Xəbərlər

Bir gün, min hekayə

Bəzən tarixlər təkcə təqvimdə qalmır. Onlar insanların yaddaşına yazılır, hisslərə çevrilir. 27 sentyabr da məhz belə günlərdəndir. Həmin səhər hər şey birdən dəyişdi. Uzun illər davam edən gərginlik, nəticəsiz danışıqlar, dondurulmuş ümidlər artıq başqa mərhələyə keçirdi. Sentyabrın 27-də başlayan döyüşlər 44 gün davam etdi və bu müddət ərzində cəbhə xətti ilə yanaşı, insanların daxilində də böyük dəyişikliklər baş verdi. Bir evdə ana telefon səsinə dikilən ümid, başqa bir evdə ata xəbərləri səssizcə izləyən narahatlıq və bir gənc üçün həyatın birdən–birə dəyişdiyi, uşaqlıqdan çıxıb məsuliyyətə keçdiyi an idi.

Hər kəsin 27 sentyabrı fərqli başladı, lakin hamının hiss etdiyi tək şey vardı – gözlənilən qayıdışın başladığı hissi. Bu qayıdışın arxasında isə illərin həsrəti dururdu. 30 ilə yaxın davam edən işğal, bir milyondan çox insanın yurd–yuvasından didərgin düşməsi, nəticəsiz qalan beynəlxalq danışıqlar bu günün fonunu təşkil edirdi. Bütün bunların fonunda başlayan 44 günlük proses siyasi iradənin, cəmiyyətin birliyinin və milli kimliyin ortaya çıxdığı mərhələ idi. Döyüşlər zamanı şəhərlər atəşə tutuldu, mülki insanlar həyatını itirdi, yüzlərlə insan yaralandı . Eyni zamanda insanlar bir–birinə daha çox bağlandı. 44 günün sonunda isə artıq başqa bir reallıq yarandı. Uzun illər işğal altında qalan ərazilərin böyük hissəsi azad edildi, 300–dən çox yaşayış məntəqəsi geri qaytarıldı . Bu bir dövrün bağlanması və yeni bir mərhələnin başlanğıcı idi.

Dünənə qədər adi həyat yaşayan insanlar səngərin, barıt qoxusunun, ölüm və həyat arasındakı incə xəttin içində qaldı. Bu günləri yaşayan əsgərlərin xatirələrində isə müharibə nə filmlərdəki kimidir, nə də sadəcə tarix kitablarında yazıldığı kimi. Onlar o günləri daha çox hisslərlə, səslərlə və unudulmayan anlarla xatırlayır.

“Ölüm qorxusu olmurmu?” sualına çoxu eyni cür cavab verir: qorxu vardı, lakin daha güclü bir hiss onu üstələyirdi. Döyüş iştirakçısı bunu belə ifadə edir: “Biz ölümün içinə gedirdik, amma geri çəkilməyi düşünmürdük. Sadəcə irəli getmək istəyirdik.”

Başqa bir əsgər isə müharibəyə necə yollandığını xatırlayarkən deyir ki, bu günü illərlə gözləyib: o, döyüşdə olmağı seçim yox, borc kimi görürdü və “o qələbə sevincini döyüşdə yaşamaq istədiyini” gizlətmirdi.

Əsgərlərin yaddaşında ən çox qalan şeylərdən biri də səslərdir. Partlayışlar, güllə səsləri, komanda qışqırıqları… Müharibədən sonra belə səslər onları tərk etmir. Gecələr yuxularında yenə həmin səhnələri görür, “od–alov, qışqırıq səsləri” yaddaşdan silinmir.  Əsgərlər üçün döyüş  yanındakı dostunu qorumaq idi. Bəzən bir söz, xəbərdarlıq insanın həyatını xilas edə bilərdi. Elə buna görə də bəziləri gecələr belə yatmır, qarşısına çıxan hər kəsə təlimat verməyə çalışırdı – “bəlkə bir sözüm onu ölümdən qurtarar” düşüncəsi ilə. Döyüş meydanında yaşanan hadisələr isə çox vaxt təsəvvür ediləndən daha ağır idi. Bəzi istiqamətlərdə yaralı halda döyüşü davam etdirənlər, geri çəkilməkdən imtina edənlər olurdu. Hətta əsir düşən əsgərlərin sonradan danışdıqları da müharibənin sərt üzünü açıq şəkildə göstərir – yaralı vəziyyətdə belə işgəncələrə məruz qalmaq, ağrı ilə mübarizə aparmaq kimi hadisələr müharibənin reallığı idi.

2.908 hərbi qulluqçumuz şəhid oldu:

Kamran Hacıyev – Füzuli və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdi. Son döyüşü Hadrut uğrunda oldu və 22 oktyabrda şəhidlik zirvəsinə ucaldı. Onu tanıyanlar deyir ki, geri çəkilməyi qəbul etməyənlərdən idi.

Qurbanəli Quluzadə isə eyni istiqamətlərdə döyüşmüş, Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərmişdi. Onun haqqında danışanlar bir cümləni tez-tez təkrar edir: “son ana qədər mövqeyini tərk etmədi.”

Emin Qədirov da həmin günlərin adlarından biridir. O, döyüş tapşırıqlarını yerinə yetirərkən həyatını itirdi, silah yoldaşlarının yaddaşında “sakit, amma ən çətin anda önə çıxan” biri kimi qaldı.

Siyahı yüzlərlə, minlərlədir – Toğrul Abbasov, Sərxan Abdullayev, Rövşən Allahverdiyev, Nihad Babayev və daha neçə-neçə gənc…

Onların qurduğu cümlələr sadə və ağır idi:

“Geri yol yoxdur.”

“Ya biz gedəcəyik, ya da tarix bizi bağışlamayacaq.”

“Anama deməyin ki, qorxdum.”

Bəzi istiqamətlərdə döyüşlər günlərlə fasiləsiz davam edirdi. Yaralı halda döyüşənlər, geri çəkilməyənlər, son gücü ilə silahını buraxmayanlar vardı. Xüsusilə dağlıq ərazilərdə – Şuşa istiqamətində gedən döyüşlər əsgərlərin yaddaşında ən ağır və qürurlu anlar kimi qaldı. Bir çox qazilər sonradan deyirdi ki, ən unudulmaz an səngərdəki sükut idi. Atəş səsləri kəsiləndə yaranan o sakitlik…

Hər kəsin içində eyni sual: “Hamı sağdırmı?”

Müəllif: Mədinə Məcidli