Füyuzat 142 Orxan Vəliyev

Ana Dil

Əvvəla, ANA DİL anlayışını idrak etmək lazımdır. Bu anlayış təkcə etnos üzvlərinin ünsiyyət dilini deyil, eləcə də torpaq üzərində yaşayan xalqın, kültürün, keçmişin dilinin Azərbaycanda ana (əsas, aparıcı) dil olmasını nəzərdə tutur.

Budəfəki essedə bəhs etdiyim reallıq üzərində qurduğum hipotezimi detallandırmağa çalışacağam. Eyni zamanda hipotezimin bir digər hissəsi bundan ibarətdir ki, milli dil ilə bağlı strategiya prezidentin zəfər qazanan zabitlər qarşısında çıxışını nəzərə alaraq yenilənməlidir. Əks halda, “Qarabağ Azərbaycandır!” siyasətinə sahib çıxacaq nəsillər yetişdirmək müşkül olacaqdır.

Azərbaycanda ana dil məsələsinin əsas hədəfi rus dili qarşısındakı ikincilik statusundan xilas olmaqdır. Bu isə birbaşa hakim (suveren) mövqeyində hökm verməklə bağlıdır. Məsələnin əhəmiyyətinin anlaşılması üçün Osmanlı tarixindən bir misal vermək istəyirəm. Belə ki, Osmanlı imperiyası İstanbulun fəthi ilə Ayasofiya kilsəsini məscidə çevirsə də, qübbələrin möhtəşəmliyi, əzəməti qarşısında narahatlığını gizlədə bilməmişdir. Bu məqsədlə şəhərin təpələrindən birində – Süleymaniyyə məscid kompleksində Ayasofiyanın möhtəşəmliyi ilə yarışacaq yeni bir məscid inşa edilmiş, beləliklə, İstanbulda Osmanlı (türk) hakimiyyəti bərqərar edilmişdir. Buradan yola çıxaraq Azərbaycanda dil məsələsəsinə də eyni çərçivədən baxmaq lazımdır. Belə ki, Azərbaycan Şuşa və Xankəndinin azadlığı ilə ərazi suverenliyini bərpa etmişdir. Ancaq Azərbaycan dilində təhsil və bu dildə təhsil alanların elitarlığı təmin edilə bilməsə, suverenlik yarımçıq qalacaq. Türkiyə Respublikasının qurulduğu ilk illərdə Osmanlının müxtəlif coğrafiyalarından Anadoluya sadəcə digər millətlərin nümayəndələri deyil, bu dili bilməyən türklər də köçmüşlər. Dövlətin qurulduğu ilk illərdə bu məsələni ortadan qaldırıb dil bütövlüyünü, birliyini təmin etmək üçün ölkə nəzdində “Vətəndaş, türkcə danış” kampaniyası həyata keçirilmişdir. İndi Azərbaycan eynilə “Vətəndaş, Azərbaycan dilində danış” deyə bilmək iradəsini göstərməli, rus dilinin və bu dildə təhsil alanların hegemoniyasını “sındırmalıdır”. Bu, illah da rus dilində təhsilin dərhal ləğv edilməsi şəklində özünü göstərməməlidir. Əksinə, doğru siyasətlə rus dilində təhsil Azərbaycanın milli maraqlarına xidmət edəcəkdir. Qısası, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin yaratdığı “kiçikliyi” ortadan qaldıran zəfərin, suverenliyin şüarına çevrilən “Qarabağ Azərbaycandır!” ancaq ana dil vasitəsilə qorunub gələcək nəsillərə ötürülə bilər…

Ardı var…

Davamı…