Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda 5719.01 – “Folklorşünaslıq” və 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə 4 namizəd iştirak edib. Qiyabi doktorantura üzrə “Azərbaycan ədəbiyyatı” ixtisasından 1, “Folklorşünaslıq” ixtisasından isə 3 namizəd ixtisas imtahanı verib.
Qeyd edək ki, doktoranturaya qəbul prosesinin tələblərinə əsasən, namizədlərin ixtisas imtahanına buraxılması üçün əvvəlcə xarici dil, daha sonra fəlsəfə fənlərindən imtahan verməsi tələb olunur. Folklor İnstitutunda keçirilən ixtisas imtahanında əvvəlki mərhələləri uğurla başa vuran namizədlər iştirak ediblər.
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev imtahan prosesi ilə tanış olaraq namizədlərə İnstitutun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, müasir folklorşünaslıq ənənəvi filoloji mətnlərin araşdırılmasından fərqli olaraq, folklorun sosial, antropoloji və kommunikativ aspektlərinin, eləcə də müasir informasiya-kommunikasiya mühitində meydana çıxan folklorik verilənlərin öyrənilməsini də əhatə edir.
Hikmət Quliyev internet folkloru, süni intellekt və folklor problemləri, gündəlik həyatın müxtəlif sahələrində müşahidə olunan folklorik davranış və düşüncələrin müasir folklorşünaslıq üçün aktual tədqiqat istiqamətləri olduğunu diqqətə çatdırıb.İnstitut direktoru qarşıda duran əsas vəzifələrdən birinin yeni nəsil folklorşünasların hazırlanması olduğunu bildirib. O, doktorantların elmi mühitə fəal inteqrasiyasının, təcrübəli tədqiqatçılarla elmi əməkdaşlığının, tədqiqat bacarıqlarının inkişaf etdirilməsinin və elmi fəaliyyətlərinin davamlı şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıb.
Bundan sonra namizədlərin ixtisas üzrə bilik və hazırlıq səviyyələrinin qiymətləndirilməsi məqsədilə ixtisas imtahanına başlanılıb.







