Təqaüddə olantanınmış həkim-cərrah, publisist, şair, keçmiş SSRİ və AYB-nin üzvü Ramiz Mövsüm oğlu Əliyevə ithaf olunur
I
Gənclik gözəldir… Həm də, umduğundan daha çox! Hər şeyi bacaracağına olan inamına sarılıb, irəli, lap elə, üfüqlərdən də o yana baxa bilirdi. Uğur, nailiyyət, arzuların qönçə ömrünün əbədiliyinə olan inam, ümidlərin həmişəyaşıllığı – bütün bunlar bircə ovuc sərçə dəni kimiydi “ömür” dediyinin sinəsində… Və sərçələr təqvimlər idi…
1967-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirəndə də özünü dünyaya borclu sanırdı Ramiz Əliyev, Dəvəçi rayonuna cərrah təyin ediləndə də… Hələ rayonun birinci katibi Qabil Səmədovun göstərişilə yeni tikilmiş binada üçotaqlı mənzillə təmin edilməsi… Bu, kainatın onun tərəfində olduğunun işarətindən başqa nə ola bilərdi ki?! Bu düşüncələr ruhunu çulğaladıqca sevinirdi… Elə çox sevinirdi ki, az qalırdı, qollarını aça, kainatabu sevincin bütün hüceyrələrinədəkgülüş yaydığını müjdələyə…Di gəl, sakit görünürdü, çox sakit. Təbiətin sirriydi: daim hərəkətdə olsa da, ətalət libasına bürünüb, mistikasını qorumaq…
Evinə telefon çəkilməyi də sevindirdi onu. Nə də olsa, bu dövrdə telefon “həyat dəbi”ndən başqa peşəsi ilə bağlı vacib idi. Sabahdan işə çıxasıydı deyə, bu gün erkəndən yatmağı düşündü. Yuxusu hardasa azmışdı, nə illah edirdisə, nə onu tapa bilirdi, nə də ona təslim edə bilirdi özünü. Kitab oxudu, arada durub pəncərədən qaranlığı, bu qaranlığın bağrında kösöv kimi işaran, işığı yanılı pəncərələri seyr etdi… Bir dəfə də, pəncərəyə yaxınlaşanda qaranlığın aydınlığın içində əridiyini gördü. İlk iş günü başlayırdı.
***
Cərrah Ağayev Məhəmməd infarkt keçirdikdən sonra yataq xəstəsi idi. Amma Ramiz Əliyevin işi təkcə cərrahlıq deyildi. Rayon xəstəxanasında insanların travmatoloqa, uroloqa, mama–ginekoloqa da ehtiyacları vardı və o, bildiklərini, öyrəndiklərini insanlardan əsirgəyə biləcək ürəyə sahib deyildi. İnsanlar və dərdləri, çarəsizlikləri, can xofu, xəstəliklərindən utanmaqları, dünyaya gələcək körpələrlə bağlı anaların nigaranlıqları, yaxud yeni doğulan körpələrin qığıltısı, hıçqırığı, hikkəsi-hamısı onun həyat təqvimində al–əlvan rəqəmlərə dönür, tezcə də rəqəmləri itələyir, özləri onların yerinə keçirdi. İndi o, təqvimlərə ayın-günü neçəsidi deyə baxmırdı; “Bu gün də oyandım və bu gün də insanlara lazımam” düşüncəsiylə baxırdı.
Arvadı işiylə əlaqədar olaraq, rayona yalnız bayramdan-bayrama gələ bilirdi; əgər o, özü Bakının yolunu tutmasaydı. Bununla belə, üçotaqlı evdə təkliyini hiss etdiyi məqamlar çox az olurdu. Çünki hər gün tanıdığı, dərdlərinə ortaq, çox zaman da çarə olduğu insanlar daim zehninin içindəydilər. Və bu insanlar elə mehriban, qayğıkeş, hörmət-izzət bilən idilər ki!
Rayon səviyyəli tədbirlərin birində birinci katib Qabil Səmədov gülərək, demişdi:
– Ay Ramiz həkim, sizi yaman çox sevirlər ha rayonda! Harda oluramsa, sizdən danışırlar, heç mənim adımı çəkən yoxdur. İkimiz də, bu rayona gəlməyik, amma siz məndən hörmətlisiniz!
Gülümsəmişdi…Birinci katibin səmimiyyətinə də, özünün rayon camaatı tərəfindən rəğbət gördüyünə də şübhəsi yox idi.
***
Üç ilə çatırdı ki, Dəvəçi rayonundaydı. Təqvim 1970–ci ilin 11 yanvarını göstərirdi, o, uzaqdan görünən yastı təpələrin geyindiyi ağ kürkə, bu kürkün yaxasına düymə olan ağacların, kolların qaraltısına baxırdı. Ramiz həkim evdə idi. “Cərrahiyyə” jurnalının son nömrəsini vərəqləyir, arabir də, təzədəm çayından udumlayırdı. Birdən qapının döyüldüyünü eşitdi. Kim idisə, təntimişə oxşayırdı, əlini bir hovur da havada saxlamırdı.
– Həkim, tez ol, tez ol! Gedək! Təcili yardım Surra kəndindən Malik kişinin qızını ölümcül vəziyyətdə gətiribdi.–Sürücü Kamil təngnəfəs halda üyüdüb–tökdü.
Sürücü Kamil adətən, yol–iz gözləyən, nəzakətli, sakit təbiətli adam idi. Belə həyəcanlanmışdısa, demək, vəziyyət ciddi idi. Ramiz həkim tələsik paltosunu asılqandan götürdü, ayaqqabılarını geyinmək üçün dabankeş axtarmağa vaxt sərf etmədən, bir tayını dəhlizdə ayağına keçirdi, digərini isə dabanını basdalayıb bayırda geyindi. İkinci mərtəbədən həyətə enib, cəld maşına mindi.
Xəstəxananın giriş qapısının ağzında təcili tibbi yardım məntəqəsinin qocaman həkimi Əbülfəz Həsənzadə ilə rastlaşdı. Həsənzadə hövlnak dedi:
– Həkim Əliyev, xəstə doqquz yaşlı qız uşağıdır… – Kədərlə başını buladı və əlavə etdi: – Vəziyyəti çox ağırdır!
– Xəstə hardadır? – Əliyev qapıdan içəri girərkən soruşdu.
Əbülfəz həkim qolundan dartdı:
– Maşında! Maşında! Hava soyuq olduğundan, onu maşından düşürtməmişik, xərəkdədir.
Dayandı… Qayıdıb, qapıdan eşiyə çıxdı və giriş qapısının üç metrliyində dayanan təcili yardım maşınına baxdı. Bilmədi niyə, maşın gözünə bomboz, siluet kimi göründü. Dili–dodağı təpimişdi, amma özünü itirməyə, bircə saniyə belə, gecikməyə haqqı olmadığını dərk edirdi. O, həkim idi; insan həyatına dünyadakı hər şeydən çox dəyər verəcəyinə dair and içmişdi. Anidən uca səslə dedi:
– Maşından düşürün və içəri gətirin! – Üzünü çevirdi və xəstəxanaya girdi.
…Qızcığaz o qədər arıq idi ki, elə bil, əlini uzatsa, birbaşa sümüklərinə toxunacaqdı. Solğun yanaqlarında göz yaşlarının izi vardı. Bu yaşlar, bəlkə də, qurumamışdı heç, ordaydılar, amma cansız olduqlarından gözə dəymirdilər. Çit donunun qolları çırmalanmış, qamış naziklikdəki qolları yanına sallanmışdı. Qarnında ortası qıpqırmızı, kənarları açıq–yaşıl bir mələfə vardı. Qırmızılıq, elə bil, sönmək istəməyən kəsöv közərtisiydi.
Əbülfəz həkimin səsi Əliyevin ruhundakı uçurumda əks–səda verəndə, yuxudan ayıldı, sanki. O, deyirdi:
– Komada yaşayırlar bunlar, Əliyev. Kasıb, fağır ailədirlər. Qardaşının əlində ov tüfəngi açılıb. Bilmədən… Və gördüyünüz bu qanlı–qadalı faciə baş verib.
Cərrah əlcəklərini, maskasını, papağını taxdı və dərindən nəfəs alaraq, əllərini qızcığaza doğru uzatdı. Uşaq çox qan itirmişdi, rəngi anbaan daha da ağarırdı. Nəbzi hiss olunmurdu. Göz bəbəkləri genəlmişdi. Dodaqları və dırnaqları göyərmişdi. Bədəninin dərisi qanitirdiyindən ağarmışdı… O, sanki cansız müqəvva idi. Qulağını dodaqlarına yaxınlaşdırdıqda eşitdiyi, yalnız, Çeyn–Stoks tənəffüsü idi… Qızcığaz can verirdi; bunu anlayırdı, məntiqlə qəbul edirdi. Di gəl, ruhuna bunu anlatmağa kainatın da gücü yetmirdi bu anlarda. Açıq-yaşıl mələfənin qırmızıya boyandığı yerdən yapışanda ətrafın-dakılar səs-səsə verdilər:
– Həkim Əliyev, nolar, dəyməyin!
– Qoyun rahat can versin!
– Onu elə incitməyin, həkim…
Soyuqqanlılığını qorumağa cəhd edən yalnız Əbülfəz həkim idi ki, o da bu gücü təcrübəsindən alırdı. Soruşdu:
– Həkim Əliyev, fikriniz nədir?
– Səbirli olun, xahiş edirəm.
Bilmədi ki, bu sözü ona deyir, yoxsa özünə, amma danışmasa, boğazındakı düyünün onu boğacağını hiss edirdi: – Sarğını da açım, yaranın ağırlıq dərəcəsini yoxlayıb, sonra son qərarımı verəcəyəm.
Yaranın sarğısını açanda dəhşətə gəldi. Qarının ön divarında, böyük ölçülü yaranın içində deşilmiş bağırsaq ilgəkləri və qançır olmuş bağırsaq müsariqələri aydınca görünürdü. Üstəlik, içəridən yaranın səthinə qan sızmaqda davam edirdi. Gördüyü mənzərə ona deyirdi: “Bu, 9 yaşlı zəif, cılız uşaq üçün çox ağır yaradır… Onun geri dönməyə cığır ümidi də qalmayıb.”
Üstünə elə bir ağırlıq çökdü ki, altında qalıb əzilməmək üçün ümidlərinə həyan axtardı. Axtardığını Əbülfəz həkimin bəbəklərində tapdı; əlacında olsa, bu qocaman həkim canından, ömründən pay ayırar, balaca qızın taleyinə pərçimləyərdi.
– Nə qərara gəldiniz? – Əbülfəz həkim ehtiyatla soruşdu.
– Tərəddüd etdiyimi gizlətməyə lüzum görmürəm. Nəyəsə nail ola bilməmək qorxusunu gözardı etmək olmaz.
Özü də bilmədi ki, o gərgin anlarda bu cür rəsmi, quru danışmağı necə bacardı.
– Adı Səyyarədir – Tibb bacılarından biri dedi və içini çəkə–çəkə ağlamağa başladı.
– İstəmirəm qarğış yiyəsi olum… – Artıq ümidsizliyin önündə boynunu bükməyə başlamışdı.
Əbülfəz həkim əlini onun çiyninə qoyub, düz gözlərinin içinə baxaraq, dedi:
– Hamımız bilirik ki, ümidsiz xəstədir. Siz əlinizdən gələni edin, onu əməliyyat masasına yatırın, içini–içalatını yuyub, təmizləyin. Heç olmasa, kəfəni təmiz olsun. Qorxmayın, “can yiyəsinin” siz deyil, “O” olduğunu bilməyən varmı?! – Barmağını yuxarı tuşladı və susdu.
Əliyev qeyri–ixtiyari başını yuxarı qaldırdı; cərrahiyyə otağınınaçıq mavi tavanında süd bəyazlığında kölgələr oynaşırdı. İlk dəfə idi ki, qara-boz deyil, bəmbəyaz kölgələr görürdü. Əbülfəz həkim yenidən sözə başlamışdı:
– Bəlkə, Allahın ona rəhmi gələcək…Sözsüz ki, Allahın dərgahında ölüm haqdır, heç kim ondan qaça bilməz!
– Əməlliyata başlayırıq! – Əliyev baş tibb bacısı Ziba Mahmudovaya dedi.
Köməkçiləri Arif Xəlilov, Rəşid Vasifov, sanki, elə bunu gözləyirdilər. Əməliyyat başladı… İlk addım ümumi keyləşdirmənin həyata keçirilməsi idi. Sonra Əliyev sağ əlini qarın boşluğuna saldı, bağırsaq ilgəklərini bayıra çıxartdı, gözəyarı qarın boşluğunu təftiş etdi. Qırmalar mədəni və qaraciyəri bir neçə yerdən deşmişdi, qan axırdı. Dərhal yaraları tikdi, qanaxmanı saxladı. Nazik bağırsaq ilgəkləri çox yerdən dəlmə–deşik olmuşdu; Əliyev onları bircə–bircə tikdi. Nazik bağırsağın parçalanıb dağılmış bir neçə ilgəyini rezeksiya edib, çıxartdı. Bağırsaqların keçiriciliyini tam bərpa etdi. Qarın boşluğuna tökülmüş bağırsaq möhtəviyyatı, qan yığıntısı sorucu ilə soruldu, qarın boşluğu yaxşı-yaxşı yuyuldu. Bununla belə, qarın boşluğundakı bütün qırmaları təmizləmək mümkün olmadı. Əliyevin ürək rahatlığı bircə ondanqaynaqlanırdı ki, içəridə qalacaq olan qırmalar inkapulyasiya olunaraq həyati təhlükə yaratmayacaqdılar. Yaranın ağzı çox böyük olduğundan, qarın boşluğunu tam bağlamaq da bu an üçün mümkün deyildi. Bağırsaq ilgəklərinin bayıra çıxmaması – eventerasiya baş verməməsi üçün sarğının üstünə balaca bir yastıq qoyaraq bağlamaqdan başqa çarə yox idi…
Əməliyyat bitmişdi. Kimsə Əliyevdən soruşsaydı ki: “Əməliyyat uğurlu keçib?”, o, ilk dəfə bu sualın qarşısında aciz qalardı. Nə “hə” deməyə ürək eləyərdi, nə də “yox”… Gözlərini Səyyarənin cılız bədənindən çəkmədən, bir neçə saat orda eləcə dayandı və zaman–məkan məfhumunu itirdiyini dərk edəndə, səksəndi. Keçən səssiz saatlar ərzində qızda heç bir həyat əlaməti gözə dəyməmişdi. Sanki, uşaq canüstəydi, amma canını tapşıra bilmirdi. Əliyev öz əllərinə baxdı… Əlcəkləri nə vaxt çıxartdığını,yuyunub-təmizləndiyini xatırlamırdı, amma gördükləri ona bütün bunları etdiyini deyirdi. Yaxşı, əgər o, burdan – Səyyarənin yatağının ayrılmışdısa, niyə ona elə gəlirdi ki, min ildir, qızcığazı seyr edir? Gözlərini bərk-bərk yumub-açdı, bir daha palatanı başdan-ayağa gözdən keçirdi. Qəribədir ki, burdakı əşyaları da, elə bil, ilk dəfəydi görürdü.
Bir az daha beləcə dayansa, yenə zamanı, məkanı şüuraltının ən dərin, qaranlıq qatlarında itirəcəyindən qorxdu; bütün əzələlərindən bir ürpərti keçdi. Palatadan çıxdı və növbətçi həkimlərin otağına doğru getdi. Uşağı onlara tapşırdı, lazımi göstərişlərini verdi, sonda da, əlavə etdi:
– Möcüzə baş verə bilər. Kimin ömrünün harda başlayıb, harda bitdiyini təkcə Yaradan bilir.
Asta, yorğun addımlarla xəstəxanadan çıxdı və sürücü Kamilin məhəccərə söykənərək, gözləriniayaqlarının ucuna zillədiyini gördü. Səssizcə ona yaxınlaşdı və əlini çiyninə vurdu. Kamil boş baxışlarla ona baxdı, sonra səssiz-səmirsiz ovcundakı bir topa açarı cingildədə–cingildədə irəli düşdü.
***
Sonrakı gün xəstəxananın qapısından girəndə, Səyyarənin çit donu, qarnına sarınmış mələfə, hələ də, gözlərinin önündə idi. İlk işi qızcığaza baş çəkmək olmalıydı; bu, həm işinin rəsmiyyəti, həm də vicdanının israrıydı. Di gəl, ayaqları onu məhz ora – Səyyarə yatan palataya aparmaq istəmirdi. Dəhlizdəkimi gördüsə, ayaq saxlayıb, hal-əhval tutdu, ordan-burdan söz saldı. Sanki, eşidəcəyini güman etdiyi xəbərə gecikmək istəyirdi…
…Yarıaçıq qapının ağzında durmuş, içəriyə baxırdı. Orta yaşlı bir qadınbalaca, arıq, sarışın bir qızcığazın saçını darayır, aradabir də, sevələyirdi:
– Can… Yolmuram ki? Hay can! Kərəminə şükür o göydəkinin. Qadan alım!
Əliyev qızcığazın üzündəki təbəssümdən onun şənləndiyini anlamışdı.
– Həkim Əliyev, sabahınız xeyir!
Geri qanrıldı. Baş tibb bacısı Ziba arxasında dayanmışdı. Maraqla soruşdu:
– Bu uşaq kimdir?
– Bıy, ay həkim, tanımadınız?Dünənki uşaqdı da! Əməliyyat etdiniz ha, o!
– Səyyarə?
– Hə… Məmmədova Səyyarə Malik qızı!
Əliyevin baxışları növbəti dəfə, qeyri–ixtiyari olaraq yuxarı çevrildi. Bu dəfə o, tavanı deyil, əlvanlığı ilə öyünən bir üfüq xətti görürdü. Və bütün dünya bu əlvanlıqdan özkamını almış kimiydi…
Səyyarənin ipək kimi yumşaq saçlarını sığalladı, balaca əllərindən öpdü, öpdü… Sonra bütün möcüzə şahidləri kimi, Yaradana, kainataolan şükranlığını dilə gətirmək üçün sözlər axtardı, təbii ki, tapmadı. Hisslərini gözlərində gilələnən yaşa əmanət etdi və bundan utanmadı.
O möcüzəvi hadisədən sonra Dəvəçidə onu görənlər deyirdilər:
– Ölü dirildən həkimdi Ramiz Əliyev!
II
Ağrıkəsicinin təsirindən yarıyuxulu halda idi. Minlərlə insana “həyat eşqi” nağılını bir daha danışan yerdir xəstəxanalar… Və burda o nağılın mistikası da ayrı cür olur. Məsələn, ay işığında pəncərəndə alça ağacının rəqs edən budaqlarını deyil, küknarların əzəmətli boy–buxununu görürsən. Sonra anlayırsan: insanın mövcudluğunun mahiyyəti bir də ondan ibarətdir ki, insan-həyat körpüsündə daim yolçu vardır…
Yolçu özü idi. Keçdiyi yolun adı “ömür yolu” idi və hələ də, dəmir çarığının dabanı yeyilməmiş, dəmir əsası əlində əyilməmişdi.
Balaca bir kənddə dünyaya gəlmişdi Səyyarə. Gözünü açandan anasının “bir göz” dediyi evlərində sevinclə kədəri yan-yana, eyni boy-buxunda, eyni biçimdə görmüşdü. Tapdıqlarına şükür edə bilən, hər günü sevinclə qarşılayan, “bundan betəri var” təsəllisini ömürlərinə naxış edən bir ailənin övladıydı. Havalar azca soyuyan kimi, atasının ağrıları baş qaldırırdı. Bəyaz qar, şən oyunlar və atasının ağrı yansıyan üzü… Səyyarə məhz bu üçbucağın daxilində tanımışdı sevinci də, kədəri də…
Atasının yanında yanakı duraraq, balaca əllərini sobaya doğru uzadan Səyyarə gözucu qardaşını da seyr edirdi. Qardaşı tanışından ova getmək üçün götürdüyü tüfənglə tətiyiçəkməsə də, özünü kiməsə atəş açan kimi göstərirdi. Kənddə bir-iki nəfərin tüfəngi olardı, onların evində isə belə bir silahın olmasını ilk dəfə idi ki, görürdülər. Hər kəs ona çox maraqla baxırdı. Səyyarənin qardaşı tüfəngin ora-burasını qurdalayırdı. Arada atası zəif səslə dedi:
– Ehtiyatlı ol, ay oğul. Çox qurdalama onu, ziyanlıq olar.
Qardaşı etina etmədi və başını aşağı əyib, daha cidd–cəhdlə tüfənglə məşğul oldu.
Qəfil eşidilən gurultudan sonra Səyyarə ağrıdan nəfəsinin kəsildiyini və bağırsaqlarının şişdiyini hiss etdi. Qeyri-ixtiyari balaca əllərini qarnına doğru uzatdı və yerə yıxıldı… Anası acı fəryadlarla ciyərparəsi üçün nalələr qoparır, bacı–qardaşları hönkürərək ağlaşırdılar. Atası isə yerindən tərpənə bilmədiyi üçün çarəsizlik içində qalmış, gözləri onu saran həyəcandan böyümüşdü. Xalçanın üzərinə uzanan qızcığaz sanki alovlar içində idi, su istəsə də, heç kim ona su vermirdi.
Çağırılmış təcili yardım maşını qarın çoxluğundan kəndə girə bilmədiyi üçün həkimin müayinəsindən sonra Səyyarəni ədyalın arasına qoyub, təcili yardım maşınınaqədər aparanda hiss etdiyi o idi ki, qar üstünə yağır. Ağzını açmaq, bu qar dənələrindən bir–ikisini udmaq istəyirdi. Bəlkə, susuzluğu yataydı… Amma yox, ağzını aça bilmirdi… Sonra bir maşın uğuldadı… Sonra yenə üzərinə qar düşdü…Qulaqlarında qəribə güyültü vardı və bu güyültünün arasından adda-budda səslər eşidilirdi: “Həkim Əliyev… Əməliyyat… Yaradan… Can… Möcüzə…”
…Möcüzə olmuşdu. Və Səyyarə böyüdükcə bu möcüzənin də, onun müəllifinin də, vasitəçisinin də mahiyyətini daha yaxşı dərk edirdi. Hərdən gülümsəyir, öz-özünə deyirdi: “Möcüzə mənəm… Müəllifi Yaradandır…Vasitəçi həkim Əliyevdir…”
Uşağın sağ qalmağı, təkcə ailədə deyil, bütün rayonda əks–səda doğurmuşdu. Birdən-birə Səyyarə hamının hal–əhval tutduğu, başına sığal çəkdiyi, sevimli uşağa dönmüşdü. Səyyarə bundan sonra bütün ömrünü bu cür – hamının sevimlisi olaraq keçirəcəyini xəyal edərkən o qədər sevinirdi ki!
Amma həyat sevinclə kədərin əkiz olmalarını ona xatırlatmaqda gecikmədi. Onu əməliyyat edən cərrah yaxınlarına ağır travmatik zədə almış qızın daxili orqanlarının hər toxumasının düzgün bərpası üçün diqqətlə və incəliklə işləməyə çalışdığını söyləmişdi. Lakin gələcəkdə ana ola bilmək ehtimalı haqda o an sözdeməyin mümkün olmadığını, yeniyetməlik dövründə orqanizmin necə inkişaf edəcəyindən asılı olan bir zaman məsələsi olduğunu bildirmişdi.
Elə ki, qızlar bulağından su içdi, tay–tuşlarının qapısını elçilər döydü, qulağına başqa sözlər dəyməyə başladı:
– Canında qırma var, bundan uşaq olarmı?
– Cana ki, bıçaq dəydi, oldu yarımcan, vəssalam!
Az-az, ilmə–ilmə içinə yığıldı, yumağa döndü Səyyarə.. Böyüdükcə, qadınlığı bütün parlaqlığıyla yaşadıqca ana ola bilməmək ehtimalı onu ağrıtmağa, göynətməyə başladı. Elə anlar olurdu ki, hər şeydən – Yaradandan da, kainatdan da, özündən də küsürdü. Lakin tezcə də zehninin içində səslənən bir səsə köklənirdi: “Möcüzə!” Bu səsin sahibinə qarşı hiss etdiyi sonsuz minnətdarlıqdan yapışır, astaca pıçıldayırdı: “Həkim Əliyev!” Və bu ad sayəsində bütün küsdükləri ilə barışır, ümidlərindən bərk-bərk yapışır, daha bir möcüzənin yolunu gözləyirdi.
***
Ömür burulğanında dosta, düşmənə möhtac olmamaq üçün peşə sahibi olmağa – peşə məktəbinə yollandı Səyyarə. “Sənətkar günortaya qədər ac qalar” demişdi atalar. Bu kəlamın ucundan tutub, toxucu kimi fabrikdə işə düzələndə də, öz möcüzəsinin yolunu gözləməkdəydi. Fabrikin qabaqcıl işçisi kimi sayılıb-seçilir, tətil günlərində radioda diktor kimi işləyir, asudə vaxtlarında qardaş -bacılarına corab, köynək toxuyurdu. Beləcə, ailəsinə dəstək olmağı da unutmurdu.
Qabaqcıl işçilərin digər zavod və fabriklərə getməsi, ordakı işçilərlə təcrübəsini bölüşməsi ənənəsi Səyyarədən də yan keçmədi. Fabrik rəhbərliyi onu bir günlüyünə zavoda göndərdi. Zavodun böyüklüyü, təchizatların mürəkkəbliyi, işçilərin gülərüzlüyü Səyyarəni heyran etmişdi; hər şeyə baxır, ən kiçik detalı belə, gözdən qaçırmaq istəmirdi. Amma qadın intuisiyası onun özünün də diqqət mərkəzində olduğundan, bir cüt gözün zavodun darvazasından bəri, onu izlədiyindən xəbər verirdi. Günortadan sonra, nəhayət, özündə güc tapdı və onu izləyən baxışları axtardı.
Bir–birinə sancılan baxışlar o qədər çox şey “danışdılar”, o qədər “dərdləşdilər” ki, sözə ehtiyac qalmadı. “Alın yazısı” sandığı nə varsa, yaşamağa hünəri çatırdı Səyyarənin. Axı o, möcüzəydi!
Evləndilər… Əllərinin zəhməti, ürəklərinin şükrü ilə ömürlərini bir–birinə hördülər. Nə ölçüsüz xoşbəxtlik axtarışına çıxdılar, nə də bədbəxtliyin dərinində boğuldular; sevinclə kədərin əkizliyini qəbul edib, sabahları muncuq kimi, həyatın yaxasına düzdülər. Amma bir arzu vardı ki, o arzunun hərarəti Səyyarəni “möcüzə” sözünü unutmağa qoymurdu. Ana olmaq…
– Gənc ana? Gözəl ana? Buyurun, bu da sizin yaraşıqlı oğlunuz!
Tibb bacısı bələyi ehmalca Səyyarənin qolunun üstünə qoydu. Səyyarə burnunu bələyə yaxınlaşdırdı. Ordan aldığı qoxu bayaqdan hiss etdiyi xəstəxana qoxusunu üstələdi. Bir bələyə, bir tavana, bir də pərdəsiz pəncərənin o üzündəki küknarlara baxdı Səyyarə. Sonra bələyin arasından görünən o balaca simaya, yumulu gözlərə, azacıq aralı dodaqlara baxdı və pıçıldadı: “Şükürlər olsun, İlahi!”
Arzusunda olduğu analıq hissini yaşamaqda bir insana borclu idi. Ucaboylu, gur, qara saçlarını səliqə ilə arxaya darayan, üz–gözündən yorğunluq yağsa da həmişə gözləri gülən doktor Əliyevin heç zaman unutmadığı siması gözlərinin önündə canlandı. Yanaqlarımı yuyan sevinc göz yaşlarını ehmalca silərək xəfifcə gülümsəyib, pıçıltı ilə ürəyindən keçənləri dilə gətirdi:
– Minnətdaram, həkim!
Sonra fikirləşdi ki, kaş ki, onunla bir daha qarşılaşsaydı, təşəkkürünü bildirsəydi…
Və o zaman bilmirdi ki, illər keçəcək, Səyyarə daha bir övlad sahibi olacaq, onlar böyüyəcəklər. Yaşı əllini də ötəcək və bir gün qardaşı xəbər verəcək ki, həmin həkim onu axtarıb, maraqlanıb, görüşmək istəyib. Demək, doktor Əliyev də onu həkimlik fəaliyyətinin ilk illərində savadını, qabiliyyət və diqqətini, cərrah məsuliyyətini bir məqam üzərində cəmləyərək uğurlu əməliyyat apardığı bir xəstəsi kimi hafizəsində qoruyub saxlamışdı.
Onunla görüşəndə bir ömür minnətdar olduğu bu insanın qarşısında çox böyük həyəcan keçirirdi Səyyarə. Yaşının ixtiyar çağlarına yaxınlaşsa da, yenə qaməti əyilməmiş, lakin zamanın rəssam fırçası səliqə ilə arxaya daranmış gur, qara saçlarını gümüşü–ağ rənglərə boyamış, o zamankı kimi səmimiyyətlə gülən gözlərinin ətrafında və alnında incə qırışlar qoymuşdu.
Ramiz həkimə yenidən necə təşəkkür edəcəyini ifadə etməkdə həyəcandan söz tapa bilmirdi. Axı onu yalnız ölümün pəncəsindən qoparmamış, həm də doqquz yaşlı bir qız uşağının gələcəyini də düşünərək uğurlu cərrahi əməliyyat aparmağa müvəffəq olmuşdu. Məhz bu insanın sayəsində Səyyarə bu gün övlad qəhqəhələri ilə nəşələnən xoşbəxt bir ailənin anası idi. Və Səyyarə 44 günlük Vətən müharibəsində iştirak edən, zəfər müjdəsi ilə dönən oğul sahibi idi.
Şəki şəhəri, May 2023
Müəllif: Pərvanə Kəlağayı



