Xəbərlər

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsi bizim üçün son dərəcə mühüm və dəyərlidir. Dost və qardaş Azərbaycan torpaqlarında bir daha olmaqdan böyük məmnunluq duyuruq.

“Füyuzat” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, dövr etibarilə dünyanın bu qədər böyük çalxantılar yaşadığı, böyük təlatümlərdən keçdiyi bir prosesdə İslam dünyasının vəziyyəti həqiqətən son dərəcə mühümdür: “Mən şəxsən dünyadakı proseslərin İslam dünyasının qarşısına qızıl imkanlar çıxardığını düşünürəm. Köhnə sistem dağıldı. Artıq o köhnə sistemin geri qayıtması mümkün deyil. Təkqütblü bir dünya sisteminin olması mümkün deyil. Heç bir ölkənin, heç bir regionun təkbaşına dünyanı idarə etməsi mümkün deyil. Yeni bir dövr başlayır. Burada tamamilə yeni mərkəzlər meydana gələcək. Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq. Burada İslam dünyası həqiqətən böyük bir potensiala malikdir, çox mühüm imkanları olan bir regiondur”, – deyə TBMM-in sədri qeyd edib.

N.Kurtulmuş qeyd edib ki, həm institusional, həm siyasi, həm də ideoloji mənada yeni bir islahat prosesinə ehtiyac var. İmkanlarımızı ortaq strategiyalar və layihələr halına gətirərək, önümüzdəki dövrdə İslam coğrafiyası dünyanın yüksələn ulduzlarından biri ola bilər. Bundan istifadə etmək hamımızın xeyrinədir.