoxdan doğulaq
Yuyunaq bakirə göz yaşlarında.
Sındıraq, dağıdaq təkəbbürləri
Əfv umaq bir körpə baxışlarından.
Gedək uşaqlardan sevmək öyrənək”.
Müəllif: Günel Natiqqızı
Qeyd: Yazıda Şahnaz Şahinin “Gedək uşaqlardan sevmək öyrənək” şeirindən istifadə olunub.



