Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsəri Türkiyənin Dövlət Teatrlarının Bədii Şurasında qəbul olunub.
“Fuyuzat” xəbər verir ki, bu barədə Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova AZƏRTAC-a açıqlamasında bildirib.
Əsəri Türkiyənin tanınmış teatrşünası Hilmi Zafer Şahinle birlikdə Türkiyə türkcəsinə tərcümə etdiklərini qeyd edən Məlahət Abbasova deyib: “Xalq yazıçımız Elçinin Türkiyənin Dövlət Teatrlarına təqdim etdiyimiz “Şekspir” əsəri Dövlət Teatrlarının Bədii Şurasında böyük səs çoxluğu ilə qəbul olundu. Bu, məni inanılmaz dərəcədə sevindirdi. Elçin müəllimin eyni əsərini Türkiyənin ən böyük teatrı hesab olunan, mənim doğma məkanım, İstanbul Şəhər Teatrlarında 2014-cü ildə səhnəyə qoymuşdum. “Şekspir” tamaşası 2014-2015-ci illərdə 11 mükafata layiq görülərək türk teatr tarixində rekorda imza atdı. Bu tamaşa ilə “İlin ən yaxşı rejissoru 2015” mükafatını da almışdım. Elçin müəllim yazdığı möhtəşəm əsərləri ilə mənim bir rejissor kimi qardaş ölkədə qazandığım uğurların ən böyük səbəbkarıdır deyə bilərəm. Onun əsərləri təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində oynanılır və böyük maraqla qarşılanır. Elçin müəllimin daha əvvəl İstanbul Şəhər Teatrlarında səhnələşdirdiyim “Qatil” əsəri ilə də bir çox festivalda iştirak etdik və mükafatlar aldıq. Ümumiyyətlə Türkiyənin Dövlət Teatrlarının repertuarında Elçin müəllimin “Qatil”, “Arılar arasında” və bir çox əsəri yer alır. Bu əsərlər Türkiyənin bir çox teatrlarında səhnəyə qoyulub və böyük uğurlar qazanıb”.
O, Xalq yazıçısı Elçinin ümumbəşəri əsərləri ilə Türkiyə tamaşaçılarının və oxucularının rəğbətini qazandığını bildirib, “Şekspir” pyesinin də böyük uğur qazanacağına inandığını vurğulayıb.
“Bunun üçün bizi dəstəkləyən, hər zaman Azərbaycanın yanında olan, xalqımızın da çox yaxından tanıdığı, sevdiyi Türkiyə Dövlət Teatrlarının Baş direktoru Tamer Karadağlıya sonsuz təşəkkür edirəm. Elçin müəllimin ruhu şad olsun”,- deyə rejissor bildirib.



