“Dövlət qulluğu sertifikatı” sertifikatının qüvvədə olma müddəti azaldılır.
“Füyuzat” xəbər verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir.
Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
“Dövlət qulluğu sertifikatı” qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.



