Xəbərlər

Gənclər Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 22 İyul – Milli Mətbuat Günü münasibətilə “Mətbuat həyatın güzgüsüdür” adlı daycest, “Azərbycan milli mətbuatı: 150 illik maarifçilik və həqiqət yolu” adlı material və ənənəvi kitab sərgisi açılıb.

“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, materiallar Azərbaycan milli mətbuatının zəngin tarixini, keçdiyi inkişaf yolunu və cəmiyyətin maariflənməsində oynadığı mühüm rolu gənc nəslə müasir təqdimat üsulları ilə çatdırmaq məqsədilə hazırlanıb.

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanan materialda Azərbaycan milli mətbuatının yaranma və inkişaf mərhələləri ardıcıl şəkildə təqdim edilir, XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunan və milli ictimai fikrin formalaşmasında mühüm rol oynayan “Molla Nəsrəddin” və “İşıq” jurnalları, eləcə də “Azərbaycan” qəzeti haqqında geniş məlumat verilir. Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetinin yaranma dönəmi, tarixi, inkişafı haqqında geniş məlumat verilir, qəzetinin nüsxələrinin görüntüləri təqdim edilir. Materialda 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulması, bu islahatların mətbuatın inkişafına ciddi təkan verməsindən, müasir dövrdə informasiya texnologiyalarının inkişafının Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirməsindən bəhs edilib. Rəqəmsal materialın mühüm bölmələrindən biri 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın informasiya cəbhəsində qazandığı uğurlara həsr olunub. Material kitabxananın rəsmi saytında yerləşdirilib.

“Mətbuat həyatın güzgüsüdür” adlı daycestdə Milli Mətbuat günü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müraciəti, sərəncamları və fərmanı kimi rəmi sənədlərin tam mətni təqdim edilir. Materialda professor Qulu Məhərrəmlinin “Əkinçi xalqın işıqlı siması”, “Haqq və həqiqət Şəhidləri: Qarabağdan qayıtmayan jurnalistlər”, Əməkdar jurnalist Tahir Aydınoğlunun “Azad media Azərbaycanın misilsiz mənəvi sərvətidir”, jurnalist İradə Sarıyevanın “150 il – Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir…” adlı məqalələrin tam mətni də yer alır. Bundan əlavə daycestdə, 2020-2025-ci illərdə Milli Mətbuat və Jurnalistika Günü mövzusunda dövri mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.