Ənənəvi dəyərlər zamanın dəyişən axarına və cəmiyyətlərin fərqli dünyagörüşünə baxmayaraq, öz mahiyyətini qoruyub saxlayan dəyişməz həqiqətlərdir. Bu ali dəyərlər arasında sədaqət məfhumu xüsusi əhəmiyyətə malikdir. Sədaqət qəlbləri görünməz tellərlə bir-birinə qovuşduran ülvi bağ, dostluq və sevgi münasibətlərini möhkəmləndirən mənəvi güc, dürüstlüyə və həqiqətə səsləyən ali hissdir. Məhz buna görə də sədaqət əsrlər boyu bütün cəmiyyət və mədəniyyətlərdə insan xarakterinin ən nəcib keyfiyyətlərindən sayılmışdır.
Sədaqət vicdan saflığını və qəlb zənginliyini əks etdirir. Buna görə də insanlığın vicdan aynasına nəzər salan hər kəs orada mütləq sədaqətin surətini görər. İnsan fitrətindən doğan bu saf hiss dupduru bulaqtək xəyanətin, riyanın və qəlbdəki çirkinliklərin izlərini silib aparır. Sədaqət həm də insanlığın kamilliyə açılan qapısı, daxili gözəlliyin ən parlaq təcəssümüdür.
Sədaqət hər şeydən əvvəl insanın Yaradanla arasındakı əhdə vəfa göstərməsi, verdiyi sözün məsuliyyətini dərk etməsi və ömrünü bu müqəddəs bağlılıq üzərində qurmasıdır. Bu bağlılıq nə sırf dünya nemətlərinə çatmaq, nə də yalnız Cənnətə nail olmaq məqsədi daşıyır. Onun əsl mahiyyəti insan qəlbinin Haqqa yönəlməsi, ruhunun da həqiqətə bağlanmasıdır.
İnsanın qəlbində kök salan sədaqət hissi, təbii olaraq, onun sözlərinə, davranışlarına və başqaları ilə qurduğu münasibətə sirayət edir. Ona əmanət edilən canı, ağlı, qəlbi, zamanı və bütün nemətləri sədaqətlə qoruyur, onlara dərin məsuliyyət hissi ilə yanaşır. Nəticədə qəlbi, dili və əməli eyni həqiqətin ətrafında birləşərək vəhdət təşkil edir. Belə bir insan lütf və nemətlər qarşısında şükrünü unutmur, çətinlik və imtahanlarla üzləşsə də, qəlbindəki razılıq halını itirmir. Qarşılaşdığı hər hadisəni ilahi hikmətin təcəllisi, hər sınağı onu Haqqa daha da yaxınlaşdıran çağırış kimi qəbul edir.
Sadiqlik həm də sədaqət səltənətinin sultanı Həzrət Muhəmmədə (s) könüldən bağlılıqdır. Onun mübarək həyatına nəzər saldıqda sədaqətin ən gözəl nümunələri ilə qarşılaşırıq. Kainatın varlıq səbəbi (s) insanların qəlb qapılarını sədaqət və etibarı ilə açmış, onların mənəvi dünyasında parlayan günəşə çevrilmişdir. Həyatının heç bir anında sədaqətsizlik onun qəlbinə yol tapa bilməmişdir. İnsanlar onun simasında sədaqətin canlı təcəssümünü görərək qəlblərini onun gətirdiyi həqiqətə təslim etmişlər. Onun mübarək bəyanında ilahi hikmətin təcəllisini seyr edib tərəddüdsüz ona bağlanmışlar. Gecənin qaranlığında səhrada ulduzlara baxmaqla yolunu tapan səyyahlar kimi dostları da öz həyatlarını onun hidayət nurunda istiqamətə qovuşdurmuşlar. “Dostunuz bir gecədə Məscidül-Əqsaya (Qüdsə) gedib-gəldiyini deyir” sözünə qarşı sarsılmaz iman və təslimiyyətlə belə cavab vermişlər: “Biz onun hər gün göylərin ötəsindən vəhy gətirdiyinə inanırıq, buna niyə inanmayaq ki?” Beləcə, qəlblərini sevdiklərinin yoluna bağlamış, gətirdiyi həqiqətləri hər şeydən üstün tutmuş və ən çətin imtahanlarda belə sədaqətlərindən dönməmişdilər.
O cümlədən Həzrət Adəmin (ə) qəlbini tövbə işığı ilə nurlandıran və onu ilahi rəhmətə yaxınlaşdıran da sədaqəti olmuşdur. Yer üzünü bürüyən şiddətli tufan zamanı ümidlərin bir-bir sönməyə başladığı anda Həzrət Nuhun (ə) yeganə sığınacağı Rəbbinə sarsılmaz sədaqəti və bağlılığı idi. Alovların hər tərəfi bürüdüyü anda Həzrət İbrahimi (ə) odun içindən salamat çıxaran Rəbbinə dərin təvəkkülü və sədaqəti olmuşdu.
Mövlana Cəlaləddin Rumi doğruluq və sədaqəti belə ifadə edir: “Aşiqin sidq və sədaqəti cansız varlıqlara belə təsir edirsə, insanın qəlbinə təsiri niyə qəribə sayılsın? Həzrət Musanın (ə) sədaqəti dağa-daşa, hətta o əngin dənizə belə təsir göstərmişdi. Həzrət Muhəmmədin (s) sidq və sədaqəti isə Ayın camalına, hətta o parlaq Günəşə belə təsir etmişdi”.
Əslində, bütün sədaqət növləri – millətə, vətənə, dinə, ideologiyaya və dostluğa bağlılıq bir mənəvi kökdən qidalanır. Görünüş etibarilə bir-birindən fərqlənsələr də, onların hər biri insanın daxilindəki doğruluq, vəfa və məsuliyyət hissinin müxtəlif təzahürləridir. Bəsləndiyi məfhumdan asılı olmayaraq hər cür sədaqət insanın xarakterini zənginləşdirir, ona mənəvi bütövlük və kamillik qazandırır. İstər vətənə sədaqət, istər dostluqda səmimiyyət, istərsə də inanca bağlılıq olsun, hamısı eyni dəyərin fərqli ifadə şəklidir.
Vətənə sədaqət insanın öz xalqının taleyinə biganə qalmaması, onun milli-mənəvi irsini qoruyub yaşatması, ölkəsinin rifahı və inkişafı naminə məsuliyyətlə çalışmasıdır. Bu ali keyfiyyət insanın öz köklərinə, tarixinə və mədəniyyətinə sahib çıxması, həmçinin dövlətinin gələcəyinə görə məsuliyyət daşımasıdır. Millətə və vətənə sədaqət həm keçmişə ehtiramı, həm bu günə cavabdehliyi, həm də sabah üçün ümidlə xidmət etməyi özündə birləşdirir.
İnsanın dininə sədaqəti öz inancına könüldən bağlanması, imanını gözəl əxlaqı və səmimi davranışları ilə təsdiq etməsindədir.
Məfkurəsinə bağlılıq insanın ali məqsədə sadiq qalması, həmin ideal uğrunda əzmlə fədakarlıq göstərməsi və çətinliklər qarşısında yolundan dönməməsidir.
Dosta sədaqət onun sevincinə də, kədərinə də şərik olmaq, verilən sözə və dostluğa vəfalı qalmaqdır. Münasibəti şəxsi maraqlar deyil, qarşılıqlı etibar üzərində qurmaqdır. Dostluq münasibətlərində sədaqət və doğruluğu daim qorumaq ətrafdakı insanlara da bu dəyərləri aşılamaqdır. Doğruluğu və sədaqəti həyatının əsas prinsipinə çevirmək isə ilahi dərgahda “siddiq” məqamına yüksəlməkdir.
Qəlbdəki cüzi bulanıqlıq, düşüncənin bir anlıq Haqqdan uzaqlaşıb başqa yönə meyil etməsi sədaqətli insanın ruhunda dərin narahatlıq oyadar. Lakin bu hal onu ümidsizliyə sürükləməz; əksinə, özünü toplayıb Rəbbinə yönəlməsinə səbəb olar. Tövbə və yalvarışlarla qəlb aynasını yenidən cilalamağa çalışar. İnsanın büdrəməsi və yıxılması həyatın bir həqiqəti olduğu kimi, yenidən ayağa qalxıb Haqqa yönəlməsi və sədaqət məqamına yüksəlməsi də mümkündür. Çünki ilahi rəhmət və bağışlanma qapısı Haqqa qayıtmaq arzusunda olanların üzünə daim açıqdır.
İnsan hər gün vicdanı ilə üz-üzə qalaraq özünə bu sualları verməlidir: “Verdiyim sözə nə qədər sadiqəm? Əhdimə sədaqət göstərə bilirəmmi? Mənə etibar edilən əmanəti layiqincə qoruyuram, yoxsa şəxsi maraqlarım naminə ona xəyanət edirəm? Qəlbimdəki niyyətlə dilimdən çıxan söz bir-birinə uyğundurmu? Qəlbimdə sədaqət yoxdursa, getdiyim yol nə dərəcədə doğru ola bilər?..”
İnsanda az da olsa, sədaqət duyğusu varsa, deməli, onun qəlbində sadiqliyə layiq istedad toxumu mövcuddur. Bu toxum münbit torpağa əkilər, hikmət və mənəviyyat bağbanlarının tərbiyəsi ilə bəslənərsə, zaman keçdikcə dərinliyə kök salan və bəhrə verən bir ağaca çevrilər. Buna görə də insanın mənəvi inkişafına yol göstərən kamil bir bağban tapması, ona səmimi-qəlbdən bağlanması və onun sədaqət rəngi ilə boyanması çox önəmlidir. Uca Allahın “Sadiqlərlə birlikdə olun!” əmri də məhz bu həqiqətə işarə edir. İnsan doğruluq və sədaqət sahiblərinin yolunu seçməli, onlarla birgə addımlamağa çalışmalı, onların öyrətdiyi ədəb və davranışları həyatına tətbiq etməlidir. Belə mənəviyyat bağbanlarından olan Əbdülqadir Gilaninin gənc fidanlara belə bir xitabı var: “Ey gənc övladlarım! Mal-mülkünüz sizin olsun; mənə az da olsa, sədaqətinizdən sədəqə verin. Sizdən istədiyim tək şey sadiqliyiniz və ixlasınızdır. Bunun faydası yenə sizin özünüzə olacaq. Bunu özümə görə deyil, sizin xeyriniz üçün istəyirəm”.
Bu fikirlər onu göstərir ki, insanı həqiqi mənada ucaldan nə mal-dövlətdir, nə də dünya sərvəti; onun dəyərini artıran əsas xüsusiyyət ixlasla qorunan sədaqətdir. Çünki insan doğru bağbanın tərbiyəsində yetişdikdə həm öz həyatına, həm də ətrafına fayda verən mənəviyyat ağacına çevrilir. Buna görə də sadiq insanlarla birlikdə olmaq qəlbdə sədaqət duyğusunun möhkəmlənməsinə, onların mənəvi hal və əxlaqından pay almasına səbəb olur. Sədi Şirazi sadiqlərlə yoldaşlığın nəticəsini belə ifadə edir: “Bir köpək olan Qitmir Əshabi-Kəhfə sədaqətlə bağlı qaldığı üçün böyük bir şərəfə nail oldu və adı “Qurani-Kərim”də anıldı…”
Sədaqətini qoruyan insan dünyada da izzət və etibar qazanar, mənəvi baxımdan uca məqamlara çatar. Zaman keçdikcə onun qəlbi mərifət nuru ilə işıqlanar. Çünki Haqq yolunda addımlamaq üçün sədaqətlə yanaşı, mərifət nuruna da ehtiyac vardır. Bu nur isə yalnız sadiqlərin və siddiqlərin qəlbində doğular; həqiqətə bütün varlığı ilə bağlanan, onu qəlbən təsdiqləyib vəfa ilə yaşayan insanların ruhunda parlayar.
Səmimi və sadiq insan hər an Allahın onu görüb-eşitdiyini və qəlbindən keçən ən gizli niyyətlərdən xəbərdar olduğunu unutmamalıdır. Çünki onun göstərdiyi sədaqət insanlar tərəfindən təqdir edilməsə, hətta bəzən düzgün anlaşılmasa belə, Allah nəzdində heç vaxt qarşılıqsız qalmaz. Buna görə də son nəfəsinə qədər Allahın razılığını qazanmaq ümidi ilə dürüstlüyə, vəfaya və gözəl əxlaqa sadiq qalmalıdır.
Sədaqət qəlbdən qəlbə ötürülən mənəvi mirasdır. Bu mirası qoruyub yaşatmaq və gələcək nəsillərə ötürmək sədaqət varisliyinə sahib çıxmaqdır. Dövrlər dəyişsə də, sədaqətin mənəvi işığı bir könüldən digərinə yayıldıqca yeni sadiqlər yetişəcək və onlar da bu müqəddəs mirasın daşıyıcılarına çevriləcəklər.



