Milli Kitabxanada klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, Əfzələddin Xaqani Şirvaninin “Böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani – 900” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgidə şairin əsərləri, qəzəlləri, rübailəri, poemaları, şeirləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Xaqani Şirvani Azərbaycan ədəbiyyatının nəhəng simalarından biridir. XII əsrdə yaşayıb-yaratmış böyük şair Azərbaycan ədəbiyyatında təsəvvüf və sufi düşüncəsinin, eləcə də dövrü üçün fərqli sayılan bir sıra poetik janr və mövzuların inkişafında mühüm rol oynayıb.
Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması daxildir.



