Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisi ikinci günündə zəngin ədəbi proqramla işini davam etdirir

XII Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. Sərginin ikinci günündə də ziyarətçilər üçün zəngin və maraqlı proqram təşkil olunub. “Alatoran” nəşriyyatının təşkilatçılığı ilə İsveç, Finlandiya və Estoniya ədəbiyyatından Azərbaycan dilinə tərcümə olunmuş kitabların təqdimatı keçirilib.

“Füyuzat” xəbər verir ki, tədbirdə Skandinaviya və Şimali Avropa ölkələrinin müasir ədəbi mühiti, son illərdə bu ölkələrin ədəbiyyatında müşahidə olunan yeniliklər, eləcə də bədii tərcümənin xalqlar arasında mədəni əlaqələrin inkişafındakı rolu müzakirə edilib.

Bildirilib ki, son 20 ildə Skandinaviya ədəbiyyatında mühüm dəyişikliklər baş verib, yeni müəlliflər və fərqli yaradıcılıq istiqamətləri meydana çıxıb. Dövlət tərəfindən yazıçılara göstərilən dəstək, onların beynəlxalq ədəbi tədbirlərdə iştirakı və xüsusi yaradıcılıq məktəblərinin fəaliyyəti dünya dillərinə tərcümə olunan sanballı əsərlərin yaranmasına şərait yaradıb.

Qeyd olunub ki, müasir Skandinaviya ədəbiyyatında milli kimlik, tarixi yaddaş, mədəni irsin qorunması və cəmiyyətin müxtəlif təbəqələrinin üzləşdiyi sosial problemlər mühüm yer tutur. Bu baxımdan İsveç yazıçısı Ann-Helen Laestadiusun yaradıcılığına xüsusi diqqət çəkilib. Müəllifin əsərində İsveçin şimalında yaşayan yerli sami xalqının tarixi, həyat tərzi, milli kimliyini qorumaq uğrunda mübarizəsi və üzləşdiyi çətinliklər təsvir olunur.

Tədbirdə, həmçinin bədii tərcümə və nəşriyyat fəaliyyətinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, “Alatoran” nəşriyyatı indiyədək İsveç və Finlandiya ədəbiyyatından ondan çox əsəri Azərbaycan dilinə tərcümə edərək nəşr edib. Bu nəşrlər Azərbaycan oxucularının Şimali Avropa xalqlarının ədəbi irsi və müasir yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradır.

Tədbir çərçivəsində həmçinin Azərbaycan yazıçılarının əsərlərinin beynəlxalq ədəbi arenaya çıxarılması, xarici dillərə tərcüməsi və dünya oxucularına tanıdılması imkanları ətrafında da müzakirələr aparılıb. Bu istiqamətdə beynəlxalq nəşriyyatlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təbliği və yerli müəlliflərin beynəlxalq kitab sərgilərində iştirakının əhəmiyyəti vurğulanıb.