Xəbərlər

Kolleclərə ixtisas seçimi başladı: Ruslan Bayramlı keçid ballarını və dəyişən plan yerlərini şərh etdi

Məlum olduğu kimi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi bu gündən başlayıb və avqustun 9-dək (saat 23:59-dək) davam edəcək.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Abituriyentlər müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb ki, bu da ötən ilin müvafiq göstəricisindən (8144 yer) 1934 yer azdır. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi.

2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Bir məlumatı da xüsusi olaraq qeyd edim ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3–9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.