Ədəbiyyat Xəbərlər

Abay Kunanbayev  – Yola çıxsan, doğru yol seç

Bu gün XIX əsr qazax modern ədəbiyyatının qurucusu maarifçi şair və filosof Abay Kunanbayevin anadan olmasından 181 il ötür.

Əsl adı İbrahim olan dahi şair ədəbi aləmdə nənəsinin ona verdiyi “Abay” adı ilə tanınmış, fəlsəfi düşüncələri və zəngin poeziyası ilə dərin iz qoyub. Milli-mənəvi dəyərlərin fəal təbliğatçısı olan şair həm də dünya ədəbiyyatını doğma dilinə tərcümə edərək Qazax mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib.

“Fuyuzat.az” olaraq şairin doğum günü münasibətilə onun yaradıcılıq nümunələrindən bir qismini oxucularımıza təqdim edirik:

Yola çıxsan, doğru yol seç,
Doğru yolda olsan, öyün!
Daş olsan da möhkəm ol sən,
Divarı ol bir daş evin.

 Qaçana da açıqdır yol,
Qovan da bu yolla qaçır.
Qaçana da, qovana da
Yalnız ağıl işıq saçır.

 Haqq yolunda yorulsan da,
Həqiqətdən qaçmaq olmur.
Ön od-alov, arxa zülmət,
Əziyyətdən qaçmaq olmur.

Sən nəfsini qoru hər an,
 Təriflərdən uzaq dolan.
Öz eybini özün anla,
 Mərdliklə çıx hər qovğadan.

Yaxşı sözlə çox öyünmə,
Sənə düşmən olar sözün.
Paxıl gözlər yorar səni,
Yarı yolda qoyar bir gün.

İnamla at addımını,
Zəhmətin də itməz onda.
Kim gül əksə, əvvəlaxır
Gül dərəcək bu dünyada.

1894
Tərcümə edən: Fikrət Sadıq

***

Adam var ki, ağıllı sözlərə qulaq asmaz,
Adam var ki, doğruluq haqqında kəlmə yazmaz,
Mən həqiqət carçısı, ədalət aşiqiyəm,
Bağışlayın, yazımda sərtlik olursa az-maz.

Adam var ki, dəridən çıxır bu yer üzündə,
Təki tamahkarlığı işıqlansın gözündə,
Məncə, böylə kəslərə adam demək nahaqdır,
Onların məna olmaz ən tərifli sözündə!

Heyranıyam cahanda geniş qəlbli insanın,
Günəşin, həqiqətin, ədalətin, vicdanın!
Ay insanlar, insançün ömr eyləyin cahanda,
Cahanda ən bilikli insanlara inanın!

1887
Tərcümə edən: Rəfiq Zəka

***

Ey gənclik atəşim, hardasan, söylə?
Neçin oyatmırsan qəlbimdə həycan?
Kamala yetsəm də həyatda,hələ
Gözəllik sirrini bilmirəm, inan.

Yalanın, riyanın qiymətini sən
Bilirsən, xeyirxah olma o qədər.
Zəhmətsiz səadət olmaz qətiyyən,
Qəlbinə qüvvət yığ sən axşam, səhər.

Eşqin nəşəsini dadmasanız siz,
Onun mənasını bilərmisiniz?
Dərd böyük olanda, – belə qayda var,
– Bu yolda baş verən haqlı sayılar.

Əsil dost o zaman yaxşı görünür,
Səninlə bir olur, qalmır geridə.
Əgər otarmırsan sən öz sürünü,
Otarmaz səninçün özgələri də!

Bil ki, taleyinin sənsən ağası,
Ətalət – bəladır, zəhmət – səadət.
Dərk edilməyibsə elmin mənası
Şirin nitqlər də boş şeydir əlbət

Qayəsiz, qayğısız yaşayan insan
Axırda əliboş qalacaq, inan.
Qoy yadda saxlasın hamı ürəklə:
Ağız şirin olmaz halva deməklə.

1889
Tərcümə edən: Əliağa Kürçaylı