Xəbərlər

“II Türkman İrsi: Vətəndaş Cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “II Türkman İrsi: Vətəndaş Cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib.

“Füyuzat”ın məlumatına görə, yüksək səviyyədə təşkil olunan tədbir, türk dünyasının zəngin mədəni köklərini, tarixi yaddaşını qorumaq və vətəndaş cəmiyyəti institutları arasında inteqrasiyanı gücləndirmək məqsədi daşıyıb. Forumda dövlət rəsmiləri, tanınmış elm xadimləri, ictimai sektorun fəalları ilə yanaşı, Milli İrsin Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov da iştirak edib.

Rəsmi hissədə çıxış edən natiqlər, ortaq türk mədəniyyətinin yaşadılması və təbliği istiqamətində vətəndaş cəmiyyətinin həmrəylik nümayiş etdirməsinin xüsusi önəmini vurğulayıblar. Tədbir çərçivəsində türkman irsinin elmi, tarixi və mədəni aspektlərdən araşdırılmasına dair geniş məruzələr dinlənilib, bu zəngin irsin beynəlxalq müstəvidə tanıdılması və gələcək nəsillərə obyektiv şəkildə ötürülməsi yolları geniş müzakirə edilib. Forum iştirakçıları tərəfindən mədəni irsin qorunması sahəsində fərqli təşkilatların imkanlarının birləşdirilməsi və birgə fəaliyyət mexanizmlərinin qurulması təklif olunub.

Qeyd edək ki, Milli İrsin Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu Türk Birliyinin mədəni, elmi və intellektual bağlarının yenidən canlandırılması istiqamətində çoxşaxəli və irimiqyaslı fəaliyyət coğrafiyasına malikdir. Fond ortaq türk təfəkkürünün, milli məfkurə və maarifçilik ideallarının rəmzinə çevrilmiş tarixi “Füyuzat” jurnalının, eləcə də Şərq aləmində qadın mətbuatının, xüsusilə Azərbaycan xanımlarının intellektual oyanışının ilk tribunalarından olan “İşıq” jurnalının nəşrini bu gün də yüksək polifrafik və akademik səviyyədə davam etdirir. Eyni zamanda, Fond türk xalqlarının ortaq tarixi yaddaşını bərpa etmək məqsədilə əski əlifbada ərsəyə gəlmiş, arxivlərdə qalan unikal klassik mənbələri, ədəbi, fəlsəfi və elmi irsi əhatəli şəkildə araşdırır. Bu nadir materiallar fondun mütəxəssisləri tərəfindən yüksək dəqiqliklə transliterasiya edilir, müasir əlifbaya köçürülür, geniş şərhlərlə kütləvi tirajla nəşr olunaraq oxucuların və tədqiqatçıların ixtiyarına verilir. MİMTA-nın reallaşdırdığı bu fundamental layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının yazılı irsinin qorunmasına, coğrafiyalararası mənəvi inteqrasiyanın dərinləşməsinə və zəngin elmi qaynaqların gələcək nəsillərə bütöv, təhrifsiz şəkildə ötürülməsinə misilsiz tarixi xidmət göstərir.

Bu qəbildən olan irimiqyaslı layihələr regional mədəni bağların bərpasına və vətəndaş cəmiyyətlərinin ümumi inteqrasiya prosesinə çox ciddi bir təkan verir. Görüşün yekununda müxtəlif QHT-lər və araşdırma mərkəzləri arasında gələcək əməkdaşlıq perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.