“Buker” mükafatının 2026-cı il üçün uzun siyahısı açıqlanıb. Siyahıya 13 kitab daxil edilib.
Dünyanın fərqli coğrafiyalarını, sosial problemlərini və insan talelərini əks etdirən bu əsərlər həm fərdi hekayələri, həm də qlobal məsələləri ön plana çıxarır. Siyahıya daxil edilən müəlliflər arasında artıq tanınmış ədəbi simalarla yanaşı, yeni və perspektivli qələm sahiblərinin yer alması isə mükafatın həm ənənəni, həm də yeniliyi eyni anda dəstəklədiyini göstərir.

Qeyd edək ki, siyahı 22 sentyabr tarixində bir az da ixtisar edilərək kitabların sayı altıya endiriləcək, qalib isə 9 noyabrda elan olunacaq. Hər il təqdim olunan “Buker” mükafatı ədəbi dünyanın ən nüfuzlu mükafatlarından biri hesab olunur və istənilən millətdən olan müəlliflərin ingilis dilində yazılmış, Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş iri həcmli bədii əsərlərini qiymətləndirir.
Qısa siyahıya düşən altı müəllifin hər biri 2 500 funt sterlinq məbləğində mükafat və kitablarının xüsusi nəşr olunmuş variantını əldə edəcək. Mükafatın qalibi isə həm kubok, həm də 50 000 funt sterlinq pul mükafatı ilə təltif olunacaq.
Bu il uzun siyahıya düşməyən tanınmış müəlliflər arasında Maggi O’Farrell, Ann Patçett, Con Lançester, Deborah Levy və Culian Barnes də var. Xüsusilə Culian Barnesin son əsəri “Gediş”in (Departure) siyahıda yer alacağı gözlənilirdi.
Bu ilki mükafat üçün münsiflər heyətinə ümumilikdə 163 əsər təqdim olunub və yekunda 13 kitabdan ibarət uzun siyahı müəyyənləşdirilib. Beş nəfərdən ibarət münsiflər heyətinin hər üzvü təqdim edilən bütün əsərləri oxuyub.
Gəlin siyahıya daxil olan əsərlərə nəzər salaq:
- Kloe Aridcis “Obyektin kölgəsi” (The Shadow of the Object);
- Emma Klayn “Svitsi” (Switzy);
- Makenna Qudman “Heçliyin Heleni” (Helen of Nowhere);
- M.Con Harrison “Hər şeyin sonu” (The End of Everything).
- Marlon Ceyms “Yoxa çıxanlar” (The Disappearers);
- Luke Kennard “Qara çanta” (Black Bag);
- Kənan Orxan “Yenidənqurma” (The Renovation);
- Rebekka Perri “Qoy kralı bəsləyək” (May We Feed the King);
- Qvendolin Raliy “Palma evi” (The Palm House);
- Elizabet Sraut “Heç vaxt demədiklərimiz” (The Things We Never Say);
- Duqlas Stüard “Conun Conu” (John of John);
- Camel Uayt “Btün o itlər” (All Them Dogs);
- Missouri Uilliyams “Vivisekçionalar” (The Vivisectors).
Bu il siyahıya daxil edilən müəlliflər arasında debüt əsərləri ilə seçilənlər də var:
Onlardan biri türkəsilli amerikan yazar Kənan Orxandır. Onun “Yenidənqurma” (The Renovation) romanı İtaliyada yaşayan bir psixoloqun demensiyadan əziyyət çəkən atasına qulluq edərkən baş verən gözlənilməz hadisələri təsvir edir. Tikinti işlərinin plan üzrə getməməsi isə hekayənin gedişatını dəyişir.
Digər debüt müəllif Camel Uayt isə “Bütün o itlər” (All Them Dogs) əsəri ilə diqqət çəkir. Roman beş il qaçaq həyatı yaşadıqdan sonra Qərbi Dublinə qayıdan bir kişinin hekayəsindən bəhs edir. O, mübahisə zamanı adam öldürdüyü üçün gizlənməyə məcbur olub. 28 yaşlı Camel Uayt bu ilin ən gənc uzun siyahı iştirakçısıdır. Ən yaşlı müəllif isə 81 yaşlı M.Con Harrisondur. Onun “Hərşeyin sonu” (The End of Everything) romanı Kent sahillərində yerləşən bir şəhərdə baş verən post-apokaliptik hadisələri təsvir edir.
Münsiflər heyətinin sədri Meri Berd açıqlamasında bildirib: “Uzun siyahımıza daxil edilən hər bir yazıçı sözün gücündən ustalıqla istifadə edərək oxucunu yeni məkanlara aparır, tanış dünyalara fərqli baxış bucağı qazandırır və düşüncə tərzimizi dəyişir.
Kitablar sadəcə güzgü deyil – onlar bizi yalnız özümüzlə üz-üzə qoymur. Bədii ədəbiyyatın əsas gücü ondadır ki, o, bizə başqalarının dünyasını anlamağa, fərqli baxışları hiss etməyə və dünyaya başqa gözlə baxmağın mümkünlüyünü təsəvvür etməyə imkan yaradır”.
Qeyd edək ki, ötən ilin Buker mükafatının qalibi britaniyalı – macar yazıçı David Szalay olub. O, bu mükafata “Ət” (Flesh) romanı ilə layiq görülmüşdü.

Bu ilin uzun siyahısı təkcə ədəbi yarışın ilkin mərhələsi deyil, həm də oxucular üçün zəngin seçim imkanları yaradan geniş bir ədəbi panoramadır. Müxtəlif mövzu və üslubları özündə birləşdirən bu əsərlər bədii ədəbiyyatın gücünü, insan təcrübəsinin çoxşaxəliliyini və fərqli baxış bucaqlarını üzə çıxarır. Qarşıdakı mərhələlərdə siyahının qısaldılması ilə yanaşı, bu əsərlərin ədəbi dəyəri ətrafında müzakirələrin daha da dərinləşəcəyi və qalibin müəyyənləşməsi ilə 2026-cı il “Buker” mükafatının ədəbiyyat dünyasında əhəmiyyətli iz buraxacağı gözlənilir.
Təqdim edən: Mədinə Məcidli



