Xəbərlər

Hikmət Quliyev “Füyuzat TV”yə müsahibəsində folklorun müasir mahiyyəti və rəqəmsal transformasiyasından danışıb

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev “Füyuzat TV”yə müsahibəsində folklorun tarixi formalaşmasından daha çox onun müasir sosial-mədəni mahiyyəti, xalq və bilik münasibətlərinin dinamik xarakteri, milli kimlik və kollektiv mədəni yaddaşın formalaşmasında folklorun funksiyası, Azərbaycanda müxtəlif etnik qrupların folklor irsinin qorunması, eləcə də rəqəmsal kommunikasiya və süni intellekt şəraitində folklor yaradıcılığının yeni formaları barədə fikirlərini bölüşüb.

Müsahibədə folklor anlayışının yalnız keçmişdən miras qalmış mətn və ənənələr kimi başa düşülməsinin onun müasir mahiyyətini izah etmək üçün yetərli olmadığı vurğulanıb. Hikmət Quliyev qeyd edib ki, XIX əsrin ortalarında “folklor” termini ortaya çıxarkən “xalq biliyi”, “xalq hikməti” mənalarını ehtiva edirdi. Lakin folklorşünaslığın sonrakı inkişafı göstərdi ki, burada söhbət yalnız müəyyən bilik fondunun qorunmasından deyil, biliyin sosial qrup daxilində yaradılması, paylaşılması, mənalandırılması, dəyişdirilməsi və yenidən dövriyyəyə daxil edilməsi prosesindən gedir. Bu baxımdan folklor təkcə hazır şəkildə qorunan keçmiş deyil, sosial münasibətlər daxilində daim yenilənən mədəni prosesdir.

İnstitut direktoru folklorun daşıyıcısını yalnız kənd mühiti, yaşlı nəsil və ənənəvi mühitlə məhdudlaşdıran təsəvvürlərin sənayeləşmə, şəhərləşmə və kommunikasiya texnologiyalarının inkişafı ilə dəyişdiyini bildirib. Folklorun mövcudluğu üçün müəyyən bir sosial qrupun ortaq ünsiyyət, təcrübə və məna mühiti yaratması əsas şərtlərdən biridir. Buna görə folklor kənddə olduğu kimi şəhərdə, ailədə olduğu kimi peşə və maraq qruplarında, ənənəvi icmada olduğu kimi gənclər arasında və virtual kommunikasiya şəbəkələrində də yarana bilər. Bu yanaşma folkloru müəyyən sosial təbəqənin “mirası” olmaqdan çıxararaq sosial münasibətlər daxilində istehsal olunan və dövriyyəyə daxil edilən mədəni bilik kimi nəzərdən keçirməyə imkan verir.

Hikmət Quliyev folklorun zamanla münasibətinin də yenidən düşünülməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, folkloru yalnız keçmişin yaddaşı kimi təqdim etmək onun funksional və kommunikativ xarakterini məhdudlaşdırır. Folklor keçmiş haqqında bilikləri yaşatmaqla yanaşı, müasir həyatın izahı, gündəlik təcrübənin mənalandırılması və gələcəyə dair təsəvvürlərin formalaşdırılması proseslərində də iştirak edə bilər. Bu mənada folklor yalnız “keçmişdən gələn” deyil, indiki zamanda yaradılan və gələcək üçün mədəni məna istehsal edən bir sistemdir. Şifahi ünsiyyətdən yazıya, mətbuatdan radio və televiziyaya, elektron mediadan sosial şəbəkələrə qədər kommunikasiya mühitinin dəyişməsi də məhz bu sistemin fəaliyyət mexanizmlərini yeniləyib. Azərbaycan dilində işlənən “xalq yaradıcılığı” və “xalq biliyi” ifadələri də folklorun bu bilikyaradıcı mahiyyətini daha aydın şəkildə ifadə edir.

Müsahibədə “xalq” anlayışının folklorşünaslıqda yalnız siyasi və ya coğrafi birlik kimi qəbul edilməsinin yaratdığı məhdudiyyətlərə də toxunulub. Hikmət Quliyev bildirib ki, Azərbaycan folkloru müəyyən coğrafi-siyasi sərhədlərlə tam məhdudlaşan hadisə deyil. Güney Azərbaycan və İraq türkmanları ilə bağlı folklor materialları da ortaq dil, tarixi yaddaş, mədəni kodlar və folklor ənənələri baxımından daha geniş Azərbaycan folklor məkanının tədqiqi kontekstində nəzərdən keçirilə bilər. Eyni zamanda, bu yanaşma Azərbaycan dilli virtual mühitdə ünsiyyət quran müxtəlif insanların yaratdığı ortaq folklorik məna və bilik sistemlərini də müasir Azərbaycan folklorunun tədqiqat coğrafiyasına daxil etməyi tələb edir.

Müsahibədə folklorun milli kimlik və mədəni təhlükəsizliklə əlaqəsi də sosial-antropoloji perspektivdən izah olunub. Hikmət Quliyev qeyd edib ki, qloballaşma və rəqəmsallaşma müxtəlif mədəni məzmunların vahid kommunikasiya məkanında sürətlə qarşılaşmasına səbəb olur. Belə bir şəraitdə milli kimlik yalnız tarixi irsin qorunması məsələsi kimi deyil, həm də sosial qrupların özünü necə ifadəsi, öz təcrübəsini hansı mədəni kodlarla ifadə etməsi məsələsi kimi aktuallaşır. Şübhəsiz ki dil bu identiklik sisteminin mühüm daşıyıcılarından biridir, folklor isə həmin dil daxilində kollektiv yaddaşın, davranış modellərinin, stereotiplərin emosional reaksiyaların və dünyanı qavrama formalarının yaşadığı mədəni mühitdir. Alim bu baxımdan folkloru xalqın kollektiv “əməliyyat sistemi”nə bənzədib. Bu metafora folklorun yalnız estetik mətnlər toplusu olmadığını, toplumun dünyanı qavrama və mənalandırma mexanizmlərindən birini təşkil etdiyini göstərir. Bir toplumun nəyə güldüyü, nəyə ağladığı, hansı davranışı məqbul və ya qəbuledilməz hesab etdiyi, hansı stereotipləri yaratdığı, hansı obrazları müsbət və ya mənfi mənalarla yüklədiyi onun sosial-mədəni dünyasının strukturunu anlamaq üçün əhəmiyyətli material verir. Bu səbəbdən folklor milli yaddaşın qorunması ilə yanaşı, cəmiyyətin özünü və dünyanı necə mənalandırdığını öyrənməyə imkan verən antropoloji bilik sahəsi kimi də çıxış edir.

Müsahibədə Azərbaycanın multikultural və multietnik folklor mühiti də ayrıca diqqət mərkəzində olub. Qeyd edilib ki, Azərbaycan müxtəlif etnik qrupların yaratdığı mədəni irsin qarşılıqlı təmasda olduğu mürəkkəb folklor coğrafiyasına malikdir. Avar, ləzgi, talış, rutul, ingiloy və digər etnik qrupların folklor irsi bu coğrafiyanın tərkib hissəsidir. Azərbaycan dili həmin qruplar arasında ümumi kommunikasiya vasitələrindən biri kimi çıxış etsə də, hər bir etnik qrupun öz dilində yaratdığı folklor nümunələri həmin kollektivin dünyagörüşünü, tarixi yaddaşını və mədəni özünəməxsusluğunu daşıyır. Buna görə etnik folklorun qorunması yalnız mətnlərin arxivləşdirilməsi deyil, mədəni müxtəlifliyin onu yaradan sosial və dil mühiti ilə birlikdə sənədləşdirilməsi məsələsidir.

Müsahibənin mühüm istiqamətlərindən biri folklorun rəqəmsal kommunikasiya mühitində transformasiyası olub. Hikmət Quliyev vurğulayıb ki, folklorun mövcudluq şərtlərindən biri ünsiyyət olduğuna görə kommunikasiya mühitinin dəyişməsi folklorun yalnız yayılma kanalını deyil, onun yaranma, forma qazanma, dövr etmə və mənalandırılma mexanizmlərini də dəyişdirir. Yazının və kütləvi informasiya vasitələrinin meydana çıxmasının folkloru aradan qaldıracağı ilə bağlı əvvəlki təsəvvürlər özünü doğrultmadığı kimi, rəqəmsal mühit də folkloru yox etmir. Əksinə, folklor yeni texnoloji mühitlərə daxil olaraq yeni kommunikativ formalar və ifadə imkanları qazanır.

Bu baxımdan müasir folklorşünaslıq üçün kənddən şəhərə keçid qədər, real sosial mühitdən virtual kommunikasiya mühitinə keçid də mühüm metodoloji məsələdir. Smartfonlar və sosial şəbəkələr müxtəlif coğrafi məkanlarda yaşayan insanları eyni Azərbaycandilli virtual kommunikasiya sahəsində qarşılaşdırır. Burada zarafatlar, ləqəblər, stereotip ifadələr, şayiələr, müxtəlif hadisələrə kollektiv reaksiyalar, fotomontajlar, memlər, flashmoblar və qısa mətnlər yalnız rəqəmsal kontent kimi deyil, müəyyən sosial qrupların hadisələri necə qəbul etdiyini, necə şərh etdiyini və özünü necə ifadə etdiyini göstərən folklorik materiallar kimi də tədqiq oluna bilər. Beləliklə, virtual mühit folklor üçün sadəcə yeni yayım kanalı deyil, yeni folklorik məna yaradıcılığı mühitidir.

Hikmət Quliyev rəqəmsal folklorun tədqiqinin folklorşünaslığın metodoloji sərhədlərini də genişləndirdiyini bildirib. Əgər ənənəvi folklorşünaslıq əsasən üz-üzə kommunikasiya, sahə materialları və mətnlərin toplanması üzərində qurulurdusa, rəqəmsal folklor tədqiqatçı qarşısında virtual qrupların müşahidəsi, rəqəmsal izlərin sənədləşdirilməsi, sürətlə dəyişən folklorik materialların arxivləşdirilməsi və həmin materialların sosial kontekstinin müəyyənləşdirilməsi kimi yeni vəzifələr yaradır. Bu baxımdan folklorşünaslığın tədqiqat obyekti ilə yanaşı, sahə anlayışının özü də dəyişir: sahə artıq yalnız müəyyən coğrafi məkan deyil, sosial və rəqəmsal kommunikasiya məkanıdır.

Müsahibədə süni intellektin folklor yaradıcılığına təsiri də ayrıca müzakirə olunub. Hikmət Quliyev qeyd edib ki, ənənəvi folklor insan-insan kommunikasiyası daxilində formalaşırdısa, rəqəmsal texnologiyalar insanın texnoloji sistemlə qarşılıqlı əlaqəsini də mətn və məna istehsalının iştirakçısına çevirir. Mövcud folklor süjetlərinin süni intellekt vasitəsilə yenidən işlənməsi, müxtəlif süjetlərin birləşdirilməsi və yeni mətnlərin yaradılması artıq folklorşünaslığın qarşısında yalnız texnoloji deyil, həm də nəzəri xarakterli suallar qoyur.

Bu kontekstdə əsas məsələ yalnız süni intellekt tərəfindən yaradılan mətnin “folklor” olub-olmaması deyil. Daha fundamental sual folklorik yaradıcılığın subyekti və kollektiv-fərd anlayışının texnoloji mühitdə necə dəyişməsidir. İnsan tərəfindən verilən “sifariş”, əvvəlki folklor mətnlərindən əldə edilmiş informasiya, alqoritmik emal və nəticədə meydana çıxan yeni mətn arasında yaranan münasibət ənənəvi kollektiv yaradıcılıq modelinə sığmayan yeni vəziyyət formalaşdırır. Bu isə folklorşünaslıq və mədəniyyətşünaslıq, fəlsəfə və digər elmlər qarşısında insan–texnologiya münasibətlərini, kollektiv və alqoritmik yaddaşı, folklor materialının yenidən istehsalını və yeni məna yaranma mexanizmlərini araşdıran perspektivlər açır.

Hikmət Quliyev vurğulayıb ki, folklorun müasir mahiyyətini anlamaq üçün onu yalnız keçmişdən gələn mədəni irs kimi deyil, cəmiyyətin kommunikasiya, yaddaş, identiklik və mənayaratma proseslərində daim yenilənən canlı sistem kimi nəzərdən keçirmək lazımdır. Bu yanaşma folklorşünaslığın ənənəvi materialları qoruma funksiyasını istisna etmir, əksinə, həmin funksiyanı müasir sosial, rəqəmsal və texnoloji reallıqların tədqiqi ilə tamamlayır. Rəqəmsal mühit və süni intellektin meydana çıxması folklorun sonu deyil, onun nə olduğu, kim tərəfindən yaradıldığı, hansı mühitdə dövr etdiyi və necə mənalandırıldığı barədə yeni sualların başlanğıcıdır.

Müsahibəni aşağıdakı keçiddən izləyə bilərsiniz:
https://youtu.be/0s9fpMiuRGo?si=pqRYa3U8kqOPVkAt