Xəbərlər

Milli Kitabxanada Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Xalq şairi Qabilin 100 illik yubileyinə həsr edilmiş “Xalq şairi Qabil – 100” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgilərdə şairin şeirləri, tərcümələri, həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabil İmamverdiyevin yaradıcılığı lirizmi, humanist ideyaları, sosial və mənəvi problemlərin bədii ifadəsi ilə seçilib. Şairin “Nəsimi” mənzum romanı, “Ömrün həbləri” satirik romanı, rübailəri, uşaqlar və yeniyetmələr üçün yazdığı “Nağaraçı” kitabı, eləcə də “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Beşiyimdir – məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi poetik nümunələri yaradıcılığının əsas məqamlarını təşkil edir.