Ədəbiyyat Xəbərlər

Xorxe Luis Borxes – On yeddi hayku

Xorxe Luis Borxes – On yeddi hayku

“Şifrə” kitabından

1
Gecə və dağlar
mənə nəsə dedilər.
Unudulub getdi.

2
Hüdudsuz gecə
sadəcə gül ətridir
indi.

3
Dan sökülməzdən qabaq
Gördüyüm yuxu –
görmüşdümmü, doğrudan?

4
Simlər susdu.
Musiqi bilirdi
mənim hiss etdiyimi.

5
Bu gün əyləndirmir məni
bağdakı badam ağacları –
sənin xatirən.

6
Sakitcə
izləyir alın yazımı
kitablar, vərdişlər, açarlar.

7
Həmin gündən
tərpətmədim oyun taxtasındakı
daşları

8
Səhrada yenə
dan sökülür.
Və kimsə bilir bunu.

9
Paslı qılınc
xatırlayır döyüşlərini.
Mənim xatirəm başqa cürdür.

10
Adam ölüb.
Saqqalı bilmir bunu.
Dırnaqları uzanır.

11
Bu əlimlə
toxunmuşdum
saçlarına.

12
Artırmanın altındakı
güzgü
ayı əks edir təkcə.

13
Tənhadır
ayın altında
uzanan kölgə.

14
Bu sönən işıq
imperiyadır,
yoxsa, işıldaböcək?

15
Təzə ay.
O da ona baxır
qapıdan.

16
Uzaqda bir cikkilti.
Bülbül bilmir
sənə təsəlli verdiyini.

17
Qoca əl
şeir qaralayır
unutmaq üçün.

Tərcümə etdi: Həmid PİRİYEV
Mənbə: “Ədəbiyyat” qəzeti, №2, 2025.