Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

Fikrət Qoca – Bir təzə nağıl başlar dünya

Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür. Bu münasibətlə “Bir təzə nağıl başlar dünya” misrası ilə bizi hər səhərin sehrinə inandıran şairin poeziya nümunələrindən bir qismini  Fuyuzat.az oxucularına təqdim edirik:

Səkilər

Çalınçarpaz küçələr,
düyündüyün səkilər.
Sinənizdə quş kimi
döyündüyüm səkilər.
Çox da öyünməyin siz,
dağılardı səkiniz,
Küçələrdən keçsəydi
qəlbimizdən keçənlər.

Mənim ömrüm

Mənim ömrüm ağlar şamdı – alışdı,
Taleyimdən mən küsmüşdüm – barışdım.
Bu dünyaya öz dərdimi danışdım,
Güldü dünya, ağladı mı – bilmədim.

Fələk, məndən nələr gördü, soruşdu.
Dedim: “Ömrüm bir an kimi sovuşdu”.
Göydən yağan göz yaşıdı, yağışdı,
Mələkdi mi ağlayanlar – bilmədim.

Qoca dünya, görünməyən üzün var,
Mənim ömür yollarımda izim var,
Yollarının əyrisi var, düzü var,
Haqlı kimdi, haqsız kimdi – bilmədim.

Ağlama

Ağlamağı bacarırsan bilirəm,
Gözlərinin yaşını bir silsənə.

Bir yol de ki, ağlamıram gülürəm,
Bata bilməz tufan sənə, sel sənə.

Yazıqları heç kəs saya salmayıb,
Özü deyil, göz yaşıdı görünən.
Yazıq olub heç kəs haqqın almayıb
Haqqı deyil, paydı ona verilən.

Yazıqlarda nə yaxşı var, nə də pis.
Yazıq gəlmək qiymət deyil insana.
Onlar üçün çox yansa da qəlbimiz
Mərhəmətdi – hörmət deyil insana.

Ağlayanda gərək bərkdən güləsən…
Bunu yaxşı bilirəm mən özüm də,
Çox çətindi bu dünyanı görəsən,
Göz yaşları görünməyə gözündə.

Gəl, ey səhər

O gözlər kimi hər tərəf qara,
Bu yollar səni aparır hara?

Yenə bu səhər günəş nur yerə ələr,
Bir təzə nağıl başlar dünya,
Oyan, ey günəş, oyan.
Al-əlvan boyan, yoxsa bu dəniz uçar,
Bir zülmət gecə dəniz qaçar, gəl, ey səhər.
Gəl, ey səhər.

Əs, dəli külək, bu günü apar,
O ötən ömrü yenidən qaytar.

Yenə bu səhər günəş nur yerə ələr,
Bir təzə nağıl başlar dünya,
Oyan, ey günəş, oyan.
Al-əlvan boyan, yoxsa bu dəniz uçar,
Bir zülmət gecə dəniz qaçar, gəl, ey səhər.
Gəl, ey səhər.

Təqdim etdi: Günel Natiqqızı