I hissə
Təhsilin inkişaf fondu idarə heyətinin sədri Nicat Məmmədli ilə DAHA TV-də başladığımız “Daha Sərbəst” layihəsi çərçivəsində sonuncu video müzakirəmizi (2025) “milli kimlik” mövzusuna həsr etmişdik. Video sosial mediada yayıldıqdan sonra yaxın müddət əvvəl Xəzər Universitetində bərabər çalışdığım və hazırda İsveçin məşhur Uppsala universitetində olan Dos. Səidə Şərifova xanımdan mövzu ətrafında geniş email aldım. Mən də həmin tarixlərdə Milli İrsin Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun nəzdində fəaliyyət göstərən MİMTA nəşriyyatının direktoru Əsəd Aslanoğlu ilə birinci monoqrafiyamın Azərbaycan dilində ikinci nəşrinə dair redaktə məsələsini həll etmişdik və növbəti il üçün “kimlik” mövzusunda əsasən “Füyuzat” jurnalı və fuyuzat.az-da dərc edilmiş məqalə və esselerin toplusundan ibarət olan kitabın hazırlıqlarına başlamışdım. Səidə xanımdan ilk emaili aldıqda müzakirəmizin kitabda yer alacaq qədər genişləyəcəyini düşünməmişdim. Lakin zaman içində genişləyən yazışmalar ciddi bir akademik məqalə həcminə çatdı. Müzakirə etdiyimiz məsələlər və qarşılıqlı irəli sürülən arqumentləri nəzərə aldıqda bu yazışmaların kitaba daxil edilməli olduğuna qənəat gətirdik.
Oxucu kimliyə dair müzakirəmizdə milli kimliyi mümkün edən ana elementlərdən olan tarixin yeri ilə bağlı iki fərqli yanaşmanı oxumuş olacaq. Bizim bu müzakirədə irəli sürdüyümüz yanaşmamız Azərbaycanda da iki əsas yanaşmanı təmsil etməkdədir. Bu müzakirənin ana məqsədi Azərbaycan cəmiyyətində keçmişdən bu günə müzakirə edilməyə davam edən kimlik müzakirələrinə bir töhfə vermək ümididir.
Beləliklə, ilk dəfə müxtəlif sahədən (siyasi elmlər və genetika) olan iki Azərbaycanlı tədqiqatçının bir mövzuda müzakirəsi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəşr edilmiş olacaq. Dəyərli həmkarım Dos. Səidə Şərifovaya bu yazışmanı başlatdığı və yazışmaların nəşrinə razılıq verdiyi üçün xüsusi təşəkkür edirəm.
Dr. Səidə Şərifova – 7/11/2025
Salam, Orxan müəllim.
Ümid edirəm ki, səhhətiniz də, işləriniz də yaxşıdır. Təəssüf ki, yayda müəyyən problemlər səbəbindən sizinlə görüşmək mümkün olmadı. Əslində sizinlə milli kimliklə bağlı müzakirə etmək istədiyim bəzi məsələlər var idi.
Bir az öncə sizin və Nicat müəlimin milli kimliyin formalaşması ilə bağlı Aqşin Yeniseyin proqramındakı müzakirəni dinlədim və lap yerinə düşdü. Əvvəlcə təşəkkür və təbrik edirəm, həqiqətən maraqlı müzakirə idi. Xüsusilə, son zamanlarda çox maraqlandığım mövzu idi. Ümid edirəm, nə zamansa görüşüb daha geniş müzakirə edə biləcəyik. Xüsusilə də, milli kimliyin formalaşdırılmasında etnik kimliklə bağlı bəzi məqamların doğru istifadə olunmadığını, insanlar arasında bu barədə yalnış anlaşılmaların olduğunu və ümumən, zəngin tariximizi çox sadələşdirdiyimizi düşünürəm. Hətta bugün Təhsl TV-nin səhifəsində Atropatena ilə bağlı bir video paylaşıma aşağıdakı kimi bir rəy yazmışdım:
“Həqiqi tarix ilə “siyasi seçilmiş tarix” arasında çox vaxt fərq olur. Tarixin bəzi dövrlərində milli birlik yaratmaq və suverenliyi legitimləşdirmək üçün müəyyən məsələləri daha çox önə çəkmək lazım gəlir. Bu, dünya miqyasında geniş yayılmış bir fenomendir. Məsələn, Qədim Roma fəth etdiyi xalqlardan çox, Romalı kimliyini ön plana çıxarırdı. Eynilə də, bir çox Avropa dövlətlərinin tarixində də bənzər hallar baş verib. Lakin bəzən bu cür siyasi addımlar mürəkkəb reallıqları çox sadələşdirir və xalqın həqiqi köklərinin daha zəngin müxtəlifliyə malik olması faktlarının unudulmasına səbəb olur ki, bunun baş verməsinin qarşısını almaq, əsasən, tarixçilərin üzərinə düşür.
SSRİ-dən müstəqillik əldə etdikdən sonra (eləcə də 1918-də) Azərbaycanda türk kimliyinin vurğulanması milli birliyi gücləndirmək üçün qaçılmaz vacib və çox düzgün addım idi. Amma bu, daha qədim tarixi qatları kölgədə qoymaq lazımdır demək deyil və tarixçilərimiz bu məsələni tarix kitablarında xüsusi diqqətlə və incəliklə işləməlidir. Qafqaz Albaniyası, Atropatena və Midiyaya qədər gedən əcdad köklərimiz unudulmamalı, kitablarda düzgün və detallı şəkildə əks etdirilməlidir. Tarixi tam və düzgün şəkildə bilmək milli kimliyi zəiflətmir, əksinə tarixi davamlılığı və dayanıqlılığı göstərərək onu gücləndirir. Etnogenezin formalaşmasında rol oynayan qatların müxtəlifliyini bilmək və qəbul etmək mədəni zənginliyi artırır. Yalnız bir qatın həddindən artıq vurğulanması və digərlərinin gözardı edilməsi xalqın mürəkkəb mənşəyini sadələşdirir, sanki həmin xalq sadəcə son yüzilliklərdə formalaşıb, hazırda mövcud olduğu bölgə ilə bağlılığı olmayıb və bölgədə yeni və gəlmədir fikri formalaşdırır.
Bugünkü Azərbaycan xalqının formalaşmasında Qafqaz Albaniyası dövrünün yerli Qafqaz əhalisinin, Şimal-qərbi İran bölgəsi və Anadolu ilə əlaqəli qədim əhali qruplarının, eləcə də sonrakı türk komponentinin müxtəlif səviyyələrdə rolu olmuşdur. Türklərin bölgəyə gəlməsi ilə bu müxtəlif əhali qatları genetik, mədəni və linqvistik baxımdan qarşılıqlı təsirə girmiş, zamanla isə türk dili və türk kimliyi dominant sosial-mədəni çərçivəyə çevrilmişdir. Bunda qəbahətli, gizlədilməli və ya inkar edilməli heç nə yoxdur. Əksinə, bu, tariximizin mürəkkəbliyini və zənginliyini göstərir. Sadəcə bu proses düzgün və balanslı şəkildə təqdim edilməlidir ki, həm öz tariximizi daha yaxşı anlaya bilək, həm də bu mövzularla bağlı ortaya çıxan suallara daha əsaslı cavab verə bilək”.
Müzakirədə qeyd edildi ki, prezident çıxışlarından birində milli kimliyin formalaşmasında etnik və vətəndaşlıq kimliyinin eyni səviyyədə dəyərləndirilməsinin vacibliyindən danışıb. Məncə bu, təsadüfi deyil, xüsusi siyasi məna daşıyan bir vurğudur. Sonda Nicat müəllimin də buna müəyyən şəkildə işarə etdiyini düşündüm.
Hesab edirəm ki, biz müstəqillik dövründə və sonrakı mərhələlərdə üzləşdiyimiz siyasi və ictimai problemlərlə əlaqədar olaraq tarixi köklərimizlə bağlı məsələləri uzun müddət kölgədə saxlamışıq. Bəlkə də, bunun səbəblərindən biri odur ki, biz bəzən etnik kimliklə mənşəyimizi və tarixi köklərimizi qarışdırır, sonuncunu tamamilə unuduruq. Halbuki bunlar eyni anlayışlar deyil.
Sosial elmlərdə etnik kimlik daha çox sosial–mədəni anlayış hesab olunur və həmişə genetik və ya əcdad mənşəyi ilə üst-üstə düşmür. Etnik kimlik tarix boyu müxtəlif siyasi, sosial, mədəni və linqvistik proseslərin təsiri altında formalaşır və dəyişir. Bizdə isə bu anlayışlar bir-birinə qarışdırılır. Nəticədə insanlar bəzən müasir etnik kimliyi birbaşa keçmişə proyeksiya edir, əcdad mənşəyi, tarixi davamlılıq və etnogenez məsələlərinə isə daha az diqqət yetirirlər. Məncə bir çox anlaşılmazlıqların kökü də məhz buradadır və bəzi məsələlər aydınlaşdırılmalıdır.
Fikrimcə, biz indiyə qədər yalnız xalqımızı formalaşdıran türk mənşəli tarixi və mədəni qatımızı qabartmaqla (bəzi dövrlər üçün vacib idi) Qafqaz və Şimal–qərbi İran bölgəsi ilə əlaqəli zəngin qatlarımızı unutdurub, gözardı etmişik. Ona görə də düşmənlərimiz sosial şəbəkələrdə tez-tez “siz qədim xalq deyilsiniz və bu regiona sonradan gəlmisiniz” kimi iddialar irəli sürə bilirlər. Əsas səbəblərdən biri də tarixi davamlılığımızın kifayət qədər aydın və düzgün izah edilməməsidir. Əhalinin əsas bir hissəsinin Şimal–qərbi İran bölgəsi ilə əlaqəli yerli populyasiyalardan formalaşması fikri bəziləri üçün qəbuledilməz olsa da (xüsusilə son illərdəki münasibətlərə görə), mövcud elmi nəticələr bunu güclü şəkildə dəstəkləyir. Mövcud populyasiya–genetik tədqiqatları ümumilikdə göstərir ki, Orta Asiya komponentləri Azərbaycan əhalisinin (hətta Türkiyə əhalisinin) genetik tərkibində mövcuddur, lakin əsas komponent deyil. Yəni tədqiqatlar göstərir ki, Orta Asiyadan miqrasiya edən oğuz mənşəli qruplar həmin dövrdə Azərbaycan, Anadolu və ümumən İran yaylasında yaşayan yerli populyasiyanı əvəz etməyib (məhv və ya sürgün etməklə) və burada kütləvi əhali əvəzlənməsi modelindən danışmaq çətindir. Daha məntiqli izah budur ki, sayca yerli əhali ilə müqayisədə daha az olan türk mənşəli qruplar yerli populyasiyalarla qarışmış (admixture), eyni zamanda siyasi və hərbi üstünlük nəticəsində yerli əhalinin dilinin, bir neçə əsrlik dövrdə, türkləşməsi baş vermişdir. Başqa sözlə, bu proses demoqrafik əvəzetmə deyil, daha çox qarışma və linqvistik-mədəni transformasiya kimi izah olunur. Oxşar proses Anadolu türklərinin formalaşmasında da baş verib.
Populyasiya genetikası baxımından da əgər sonrakı dövrlərdə bölgəyə yeni və kütləvi gen axını baş vermirsə, ilkin qarışma nəticəsində yaranmış əsas əcdad komponentləri zamanla tamamilə yox olmur və kəskin şəkildə dəyişmir. Yəni, müəyyən lokal fərqlər, genetik drift və evlilik nümunələri təsir göstərə bilsə də, Orta Asiya mənşəli komponentin payının yalnız daxili evliliklər hesabına ciddi şəkildə artması gözlənilmir ki, bu öz təsdiqini tapır. Buna görə də X-XI əsrlərdən sonrakı türkləşmə prosesi yerli əhalinin tam demoqrafik əvəzlənməsi ilə yox, daha çox dil və siyasi hakimiyyətdəki dominantlıqla izah olunur.
Qısası, Azərbaycan əhalisinin əsas mənşəyi daha çox yerli Qafqaz və Şimal–qərbi İran bölgəsi (qismən də şərqi Anadolu) ilə əlaqəli populyasiyalardan gəlir. Sonrakı Orta Asiya komponenti isə bu formalaşmada mühüm rol oynayıb. Bu mövzu siyasi baxımdan həssas görünə bilər, lakin mövcud elmi nəticələr ümumilikdə bu istiqamətə işarə edir. Məncə, burada qəbahətli və ya gizlədilməli bir məqam da yoxdur. Əksinə, bu, tariximizin zənginliyini və çoxqatlılığını göstərir. Türklük isə bu gün Azərbaycan əhalisinin böyük hissəsinin mənimsədiyi sosial–mədəni etnik kimlikdir. Bu iki anlayışın, yəni bizləri formalaşdıran tarixi–mədəni qatlar və sosial–mədəni mənada etnik kimliyin bir–birinə zidd tutulmasına və ya birinin digərini istisna edən anlayışlar kimi təqdim olunmasına qarşı olmalıyıq. Hesab edirəm ki, bu məsələləri xüsusi həssaslıqla izah etməli və milli kimliyin formalaşdırılmasında düzgün istifadə etməliyik. Bu, nə türklüyü bəyənməmək, nə də hər hansı siyasi məqsədlə əlaqələndirilməlidir. Diqqət çəkməyə çalışdığım məqam odur ki, biz çoxqatlı formalaşmaya malik bir xalqıq və həm buna, həm də tariximizin bütün qatlarına hörmətlə yanaşmalıyıq və bu bizim zənginliyimizdir. Düşünmürəm ki, bu yanaşma mövcud milli kimliyimizi zəiflətsin. Əksinə, tarixi davamlılığımızı və bu torpaqlarla bağlılığımızı daha aydın göstərərək onu gücləndirər.
Prezidentin çıxışında səsləndirilən bu məqamın təsadüfi olmadığını və müəyyən istiqamət dəyişikliyinə işarə etdiyini düşündüm. Ümid edirəm ki, bundan müsbət şəkildə istifadə olunar. Amma qeyd etdiyim kimi bunun uğurlu olması üçün cəmiyyətin entogenez, etnik mənşə, milli kimlik və vətəndaşlıq kimliyi kimi anlayışların bir-birindən fərqləndirilməsi və düzgün istifadə olunması istiqamətində daha geniş şəkildə maarifləndirilməsinə ehtiyac var.
Uzun yazdım, üzrlü hesab edin. Sadəcə, son zamalar bu məsələlər diqqətimi çox cəlb edir.
Sizə uğurlar arzulayıram!
Hörmətlə, Səidə
Dr. Orxan Vəliyev – 8/11/25
Salam, Səidə xanım,
Ümid edirəm işləriniz və həyatınız qaydasındadır.
Kimliklə bağlı müzakirəmizə marağınız və email üçün təşəkkür edirəm.
Bəli, uzun yazmısınız, ancaq maraq və diqqətlə oxudum. Eyni maraq və diqqətlə də cavablandırmağa çalışacağam.
Bilirsiniz, Azərbaycan daxil olmaqla Sovet sistemində yaşamış türk respublikalarının tarixşünaslığı, əsasən, territorial əsasda aparılmışdır.[1] Bu yanaşma milli kimliyin ana elementi olan tarixə dair “etnie” əsaslı yanaşmadan daha çox həmin məkanda tarix ərzində mövcud olmuş mədəniyyətlərin hədəflənən kimlik çərçivəsində (bizim keysdə Azərbaycanlı) müəyyənləşdirilməsi deməkdir. SSRİ–nin 70 illik sovetləşdirmə siyasəti nəzərə alındıqda bu özünü tarixşünaslıqda da göstərmişdir. Beləliklə keçmişə dair yanaşma şaquli xətt üzrə davam etmiş və coğrafiyada mövcud olmuş bütün izlərin Azərbaycanlaşdırılması vəzifəsi əsas tutulmuşdur. Bununla belə Azərbaycan kimliyinin dominant əsası olan türklüyü var edən Səlcuqlulara dair yanaşma qeyri–müəyyən olmuşdur.
“Əcdad köklərimiz və yapımız” ifadələrini Midiya ilə əlaqələndirirsiniz. Halbuki bugünkü nöqteyi–nəzərdən baxıldıqda Manna, Midiya ilə bağlarımız daha çox coğrafi xarakter daşıyır. Əcdad bağı daha çox türklüklə bağlıdır. Belə olduğu üçün bayraq formalaşdırılarkən türklük birinci sırada özünə yer tapmışdır. Lakin əlbəttə coğrafiyada tarix boyu mövcud olmuş mədəniyyətləri öyrənmək də başqa bir məsələdir ki, dövlət bu məsələ ilə bağlı öz üzərinə düşəni edir.
Başlanğıcda qeyd etməliyəm ki, Azərbaycan kimliyinin irani və qafqaz ünsürləri ehtiva etməyi fikrinə qarşı olmadığım kimi bunu yox saymağın mümkün də olmadığını ifadə edirəm. Lakin arqumentasiyam ondan ibarətdir ki, məkana olan hakimiyyətimizin təməli etnie (türklük) üzərində inşa edilməlidir ki, dövlət də özünü “türk dövləti” olaraq elan etmişdir. Sizin emailinizdə qeyd etdiyiniz kimi milli birliyin, yaxud kimliyin güclənməsi üçün türklüyün siyasi, hüquqi, sosial, tarixi dominantlığının təminini nəzərə almaq lazımdır. Manna, Midiya tədqiqatı ərazi bütövlüyünü tamamlamış Azərbaycan tarixşünaslığının əsasını təşkil etməməlidir.
Əcdad bağının müəyyən edilməsi, əsasən, genetikadan daha çox siyasi məsələdir. Təxminən min ildir bizi bu coğrafiyada var edən[2] edən əsasən türklük olmuşdur. Beləliklə əsasən siyasi olduğunu düşündüyüm əcdad bağı yanaşması daha çox türklüklə əlaqələndiriləcəyi təqdirdə milli birliyin, kimliyin gücündən və davamlılığından bəhs etmək mümkün olacaqdır. Lakin əlbəttə coğrafiyada tarix boyu mövcud olmuş mədəniyyətləri öyrənmək də başqa bir məsələdir ki, dövlət bu məsələ ilə bağlı öz üzərinə düşəni edir.
Kəmiyyət baxımından rəqəmlər hansı istiqamətdədir açığı bilmirəm və heç maraqlanmamışam. Azərbaycanda etnik olaraq türklərin üstünlüyü məsələsinə baxışım fərqlidir. Türklərin Şərqdən Qərbə köçü tarixən davam etməkdə olan bir məsələdir. Lakin türklərin köçü bugün suriyalıların, əfqanların köçü ilə eyni olmamışdır. Bugünkü hərbi, siyasi terminologiya ilə ifadə etsək, oğuz zabitlərinin seçimi ilə türklər ilkin olaraq Azərbaycan platformasında məskən tutmuş, sonra isə Anadolu və Balkan isqamətində hərəkət emtişdir. Bu hərəkat Səlcuqlu, Osmanlı, Səfəvi. kimi dövlətlərin yaranmasına gətirib çıxarmışdır.
Razılaşmadığım başqa nüanslar da var. İcazənizlə həmin hissələri təhlil edərək cavabımı tamamlamaq niyyətindəyəm.
Gedən proses nəticəsində iranlı etnik mənsubiyyətimizi unudub, Atropatena, Midiya köklərimizi dandığımızı iddiaı edirsiniz. Bildiyiniz kimi tarixçilər bu məsələdə iki cəbhəyə ayrılmışdır. Birinci qrup tarixi sizin nəzərdə tutduğunuz kimi İran, Atropatena, Manna, Midiya mənşəyindən başladır. İkinci qrup isə tarixi tamamilə saf türklük üzərinə bina etməkdə israr edir. Mənim mövqeyim isə daha çox ortada və siyasi tərəfi anlamaq və şərhə üstünlük verir. Çünki insan və cəmiyyət həyatında baş verən bütün hadisələrin hərəkətverici gücü və motivi siyasi olur. Misal üçün, Türkiyə Respublikası Prezidenti Ərdoğanın uzun on illiklərdən sonra Ayasofianın statusunda etdiyi dəyişlik dini olmaqdan daha çox siyasi idi. Beləliklə mənim Azərbaycanda kimliyin mənşəyinə dair mövcud ikilikdəki mövqeyimin motivi və rəngi bu səpkidədir.
Bildiyiniz kimi müasir dövr Azərbaycan tarixinə dair siyasi–hüquqi müəyyən etmə gücü Çarizm və sovet konteksində rusların hegemoniyasında olmuşdur. Bu özünü Gəncədə böyük erməni kilsəsinin inşasında, Bakıda isə indiki İcra Hakimiyyəti binasının qənşərində böyük bir kilsənin inşası şəklində (hazırda mövcud deyil) göstərmişdir.
Belə olan halda kimliyə dair tarix qavrayışının nə dərəcə müstəqil olduğu şübhəli olaraq qalır. Burada sizinlə razılaşmadığımız xüsus iranlılığın Azərbaycan kimliyinin əsas parçası olması, türklüyün isə əsas olmaması məsələsidir. Əks halda Azərbaycan kimliyində irani ünsürün varlığının inkarını iddia etmirəm ki, mümkün də deyildir. Bütün kimliklər özündə müxtəlif ünsürlərin toplamından ibarətdir. Sadəcə məsələ burasındadır ki, Azərbaycanlılar hansı anlayış(lar)ın ətrafında toplanıb digərlərini birləşdirəcək sualına cavab vermək lazımdır. Anacaq cavab bəllidir: Azərbaycanlılıq. Azərbaycançılıq yaxud Azərbaycan kimliyinin gücü və müstəqilliyi isə siyasi və hüquqi baxımdan türklüyün dominantlığını ehtiva etməlidir.
Atropatena, Albaniya kimi dövlətlərin tarixşünaslığa daxil edilməsinin strateji əhəmiyyəti vurğulansa bunu anlaya bilərəm. Lakin “biz” anlayışını birbaşa türklüyü nəzərdən qaçırmaq bahasına Atropatena, Midiya vs. çərçivəsində qurulmasının doğru olmadığı qənaətindəyəm.
Qaldı ki, türk elə mənəm. Azərbaycanlı isə siyasi və hüquqi nöqteyi çərçivədə ortaq qərarla formalaşan kimliyimdir. Bu kimliyin davamlılığı və gücü türklüyün mərkəzdə özünə yer tapıb tapmamasına bağlıdır. Qarabağ zəfəri də həmin tezisi haqlı çıxarmışdır.
Genetik məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu məsələ məni elə də maraqlandırmır. Genetikayla nəyisə həll etməyin mümkün olmadığını Alman faşizmi ilə ağır bir şəkildə öyrəndik. Kimliklə bağlı mülahizələrim əsasən siyasi (siyasət elmi) çərçivə ilə məhduddur. Bu yanaşma özündə fəlsəfi və tarixi mühakiməni də ehtiva edir.
Münaqişədən sonra Azərbaycanda millətçilik və tarixşünaslığa dair siyasətin transformasiyası ilə bağlı “University of Malaya” dövlət proqramı ilə sosiologiya üzrə doktorantura təhsili alan Elçin Hüseynovla bir məqaləmiz[3] də nəşr edildi. Tədqiqat bizə son təhlildə milli kimliyin siyasi və hüquqi nöqteyi nəzərdən coğrafi sifətini (Azərbaycanlı) mühafizə edəcəyini ancaq kimliyin davamlılığı və güclülüyü üçün türklük mərkəzli milli kimliyin şərt olduğunu göstərdi.
Azərbaycan milli kimliyinin əsasını aşağıdakı kimi formulə etmək olar:
- Türklük
- İslam
- Digər (buraya dövrün şərtlərini yaxalamaqla [müasirliklə] yanaşı coğrafiyanın gətirdiklərini “qafqaz” və “irani” ünsürləri də daxil etmək olar)
Hörmətlə, Orxan
Dr. Səidə Şərifova – 8/11/25
Təşəkkür edirəm, Orxan müəllim.
Cavabınız siyasi cavabdır. Həqiqətən də bu məsələlər mürəkkəb və həssas məsələlərdir. Xüsusilə, “əsgər hansı istiqamətə yönəlirsə dövlət o formada formalaşır” fikri çox doğrudur. Məhz, türklərin miqrasiyasından sonra yerli əhalinin bir neçə əsr müddətində lingvistik olaraq türkləşməsinin də səbəbi olaraq türklərin “elite warriors” olması göstərilir. Bu onlara orduda üstünlük və strateji təşkilatlanma kimi üstünlüklər verib ki, bu da tədricən siyasi hakimiyyətə çevrilmiş və yerli əhalinin mədəniyyətinə və dilinə böyük təsir göstərmişdir.
Mən də Azərbaycanlılığın siyasi və vətəndaşlıq kimliyi kimi hamımızı birləşdirən əsas çərçivə olduğu ilə razıyam və hətta bunun ciddi dəstəkçisiyəm. Eyni zamanda, türklüyün bu kimliyin formalaşmasında və xüsusilə müasir dövrdə mühüm rol oynadığını da qəbul edirəm. Məqsədim heç bir halda türklüyün rolunu azaltmaq deyil. Mənim vurğulamaq istədiyim məqam daha çox siyasi kimlik, sosial-mədəni və etnik–tarixi mənşənin fərqli anlayışlar olması və milli kimliyin formalaşdırılmasında etnik qatların daha həssas formada istifadə edilməsinin vacibliyidir. Bəli, Azərbaycanlılıq siyasi və hüquqi kimlik kimi vahid və birləşdirici rol oynayır. Lakin bu, xalqımızın formalaşmasında iştirak etmiş müxtəlif tarixi və etnik qatların qəbul edilməsinə və öyrənilməsinə mane olmamalıdır. “Narrativ ancaq türklük üzərinə bina edilə bilər” və “Bu kimliyin davamlılığı və gücü türklüyün mərkəzdə özünə yer tapıb tapmamasına bağlıdır” fikrinizlə razı deyiləm. Türkiyənin son zamanlarda bununla bağlı üzləşdiyi problemləri bilirsiniz. Yəni bu ikimizin də dəstəklədiyimiz Azərbaycanlılıq ideyasına uyğun deyil.
Əcdad bağı daha çox türklüklə bağlıdır fikrinizlə razılaşmıram. Türklük bizdə güclü əcdad bağı yox, güclü sosial–mədəni kimlikdir. Çünki tipik Azərbaycanlı genetik profili, əvvəlki məktubda da qeyd etdiyim kimi, əsasən Qafqaz, Şimal–qərbi İran, Anadolu və daha az miqdarda Orta Asiya komponentlərinin qarışığından ibarətdir. Elmdə bu bölgənin qədim yerli populyasiyaları əsasən Qafqaz ovçu–toplayıcıları, Zaqros mənşəli Neolitik İran (şimal və şimal qərbi) əhalisi və Neolitik Anadolu fermer populyasiyalarının qarışığı hesab olunur. Orta Asiya komponentləri isə birinci minillikdən etibarən bölgəyə daxil olmağa başlamış, XII əsrdən sonra isə (Oğuz türklərinin miqrasiyası ilə) daha nəzərəçarpacaq olmuşdur.
Amma “biz” anlayışını, qeyd etdiyiniz kimi türklük amilini nəzərdən qaçırmaq bahasına yalnız Atropatena, Midiya və s. çərçivəsində qurmaq ideyasını da dəstəkləmirəm. Eyni zamanda, müasir Azərbaycan dövlətinin və ya xalqının Midiya, Atropatena və ya Qafqaz Albaniyasının birbaşa siyasi davamı olduğunu da iddia etmirəm, çünki bu günə qədər çox mürəkkəb tarixi, demoqrafik və mədəni proseslər baş verib. Sadəcə hesab edirəm ki, bugünkü Azərbaycan əhalisinin formalaşmasında rol oynamış müxtəlif tarixi toplumların düzgün və obyektiv şəkildə təqdim edilməsi vacibdir. Mənim fikrimcə, bu yanaşma nə Azərbaycanlılıq kimliyini, nə də türklüyü zəiflədir. Əksinə, xalqımızın tarixinin daha dərin, çoxqatlı və zəngin olduğunu göstərir.
Ümumilikdə isə mən genetikanı heç vaxt siyasi legitimlik və ya kimlik müəyyənləşdirmə vasitəsi kimi görmürəm. Əksinə, populyasiya genetikası göstərir ki, demək olar bütün xalqlar müxtəlif mənşələrin qarışığından formalaşıb və “saf” etnik mənşə (əcdad, kök) anlayışı elmi baxımdan real deyil. Mənim üçün genetikanın maraqlı tərəfi insanların və xalqların tarix boyu necə qarşılıqlı təsir göstərdiyini anlamaqdır. Məhz buna görə düşünürəm ki, Azərbaycan xalqının gücü tək bir tarixi qatında deyil, onun çoxqatlı formalaşma tarixindədir. Türklük bu tarixin ayrılmaz və mühüm hissəsidir, lakin yeganə hissəsi deyil. Mənim narahatlığım digər tarixi qatların kölgədə qalması və etnik yapımızın məhdud çərçivəyə salınmasıdır. Halbuki onların da düzgün təqdim olunması milli kimliyimizi zəiflətməz, əksinə, ona daha möhkəm tarixi dayaq qazandırar.
Sizə tədqiqatlarınızda uğurlar arzulayıram.
Hörmətlə, Səidə Ş.
[1] Türk tədqiqatçı Turhan Dilmaç Sovet dövründə kimlik (tarix) inşasını Özbəkistan çərçivəsində tədqiq etmişdir. Ətraflı bax., Dilmaç, T. (2019). Özbekistan’da Ulus Kimlik-Dış Politika İlişkisi. İstanbul: Ötüken Neşriyat. s. .
[2] Türklərin istər Azərbaycan istərsə də Anadoludakı varlığına dair Hunlardan, hətta daha qədimə getdiyi iddia edilən araşdırmalar tarixçilər tərəfindən irəli sürülmüşdür. Lakin bu həm bizim mövzudan kənar olduğundan həm də biz tarixçi olmadığımızdan bu mövzunu kənar tuturam.
[3] Ətraflı bax., Valiyev, O. və Hüseynov, E. “Post-Conflict Transformation In Azerbaijan: Rethinking The Politics Of Nationalism And Rewriting History”, 7(4), 2025, 393-408. https://dergipark.org.tr/en/pub/erj/issue/95425/1813982



