Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Perunun məşhur “Filarmoníya” radiosunun 102.7 FM tezliyində Azərbaycanın dahi bəstəkarı, milli professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş xüsusi veriliş yayımlanıb.
“Füyuzat” xəbər verir ki, gün ərzində iki dəfə efirə gedən və hər biri bir saat davam edən verilişdə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolu, zəngin yaradıcılıq irsi və dünya musiqi xəzinəsinə verdiyi töhfələr barədə geniş məlumat verilib. Bəstəkarın musiqiləri səsləndirilib.
Veriliş zamanı bəstəkarın müxtəlif janrlarda yaratdığı əsərlər də səsləndirilib. Dinləyicilərə Üzeyir Hacıbəylinin Azərbaycan professional musiqisinin formalaşmasında və milli musiqi məktəbinin inkişafında oynadığı mühüm rol haqqında məlumat təqdim olunub.
Bəstəkarın yaradıcılığı Perunun radio dinləyicilərinə təqdim edilərək, Azərbaycan milli musiqisinin zəngin irsinin Cənubi Amerika auditoriyasına çatdırılmasına töhfə verib.



