Köşə Yazıları Vüqar Mirzə Xəbərlər

İnsan – yol kimi…

İnsan ömrü yola bənzəyir. Hər birimiz bu dünyadan keçib gedirik. Yolun necə olacağını bilmirik. Bəzən hamar və rahat, bəzən daşlı-kəsəkli, bəzən də elə dumanlı olur ki, bir addım qabağı da görə bilmirik. Amma bir həqiqət dəyişmir: hamımız bu yolun yolçusuyuq.

Yol getdikcə insan dəyişir. Dünən böyük görünən problemlər kiçilir, kiçik hesab etdiyimiz hadisələr isə ömrümüzün dönüş nöqtəsinə çevrilə bilir. Bəzən illərlə getdiyimiz yol bizi məqsəddən azdırır, bəzən də cəmi bir addım bütün həyatımızın istiqamətini dəyişir.

Hamı bu dünyada xoşbəxt olmaq istəyir. Bundan ötrü çalışır, zəhmət çəkir, əziyyətə qatlaşır. Kimisi halal zəhməti ilə öz həyatını qurur, çətinliklərə baxmayaraq vicdanını itirmədən mənzilinə çatmağa can atır. Amma elələri də var ki, yolu “rahat” getmək üçün vicdanını ağır yük hesab edir. Başqasının haqqını tapdalamağı, kiminsə yolunu kəsməyi, öz mənfəətini hər şeydən üstün tutmağı çıxış yolu sayırlar. Onlar mənzilə tez çatsalar da, insanlığa gecikərlər.

Hərənin öz ömür yolu var. Kimisi hazır cığırla gedir, kimisi də hər addımını öz açdığı yolda atır. Elə insanlar var ki, təkcə öz yollarını getməklə kifayətlənmir, özlərindən sonra gələnlər üçün də yol salırlar. Bəzən bir insanın dediyi bir söz, etdiyi bir yaxşılıq, göstərdiyi bir nümunə başqasının bütün həyatını dəyişdirir.

Elə insanlar var ki, həm yol gedir, həm də başqalarına yol olurlar. Onlar getdikləri yolla, başqalarının həyat kitabına yazdıqları cümlələrlə yadda qalırlar.

Elə buna görə də insan ömrü yalnız yaşanan illərlə ölçülmür. Onun əsl dəyəri neçə nəfərin yoluna işıq salması, neçə qəlbi cilalaması, neçə taleyə təsir etməsi ilə müəyyənləşir. Çünki bəzi insanlar uzun ömür sürürlər, amma özlərindən sonra heç nə qoymurlar. Bəziləri isə qısa ömür yaşasalar da, silinməz izləri uzun müddət qalmaqda davam edir.

Çox eşitmişik ki, “Hər insan bir kitabdır.” Lakin bu fikrə bir qədər geniş baxanda başqa bir həqiqət də görünür: bəlkə də bütün insanlar birlikdə bir kitabdır. Elə bir kitab ki, hər birimiz onun bir səhifəsini, bir cümləsini, bir sətrini, bəzən isə cəmi bir sözünü təşkil edirik. Kiminin ömrü uzun bir fəsil, kimininki isə qısa bir qeyd qədərdir. Amma heç bir səhifə kitabdan ayrı olmadığı kimi, heç bir insan da başqalarından tam ayrı yaşamır. Dost, həyat yoldaşı, övlad, rastlaşdığımız insanlar hər biri bizim kitabımıza bir cümlə əlavə edir. Biz də fərqinə varmadan onların həyat kitabına nəsə yazırıq. Əsas həyati yazıları isə iki amil formalaşdırır: Əsərin ilk cümlələrini valideyn yazır, ustad müəllim isə onun tale səhifəsini çevirir. Həyat kitabının ən maraqlı tərəfi də budur. Yazılan heç bir səhifəni cırıb atmaq olmur. Keçmişi dəyişmək mümkün deyil. Amma qarşıda hələ yazılmamış səhifələr var və həmin səhifələrə nə yazacağımız yenə də öz əlimizdədir.

Yol bizi mənzilə aparır. Kitabda isə həmin yolun necə keçildiyi qeyd olunur. Biri ömrün özü, digəri onun yaddaşıdır. Əslində, insan yol getdikcə öz kitabını yazır. Hər addım bir cümləyə, hər qərar yeni bir səhifəyə çevrilir.

Yuxarıda deyildiyi kimi, həyatın da bütün yolları düz olmur. Elə döngələr var ki, insan orada istiqamətini itirir. Elə enişlər olur ki, yoxuşun dəyərini öyrədir. Elə yüksəkliklər də olur ki, ayağının altındakı torpağı unutdurur. Bəlkə də, buna görə insan ömrünü düz yol deyil, nərdivan kimi təsəvvür etmək daha doğru olardı.

Nərdivanın hər pilləsi insan ömrünün bir mərhələsidir. İlk pillələrdə uşaqlığın saflığı dayanır. Sonra arzular, qayğılar, uğurlar, məğlubiyyətlər, sevgilər, ayrılıqlar… Hər pillə bizi dəyişdirir. Bəzən yuxarı qalxmaq üçün böyük əziyyət çəkirik, bəzən isə bir anlıq ehtiyatsızlıq bizi bir neçə pillə aşağı salır. Amma bütün hallarda öyrənən, püxtələşən yenə insanın özüdür.

Ən təhlükəlisi isə yüksəldikcə nərdivanı unutmaqdır. Bu pillələri görməzlikdən gələn çox vaxt enməyin də necə ağır olduğunu gec anlayır. Həyatın ən böyük dərslərindən biri də budur: yüksəlmək bacarıqdır, yüksəklikdə insan kimi qalmağı bacarmaq isə xarakterdir.

Geriyə dönüb baxanda anlayırıq ki, ömrümüzün yalnız yadda qalan günlərini yaşamışıq, unudulmuş pis və ya yaxşı heç bir iz qoymayan günlər isə hədər gedib. Yəni ahıl çağında keçmişinə boylananda sənə təsir edən, sevindirən, kədərləndirən hadisələr ömrün yaşanmış, qalanları isə bada verilmiş günləridir.

Yaşadığımız ömür yol boyu kimlərə rast gəldiyimiz, kimlərə dayaq olduğumuz, kimlərin əlindən tutduğumuz, kimlərin ürəyində bir işıq yandırdığımız anlardır.

İnsan bu dünyadan gedəndə özü ilə nə yolunu aparır, nə də kitabını. Geridə yalnız izi qalır. O iz bəzən bir övladın xatirəsində, bəzən bir tələbənin uğurunda, bəzən bir dostun duasında, bəzən də heç tanımadığımız bir insanın həyatına vaxtilə yazılmış kiçik bir cümlədə yaşayır. Elə buna görə də insanın ömrü yaşadığı illərlə deyil, qoyduğu izlərlə ölçülür. Bəzən o ayaq izi olur, bəzən fikir izi, bəzən də bir ömrə sığan yaxşılıq.

Mənə elə gəlir ki, insan ömrünün ən böyük mənası da elə bundadır. Gedilən yol nə vaxtsa bitəcək. Bir gün həyat kitabının son səhifəsi də yazılacaq. Hər kəs öz nərdivanının son pilləsinə  ayaq basacaqdır. Amma qoyduğumuz iz hələ uzun müddət silinməyəcək. O iz bir xatirədə, bir əməldə, kiminsə həyat kitabına yazılmış bir cümlədə yaşayacaq.

Sonda Nəriman Həsənzadənin ruhuna ehtiramla onun şeir bağçasından bir ləçək qoparıb deyirəm:

Bu dünya nərdivandı,
          Qalxanda mehribandı,
          Enəndə nə yamandı…

Bu misraları hər dəfə oxuyanda düşünürəm ki, doğrudan da, ömür yolunun, həyat kitabının və nərdivanın sonunda bizi bir həqiqət gözləyir. İnsan bu dünyada nə qədər yol getdiyi deyil, o yolda kimə yoldaş olduğu və necə getdiyi ilə xatırlanır. Çünki insan həm yol gedir, həm də başqalarına yol olur.