1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Günüdür.
“Fuyuzat.az” olaraq bu münasibətilə Xalq şairi Nəbi Xəzrinin “Ana dilim” şeirini oxucularımıza təqdim edirik:
Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən
Qəlbimə günəşin özüylə axdın.
Ana gözlərindən süzən nur kimi
Hopdun ürəyimə sən gilə-gilə,
Hər kəlmən, hər sözün bəzənməyibmi
Mehriban anamın təbəssümüylə?!
Ucalır bağçadan bülbülün səsi,
Çay susur, əsməyir, çəməndə yel də.
Nə qədər doğmadır onun nəğməsi,
Bülbül də elə bil ötür bu dildə.




