Piknik anlayışı bu gün daha çox açıq havada, təbiətin qoynunda yemək yeyib dincəlmək kimi başa düşülsə də, onun tarixi kifayət qədər qədim və maraqlıdır. “Piknik” sözünün mənşəyi XVIII əsrə gedib çıxır və bu termin ilk dəfə Fransada işlədilmişdir. Fransız dilindəki “pique–nique” sözü hər kəsin yeməyə öz payını gətirdiyi, yəni ortaq süfrə anlayışını ifadə edən bir ənənəni təsvir edirdi.
XVIII əsrdə Fransada pikniklər əsasən aristokrat təbəqə arasında yayılmışdı. Bu görüşlər qapalı məkanlarda keçirilir, insanlar bir araya gələrək özləri ilə gətirdikləri yeməkləri paylaşırdılar. Lakin zaman keçdikcə bu ənənə açıq havaya – bağlara, parklara və təbiət qoynuna keçdi. Xüsusilə Fransız İnqilabından sonra kral bağlarının ictimaiyyətə açılması piknik mədəniyyətinin daha geniş yayılmasına səbəb oldu.
XIX əsrdə piknik Avropadan kənara çıxaraq İngiltərə və daha sonra Amerikada populyarlaşdı. İngiltərədə bu fəaliyyət daha çox sosial tədbir kimi qəbul olunurdu. İnsanlar ailə üzvləri və dostları ilə birlikdə açıq havada vaxt keçirməyi, musiqi dinləməyi və müxtəlif oyunlar oynamağı ənənəyə çevirmişdilər. Viktoriya dövründə pikniklər həm də müəyyən etik qaydalarla müşayiət olunurvə bu tədbirlər zövqlü və planlı şəkildə təşkil edilirdi.
XX əsrdə isə piknik artıq sadəcə elit təbəqəyə aid bir fəaliyyət olmaqdan çıxaraq geniş kütlələr arasında yayıldı. Sənayeləşmə və şəhər həyatının sürətlənməsi insanları təbiətə daha çox üz tutmağa vadar etdi. Avtomobillərin yayılması ilə insanlar şəhərdən kənara daha rahat çıxmağa başladılar və piknik ailəvi istirahətin ayrılmaz hissəsinə çevrildi.
Müasir dövrdə piknik sosiallaşmaq, dincəlmək və təbiətlə ünsiyyət qurmaq vasitəsidir. İnsanlar bu zaman telefon və gündəlik stressdən uzaqlaşaraq daha sadə və səmimi anlar yaşayırlar. Müxtəlif ölkələrdə piknik mədəniyyəti fərqli xüsusiyyətlər daşısa da, onun əsas ideyası – paylaşmaq, birlikdə olmaq və təbiətdən zövq almaq dəyişməz qalır.
Hazırladı: Mədinə Məcidli



