Xəbərlər

ABŞ müdafiə naziri səudiyyəli həmkarı ilə telefon danışığı aparıb

ABŞ müdafiə naziri Lloyd Ostin və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid Bin Salman telefonla danışıb və ABŞ-ın İordaniya–Suriya sərhədində yerləşən bazasına hücumdan sonra cavab tədbirini müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi yazılı açıqlamada qeyd olunub.

Məlumata görə, tərəflər görüş zamanı ABŞ-ın İordaniya–Suriya sərhəddindəki bazasına 3 əsgərin öldüyü hücuma görə cavab tədbirləri, həmçinin Yəməndə Husilərə qarşı hücumları müzakirə ediblər.

“Birləşmiş Ştatlar İraq və Suriyadakı ABŞ qüvvələrinə, eləcə də Qırmızı dənizdə naviqasiya azadlığına qarşı formalaşan Husi təhdidlərinə qarşı mübarizə aparmaq üçün regional tərəfdaşları ilə işləməyə davam edəcək”, – deyə Ostin bildirib.

ABŞ prezidenti Co Bayden Suriya və İraqdakı İran İnqilab Keşikçiləri Korpusunu və ona bağlı milis qruplarını hədəf alaraq bazaya hücuma cavab verməyə başladıqlarını və bu cavabın “öz seçdikləri vaxt və yerlərdə” davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın “Kule 22” adlı bazasına edilən hücumda 3 Amerika əsgəri həlak olmuş, 40-dan çox əsgər yaralanmışdı.