Füyuzat 149 Ülviyyə Rəhman Xəbərlər

Hürriyyət şairi Əbdülxaliq Cənnəti

İyirminci əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai düşüncəsinin ən təlatümlü və eyni zamanda ən məhsuldar mərhələlərindən sayılır. Bu dövrün poe­tik mənzərəsindən yaddaşımıza bəzi adlar həkk olunub ki, onlardan biri də hürriyyət poe­ziyasının az xatırlanan, fəqət şeirləri ideya dərinliyi və bədii zənginliyi ilə zamanın sərhədlərini aşan, dövrün seçkin simalarından sayılan Əbdülxaliq Cənnəti Qafarzadə idi. Cənnətinin yaradıcılığı “Füyuzat” mühitinin ideya-estetik xəttində formalaşmış, dövrün maarifçi və ideoloji axtarışlarını öz poeziyasında əks etdirmişdir. Onun şeirlərində azadlıq arzusu, milli qürur və gələcəyə inam həm poetik obraz, həm də tarixi düşüncə forması kimi çıxış edir. Buna baxmayaraq bu zəngin irs uzun müddət xatirələrin kölgəsində qalmışdır. Bəs kölgədə qalan bu hürriyyət şairi kim idi?

1855-ci ildə Bakıda doğulan şairin ana babasının Bakı xanı Hüseynqulu xanın ovçubaşısı Səfərəlinin oğlu olduğu məlumdur. Əbdülxaliqin təhsil həyatı doqquz yaşında başlayıb. Xüsusi müəllim yanında iki il oxuyub. On iki yaşından isə ailəyə dəstək olmaq üçün işləməyə başlayıb.

On səkkiz yaşından etibarən şeir yazmağa başlayan Əbdülxaliq gündüzlər işləyər, gecələr ürəfa məclislərinə gedər, ədəbiyyat söhbətlərinə qulaq asarmış. Ədəbi məclislərdə bir çox deyişmələrdə istedadı ilə seçilən şair “Vasif”, “Əttar”, “Həccarzadə”, “Daşkəsənoğlu” təxəllüsləri ilə şeirlər yazmışdır. Sonradan bağ-bostan və gülüstana vurğun olan şair “Cənnəti” təxəllüsünü götürmüşdür. Hazırda şairin əsərləri Əlyazmalar İnstitutunda qorunur. Bu əlyazmaların bəzilərində onun həyatı haqqında məlumatlar da var.

Əbdülxaliq Cənnəti millətin tərəqqisi yolunda daim mücadilə etmişdir. Əliabbas Müznib onu yüksək qiymətləndirərək Sabir və Hadidən öncə hürriyyət şeirləri yazmağa başladığını qeyd etmişdir.

1905-ci ildə Azərbaycanda anadilli mətbu mühit formalaşdıqdan sonra dövrün ən fəal şairlərindən biri olan Cənnətinin imzasına “Füyuzat”, “Təkamül”, “Dirilik”, “İqbal” səhifələrində rast gəlirik. “Füyuzat” məcmuəsinin 24-cü sayında şair “Fəxriyyə” adlı şeiri ilə oxuculara müraciət edir:

Hərçənd düçari-mihəni-əhli-cəfayız,

Hərçənd bu əyyamda pabəndi-bəlayız.

Ey xar, görən bizləri, bizlər nücəbayız,

Meydani-həmiyyətdə ələmdari-vəfayız.

Turanlılarız, sahibi-şanü şərəfiz biz,

Əslafımızın naibi xeyrül-xələfiz biz.

“Turanlılarız, sahibi-şənü şərəfiz biz” deyən şairin bu şeirində ilk dəfə poetik məkanda özünü turanlı adlandıran toplumun bununla fəxr etməsi təsvir olunur. Bu şeirin dərcindən cəmi 20 gün sonra satirik şair Mirzə Ələkbər Sabirin qeyd edilən şeirdən təsirlənərək yazdığı tənqidi “Fəxriyyə”si “Molla Nəsrəddin”də yayımlanır. Təbii ki, cavab xarakteri daşıyan bu şeirin dərc edilməsi heç də təsadüf deyildi. Sovet dövründə nədənsə Cənnətinin Turan ideologiyasını təbliğ edən şeirinin adı çəkilmədiyi halda, dərsliklərdə tənqidi şeirə yer verilir, uzun illər orta məktəblərdə tədris olunur.

Hürriyyət şairi Əbdülxaliq Cənnəti Qafarzadə təkcə yaradıcılığı deyil, həm də ictimai fəaliyyəti ilə seçilən aydınlarımızdan olub. O, Cümhuriyyətin elanından öncə “Dirilik” məcmuəsində, eləcə də müstəqilliyin bərpasından sonra “Azərbaycan” qəzetində, “Məktəb” məcmuəsində azadlığa, dövlət dəyərlərinə, təhsilə dair onlarca şeirlə çıxış etmişdir. İnsanlığa sülh və əmin-­amanlıq diləyən şairin “Dirilik” məcmuəsinin 16 dekabr 1914-cü ildə dərc edilən 7-ci sayında “Arzularım” şeirini oxuyuruq:

İki qapı açılaydı üzünə əhli-cihanın,

Birisi babi-həqiqət, biri səadət olaydı.

Edəydi yer üzün abad çün behişt, məkatib,

Nə qəm olaydı, nə qüssə, nə bir küdurət olaydı.

Olaydı hər kişi məşğuli-elm, kəsbi-məaşə,

Nə büğz olaydı, nə kinə, nə bir ədavət olaydı.

Cümhuriyyətin elanı və bayrağımızın səmalarda dalğalanması ilə qəlbi riqqətə gələn şair “Azərbaycan” qəzetində yazdığı “Sancaq” şeirində deyirdi:

Uğurlusan, xoşyəminsən, gözəlsən,

Sayəndə yaşarız vəcdi-hal ilə.

Nöqsansızsan, bimislü bibədəlsən,

Kəmalə yetmisən bir hilal ilə.

Köksündə ay-yıldız səma misali,

Şanın çox yüksəkdir, rütbəndir ali.

Sənə baş endirər alivü-tali,

Xidmətində durar canü-mal ilə.

Əlyazmalarından şairin “Mühəssənati-şəriət” adlı risalə, bir nəsihətnamə, “Yənbuil-hikmət” və “Təhvivül-övzan” adlı dini-nəzəri əsərləri, əxlaq elminə aid üçcildlik əsər, altı min beytlik divan və “Əs-səfər fil-həzər” adlı roman müəllifi olduğunu öyrənirik.

Onun ədəbi yaradıcılığı haqqında Mir Cəlal və Cəfər Xəndan kimi alimlər geniş məlumat vermişlər. Həmin dövrdə şairin seçilmiş əsərlərinin kitab şəklində mövcud olduğu haqqında da məlumatlara rast gəlirik. Lakin hazırda həmin kitabın harada olması bir müəmmadır. Sovet dövründə isə hansısa səbəbdən şair “mürtəce romantik” adlandırılmış, zəngin yaradıcılığı obyektiv qiymətləndirilməmişdir.

Mənbələrdə şairin “Qız qalası”, “Qılınc və qələm” poemaları, “Qurd və Tülkü” təmsili, “Bülbül”, “Kəhər at” və digər əsərlərinin adı çəkilir. Şairin şeirləri Əliabbas Müznib tərəfindən müxtəlif mətbu orqanlardan toplanmış, qara və bənövşəyi mürəkkəblə makina və arxası şəkilli vərəqlərə yazılmışdır. Sonralar bu poetik nümunələri Sona Xəyal latın qrafikasına keçirmişdir. Nəsrəddin Qarayevin “Poetik məclislər toplusu”, Cəfər Rəmzinin “Deyilən söz yadigardır”, Məmməd Nuru oğlunun “Azərbaycan qəzəlləri”, Sona Xəyalın “Bakı gülzarının bülbülləri” kitablarında şairin həyat və yaradıcılığı ilə bağlı müəyyən məlumatlara rast gəlmək olar. Onun “Vətən təranəsi” kitabı 2006-cı ildə Bakıda çap edilmişdir.

28 yanvar 1931-ci ildə son şeirini qələmə alan Cənnəti deyirdi:

Yetər, ey mürdeyi-cünbündə həvəsdir, bəsdir,

Ruhun uçmuş, cəsədin xali qəfəsdir, bəsdir…

Olduqca keşməkeşli həyat yolu keçən şair övladlarını vaxtsız itirmiş, əsəb xəstəliyinə tutulmuşdur. Yaxınlarını itirməklə sınanan Əbdülxaliq Cənnəti 1931-ci ildə Bakıda vəfat etmişdir.

…Bir də minbəd kəlamında həlavət olamaz,

      Cənnəti, xətmi-kəlam et, dəxi bəsdir, bəsdir.