Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlının “Qızım mənim” kitabının təqdimat mərasimi keçirilib.
“Füyuzat”xəbər verir ki, təqdimat mərasimində yazarın qələm dostları və oxucular iştirak ediblər.
Təqdimatda çıxış edən filologiya elmləri doktoru, professor Minaxanım Təkləli kitabı didaktik əsər kimi yüksək qiymətləndirib. O, kitabın bu günün reallıqları ilə səsləşdiyini vurğulayaraq nəşrin bütün Azərbaycan gəncliyinə ithaf olunduğunu bildirib.
“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu kitabdakı məqalələrdə milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə sədaqətə, eləcə də ailə, tərbiyə və həyat fəlsəfəsinə dair dərin humanist düşüncələrin əks olunduğunu qeyd edib. O bildirib ki, kitab yalnız bir ananın qızına öyüdü deyil, geniş mənada gənc nəslə xitab edən mənəvi yol xəritəsidir.
Kitabın müəllifi, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı hər bir kitab sərgisinin bütövlükdə əsl kitab bayramı olduğunu söyləyib. XII Bakı Beynəlxalq Kitab Sərgisinin onun üçün xüsusilə əlamətdar olduğunu vurğulayan yazar ilk kitabı olan “Qızım mənim”in işıq üzü görməsindən duyduğu sevincini bölüşüb. O, nəşrin hazırlanmasında göstərdikləri diqqət və dəstəyə görə “MİMTA Yayımları” kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, kitab müəllifin “İşıq” dərgisində müxtəlif illərdə yayımlanan silsilə yazıları əsasında Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “MİMTA Yayımları”nda nəşrə hazırlanıb.



