7–11 oktyabr tarixlərində 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi (Frankfurter Buchmesse – 2026) keçirilir.
“Füyuzat” xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sərgidə ölkəmizin qədim tarixi və zəngin ədəbi irsi xüsusi dizaynla hazırlanmış milli stenddə müxtəlif kitab nümunələri vasitəsilə təqdim edilir.
Sərgidə Azərbaycanın yazar və nəşriyyat nümayəndələrindən ibarət geniş heyət iştirak edir.
Sərginin ilk günündə Azərbaycan stendi çoxsaylı yerli və xarici ziyarətçilərin diqqət mərkəzində olub. Ziyarətçilər milli stenddə yer alan kitablarla yaxından tanış olub, nəşrlərimizə böyük maraq göstəriblər.
Eyni zamanda bir sıra ölkələrin nəşriyyat nümayəndələri ilə Azərbaycan nəşriyyat təmsilçiləri arasında müəllif hüquqları və əməkdaşlıq məsələlərinə dair məhsuldar görüşlər keçirilib.
Sərgi çərçivəsində “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq, ilk dəfə oktyabrın 9-da “Global səhnə” adlı təqdimat zonasında “Azərbaycan ədəbiyyatı xaricdə” mövzusunda panel müzakirəsi keçiriləcək. Paneldə Azərbaycan ədəbiyyatının xaricdə nəşri və beynəlxalq auditoriyaya tanıdılması məsələləri müzakirə olunacaq. Tədbirdə ədəbiyyatımızın görkəmli nümayəndələri, həmçinin son illərdə Azərbaycan kitabının tanıtımı ilə bağlı görülən işlər barədə məlumat veriləcək. Müzakirədən sonra Azərbaycanın uşaq yazarları ilə imza saatı təşkil olunacaq.
Qeyd edək ki, builki sərginin fəxri qonaq ölkəsi Çex Respublikasıdır.













