Ədəbiyyat Fidan Vahid Xəbərlər

Azərbaycan dilində İLK DƏFƏ: Raymond Karver – Kiçik, yaxşı bir şey

Şənbə günü günortadan sonra ticarət mərkəzindəki şirniyyat evinə getdi. Səhifələrinə tort şəkilləri yapışdırılmış qovluğa baxdıqdan sonra uşağın ən sevdiyi şokoladlı tortdan sifariş etdi. Tortun üzərində ulduz tozları ilə əhatələnmiş kosmik gəmi, buraxılış meydançası və digər tərəfində qırmızı kremdən hazırlanmış bir planet təsvir olunmalı, planetin altında isə yaşıl hərflərlə “Skotti” yazılmalı idi. Şirniyyatçı boynu yoğun, yaşlı kişi idi. Qadın oğlunun bazar ertəsi səkkiz yaşı olacağını deyəndə o, dinməzcə qulaq asdı. Əynində iş xalatını xatırladan ağ önlük vardı. Önlüyün qayışları qoltuqlarının altından keçib kürəyində çarpazlaşır, sonra yenidən ön tərəfə gəlir, belinin altında bərkidilirdi. O, əllərini önlüyünə silə-silə qadını dinləyirdi. Gözlərini tort şəkillərindən çəkmir, sözünü kəsmirdi. Qadının tələsmədən danışmasına imkan verirdi. İşə yenicə gəlmişdi və bütün gecəni şirniyyat bişirməklə keçirəcəkdi. Buna görə də tələsmirdi.

Qadın ona adını – Enn Vays və telefon nömrəsini verdi. Tort bazar ertəsi səhər hazır olacaqdı, bu da o deməkdir ki, həmin gün günortadan sonra keçiriləcək ad günü məclisinədək kifayət qədər vaxt qalacaqdı. Şirniyyatçı mehriban adam deyildi. Nəzakət xətrinə belə əlavə söhbət etmirdi. Yalnız lazım olan məlumatları bölüşürdü. Onun davranışı Enni narahat edir, bu vəziyyət xoşuna gəlmirdi. Şirniyyatçı qələmlə piştaxtanın üzərində nəsə yazarkən Enn onun kobud cizgilərinə baxdı və fikirləşdi ki, görəsən, o, ömrü boyunca bu işdən başqa nəsə edibmi? Ennin otuz üç yaşı var idi və ana idi. Elə düşünürdü ki, hamının, xüsusən çörəkçinin yaşında olan və onun atası ola biləcək qədər yaşlı bir kişinin tort və ad günü məclisləri ilə bağlı bu xüsusi dövrü yaşayan uşaqları olmalı idi. Düşündü ki, aralarında heç olmasa bunun doğurduğu bir yaxınlıq ola bilərdi. Amma kişi onunla sərt və qısa danışırdı, kobud davranmırdı, sadəcə nitqi çox qısa və kəskin idi. Enn onunla dostcasına münasibət qurmaq cəhdindən əl çəkdi. Mağazanın arxa tərəfində uzun, ağır taxta masa diqqətini çəkdi. Masanın bir başında alüminium piroq qəlibləri yığılmışdı, yanında boş soba rəfləri ilə dolu metal konteyner görünürdü. Küncdə nəhəng soba vardı. Radiodan kantri musiqisi səslənirdi.

Kişi xüsusi sifariş kartına məlumatları yazıb qovluğu bağladı. Qadına baxıb dedi:

Bazar ertəsi səhər.

Qadın təşəkkür edib evə qayıtdı.

Bazar ertəsi səhər ad günü olan oğlan sinif yoldaşı ilə birlikdə məktəbə gedirdi. Onlar çips paketini növbə ilə bir-birinə ötürürdü. Skotti dostundan ona nə hədiyyə edəcəyini öyrənməyə çalışırdı. O, ətrafına diqqət etmədən səkidən yola endi və yolayrıcında onu maşın vurdu. Böyrü üstə yerə yıxıldı, ayaqları asfalt boyu uzanmışdı. Gözləri bağlı olsa da, ayaqlarını hərəkət etdirirdi, sanki hansısa maneənin üzərindən aşmağa çalışırdı. Dostu çips paketini yerə atıb ağlamağa başladı. Avtomobil yüz fut qədər gedib yolun tən ortasında dayandı. Sürücü çiyninin üzərindən arxaya baxdı. Oğlan ayağa qalxana qədər gözlədi. Skotti ayaq üstə bir qədər səndələdi. Sərsəmləmiş kimi görünürdü, amma yaxşı idi. Sürücü avtomobili işə salıb uzaqlaşdı.

Ad günü olan oğlan ağlamırdı, amma danışmaq istəmirdi. Dostu ondan maşın vurmasının necə hiss olduğunu soruşanda cavab vermədi. Evə qayıtdı, dostu məktəbə getdi. Oğlan evə gəldikdən sonra divanda oturub anasına baş verənləri danışmağa başladı. Anası onun yanında oturub əllərini qucağında tutaraq: “Skotti, canım, özünü yaxşı hiss etdiyinə əminsən?” – soruşurdu və hər halda həkimə zəng etməyi düşünürdü. Birdən oğlan divana uzandı, gözlərini yumdu, bədəni soyudu. Anası onu oyada bilməyəndə tələsik telefona qaçıb işdə olan ərinə zəng etdi. Hovard ona ancaq sakit olmağı, sakit qalmağı tapşırdı, sonra uşaq üçün təcili yardım çağırdı və özü də xəstəxanaya yollandı.

Təbii ki, ad günü məclisi ləğv edildi. Uşaq yüngül beyin silkələnməsi və şok vəziyyəti ilə xəstəxanaya çatdırılmışdı. Qusmuşdu və ciyərlərinə dolan maye həmin gün günortadan sonra çəkilməli idi. İndi o, dərin yuxuya getmiş kimi görünürdü, lakin doktor Frensis valideynlərin gözlərindəki təlaşı görəndə xüsusilə vurğulamışdı ki, bu, koma deyil, qətiyyən koma deyil. Gecə saat on birdə, bir yığın rentgen və laboratoriya analizlərindən sonra oğlan kifayət qədər rahat şəkildə dincəlirmiş kimi görünəndə və məsələ sadəcə onun oyanıb özünə gəlməsinə qalanda Hovard xəstəxanadan çıxdı. O və Enn günortadan bəri uşaqla birlikdə xəstəxanada idilər; kişi yuyunub paltarını dəyişmək üçün qısa müddətliyə evə gedirdi. “Bir saata qayıdacağam”, – Hovard dedi. Qadın başı ilə təsdiqlədi. “Yaxşı, – Enn dedi. Mən burada olacağam”. Kişi onu alnından öpdü və onların əlləri bir-birinə toxundu. Qadın çarpayının yanındakı stulda əyləşib uşağa baxdı. O, uşağın oyanmasını və hər şeyin qaydasına düşməsini gözləyirdi. Yalnız ondan sonra rahat nəfəs ala bilərdi.

Hovard evə doğru yola düşdü. Az sonra o, qaranlıq küçə ilə maşını sürətlə sürdüyünü fərqinə varıb sürəti azaldı. İndiyə qədər onun həyatı rəvan və istədiyi kimi getmişdi – kollec, nikah, biznes sahəsində magistr dərəcəsi almaq üçün daha bir il təhsil, investisiya firmasında kiçik tərəfdaşlıq. Ata olmaq. O, xoşbəxt idi və indiyədək bəxti gətirmişdi, bunu bilirdi. Valideynləri hələ də sağ idi, bacı-qardaşları öz həyatlarını qurmuşdular, kollec dostları öz işləri ilə məşğul idi. Onun həyatı indiyədək əsl bəlalardan uzaq olmuşdu. Birdən-birə işlərin korlanması və bəxtin dönməsi ilə yaranan fəsadlardan, insanı məhv edə biləcək hər şeydən uzaq olmuşdu. Maşını həyətə sürüb saxladı. Sol ayağı əsməyə başladı. O, bir dəqiqə maşında əyləşib mövcud vəziyyətə məntiqlə yanaşmağa çalışdı. Skottini maşın vurmuşdu və o, xəstəxanada idi, amma hər şey yaxşı olacaqdı. Hovard gözlərini yumdu və əli ilə üzünü örtdü. Maşından düşüb qapıya tərəf getdi. İt evin içində hürürdü. O, qapının kilidini açarkən və işığı yandırmağa çalışarkən telefon dayanmadan zəng çalırdı. Xəstəxanadan çıxmamalı idi, çıxmamalı idi. “Lənət olsun!” – o dedi. Dəstəyi qaldırıb dedi: “Qapıdan içəri indi girmişəm!”

“Burada götürülməmiş tort var”, – xəttin o tərəfindəki səs dedi.

“Siz nə danışırsınız”? – Hovard soruşdu.

“Tort”, – səs dedi. “On altı dollarlıq tort”.

Hovard anlamağa çalışırdı, dəstəyi bir az da qulağına sıxdı. “Mən tort haqqında heç nə bilmirəm”, – dedi. “İlahi, siz nədən danışırsınız axı?”

“Məni aldatmağa çalışma”, – səs dilləndi.

Hovard dəstəyi asdı. Mətbəxə keçib özünə bir az viski süzdü. Xəstəxanaya zəng etdi. Amma uşağın vəziyyəti dəyişməmişdi; o hələ də yatırdı. Vannaya su dolarkən Hovard üzünü köpükləndirib qırxdı. Vannaya uzanıb gözlərini yenicə yummuşdu ki, telefon yenidən zəng çaldı. Xəstəxanadan çıxdığı üçün öz-özünə “Səfeh, ağılsız”,  – deyərək vannadan çıxdı, dəsmalı götürüb tələsik getdi. Amma dəstəyi qaldırıb “Alo!” deyə qışqıranda xəttin digər ucundan heç bir səs gəlmədi. Sonra zəng edən şəxs dəstəyi asdı.

***

O, gecə yarısından bir az keçmiş xəstəxanaya qayıtdı. Enn hələ də çarpayının yanındakı stulda əyləşmişdi. Başını qaldırıb Hovarda baxdı, sonra yenidən gözlərini uşağa zillədi. Oğlanın gözləri bağlı idi, başı isə hələ də sarğı içində idi. Nəfəs alması sakit və müntəzəm idi. Çarpayının üzərindəki qurğudan bir qlükoza şüşəsi asılmışdı və şüşədən çıxan boru oğlanın qoluna birləşdirilmişdi.

Necədir? – Hovard soruşdu. – Bunlar nədir belə? – deyə qlükoza şüşəsinə və boruya işarə etdi.

Doktor Frensisin göstərişidir, – Enn dedi. – Qidalanmalıdır. Gücünü itirməməlidir. Hovard, o nə üçün oyanmır? Əgər hər şey yaxşıdırsa, mən anlamıram.

Hovard əlini onun başının arxasına qoydu. Barmaqlarını saçlarının arasından keçirdi.

Yaxşı olacaq. Bir azdan oyanacaq. Doktor Frensis öz işini bilir.

Bir müddət sonra dedi:

Bəlkə, sən evə gedib bir az dincələsən. Mən burada qalım. Sadəcə, o durmadan zəng edən axmağa fikir vermə. Yenə zəng etsə, dərhal telefonu bağla.

Kim zəng edir? – Enn soruşdu.

Kim olduğunu bilmirəm. Görünür, işi-gücü olmayan zəhlətökənin biridir. Sən indi get.

Enn başını buladı.

Yox, – dedi. – Mən yaxşıyam.

Doğrudan, – Hovard dedi. – Bir müddətlik evə get, dincəl, səhər gəlib məni əvəz edərsən. Hər şey yaxşı olacaq. Doktor Frensis nə dedi? Dedi ki, Skotti yaxşı olacaq. Narahat olmağa ehtiyac yoxdur. İndi sadəcə yatır, məsələ budur.

Bir tibb bacısı qapını açıb içəri girdi. Çarpayıya yaxınlaşarkən onlara başı ilə salam verdi. Uşağın sol qolunu örtüyün altından çıxarıb barmaqlarını biləyinin üstünə qoydu, nəbzini yoxladı, sonra saatına baxdı. Bir qədər sonra qolu yenidən örtüyün altına qoydu və çarpayının ayaq tərəfinə keçib çarpayıya bərkidilmiş lövhədə nəsə yazdı.

Necədir? – Enn soruşdu.

Hovardın əli onun çiynində ağır bir yük kimi dayanmışdı. O, barmaqlarının təzyiqini hiss edirdi.

Vəziyyəti stabildir, – tibb bacısı dedi. Sonra əlavə etdi: – Həkim bir azdan yenə gələcək. Doktor yenidən xəstəxanadadır. Hazırda palataları gəzir.

Bəlkə, evə gedib bir az dincələsən, Enn – Hovard dedi. – Həkim gələndən sonra.

Gedə bilər, – tibb bacısı dedi. – Əslində, istəsəniz, ikiniz də gedə bilərsiniz.

Tibb bacısı sarışın, iri cüssəli skandinav qadın idi. Danışığında yüngül aksent hiss olunurdu.

Görək həkim nə deyəcək, – Enn dedi. – Mən həkimlə danışmaq istəyirəm. Məncə, onun belə yatıb qalması yaxşı əlamət deyil.

Əlini gözlərinə aparıb başını bir qədər aşağı əydi. Hovardın çiynindəki əli daha da sıxıldı, sonra əli boynuna qalxdı və barmaqları oradakı əzələləri yavaş-yavaş ovmağa başladı.

Doktor Frensis bir neçə dəqiqəyə burada olacaq, – tibb bacısı dedi və otaqdan çıxdı.

Hovard bir müddət oğluna baxdı. Örtüyün altında balaca sinəsi sakitcə qalxıb-enirdi. Ennin ofisə zəng etdiyi o dəhşətli dəqiqələrdən bəri ilk dəfə idi ki, Hovard bədəninə həqiqi qorxunun yayıldığını hiss etdi. Başını yavaşca buladı. Skotti yaxşı idi, amma öz evində, öz çarpayısında yatmaq əvəzinə, indi başı sarğı içində, qolunda boru ilə xəstəxana çarpayısında uzanmışdı. Amma hazırda ona lazım olan da məhz bu idi. Doktor Frensis içəri girdi və cəmi bir neçə saat əvvəl görüşmüş olmalarına baxmayaraq, Hovardla yenidən əl sıxdı. Enn stuldan qalxdı.

Doktor?

Enn, – deyə həkim başını tərpətdi. – Əvvəlcə görək vəziyyəti necədir.

O, çarpayının yanına keçib oğlanın nəbzini yoxladı. Əvvəlcə bir göz qapağını, sonra digərini qaldırıb baxdı. Hovardla Enn həkimin böyründə durub diqqətlə izləyirdilər. Sonra həkim yorğanı kənara çəkdi, stetoskopla oğlanın ürəyinə və ciyərlərinə qulaq asdı. Barmaqları ilə qarnının müxtəlif yerlərinə yüngülcə basdı. İşini bitirəndən sonra çarpayının ayaq tərəfinə keçib tibbi karta nəzər saldı. Vaxtı qeyd etdi, karta nəsə cızmaqara elədi və sonra Hovardla Ennə baxdı.

Doktor, vəziyyəti necədir? – Hovard soruşdu. – Ona nə olub, düzünü deyin!

Niyə oyanmır? – Enn soruşdu.

Həkim yaraşıqlı, enlikürək kişi idi. Üzünü gün qaraltmışdı. Əynində mavi kostyum, zolaqlı qalstuk, köynəyinin qollarında isə fil sümüyündən qol düymələri vardı. Boz saçları başının yanlarına doğru səliqə ilə daranmışdı: elə bil indicə konsertdən çıxıb gəlmişdi.

Vəziyyəti yaxşıdır, – həkim dedi. – Qeyri-adi bir şey yoxdur, əlbəttə, daha yaxşı ola bilərdi. Amma vəziyyəti pis deyil. Yenə də, kaş ki, oyansın. Yəqin ki, çox keçmədən oyanacaq.

Həkim yenidən uşağa baxdı.

Bir neçə saatdan sonra əlavə müayinələrin nəticələri çıxanda daha çox şey biləcəyik. Amma inanın mənə, vəziyyəti yaxşıdır. Sadəcə, kəllə sümüyündə kiçik çat var. Bəli, çat var.

Aaahh, yox.. – Enn pıçıldadı.

Bir az da, bayaq dediyim kimi, beyin silkələnməsi var. Təbii ki, şok keçirdiyini də bilirsiniz, – həkim davam etdi. – Şok hallarında bəzən belə olur. İnsan bu cür dərin yuxuya gedir.

Amma ciddi təhlükə yoxdur, elə deyilmi? – Hovard soruşdu. – Siz əvvəl demişdiniz ki, o, komada deyil. Yəni buna koma demək olmaz, düzdü, doktor?

Hovard gözlədi. Həkimə baxdı.

Xeyr, mən buna koma demək istəməzdim, – həkim dedi və bir daha oğlana nəzər saldı. – O, sadəcə çox dərin yuxudadır. Bu, bədənin özünü bərpa etmək üçün müstəqil şəkildə gördüyü bir tədbirdir. Məncə, əminliklə deyə bilərəm ki, ciddi təhlükə yoxdur. Amma oyananda və digər analizlərin nəticələri çıxanda daha dəqiq biləcəyik.

Bu, komadır, – Enn dedi. – Onun bir növü.

Hələ koma deyil, ən azı tam olaraq deyil, – həkim dedi. – Mən buna koma demək istəməzdim. Heç olmasa, hələlik. O, şok keçirib. Şok hallarında belə reaksiya kifayət qədər adi haldır; bu, fiziki travmaya verilən müvəqqəti reaksiyadır. Koma… Bəli, koma günlərlə, hətta həftələrlə sürə biləcək dərin, uzun sürən huşsuzluq vəziyyətidir. Skotti o vəziyyətdə deyil, hər halda bildiyimiz qədərilə. Əminəm ki, səhərə qədər vəziyyəti yaxşılaşacaq. Buna mərc də gələrəm. Ayılanda hər şey daha aydın olacaq, bu da çox çəkməz. Əlbəttə, necə məsləhətdirsə elə də edə bilərsiniz; istəyirsiniz burda qalın, istəyirsiniz evinizə gedin. Bilirəm, asan deyil.

Həkim yenidən oğlana baxdı, bir müddət onu müşahidə etdi, sonra Ennə tərəf dönüb dedi:

Çalışın, çox narahat olmayın, balaca ana. İnanın mənə, əlimizdən gələn hər şeyi edirik. İndi sadəcə bir az da vaxt lazımdır.

O, başı ilə ona işarə etdi, Hovardla yenidən görüşdü və otaqdan çıxdı. Enn əlini uşağın alnına qoydu.

Şükür ki, qızdırması yoxdur.

Sonra əlavə etdi:

Amma, aman Allahım, bədəni necə soyuqdur. Hovard? Belə soyuq olması normaldır? Başına toxun.

Hovard uşağın gicgahlarına toxundu. Öz nəfəsi də yavaşlamışdı.

Məncə, hazırda belə olması normaldır, – dedi. – Şokda olduğunu unutma. Həkim də bunu dedi. Həkim indicə buradaydı. Əgər Skottinin vəziyyəti yaxşı olmasaydı, mütləq nəsə deyərdi.

Enn bir müddət də eləcə dayandı, dodağını dişlərinin arasında sıxırdı. Sonra stula keçib oturdu. Hovard onun yanındakı stulda əyləşdi. Bir-birlərinə baxdılar. O, yenə nəsə deyib Enni sakitləşdirmək istəyirdi, amma özü də qorxurdu. Qadının əlindən tutub qucağına qoydu; onun əlinin orada olması Hovarda təsəlli verirdi. Əlini sıxdı. Sonra sadəcə əlini tutub saxladı. Bir müddət dinməzcə oğlana baxa-baxa beləcə oturdular. Arada bir Hovard onun əlini sıxırdı. Axırda Enn əlini çəkdi. “Mən dua etmişəm”, – dedi.

Hovard başını tərpətdi.

Elə bilirdim ki, dua eləmək yadımdan çıxıb. Amma birdən hamısı yadıma düşdü. Sadəcə gözlərimi yumub: “Allahım, yalvarıram, bizə kömək et, Skottiyə kömək et”, – deməyim bəs elədi. Sonrası asan oldu. Sözlər sanki elə oradaca məni gözləyirdi. Bəlkə, sən də dua edəsən…

Mən artıq dua etmişəm, – Hovard dedi. – Bu gün günortadan sonra… yəni dünən günortadan sonra, sən mənə zəng edəndən sonra xəstəxanaya maşın sürərkən dua etdim. Mən dua edirəm.

Bu yaxşıdır, – Enn dedi.

İlk dəfə idi ki, Enn bu bəlanın içində birlikdə olduqlarını hiss etdi. Birdən dərk etdi ki, indiyə qədər bütün bunlar yalnız onun və Skottinin başına gələn bir hadisə kimi görünmüşdü. Hovardı bu dərdin içinə buraxmamışdı, halbuki o, əvvəldən bəri yanında idi və ona da ehtiyac vardı. Hovardın həyat yoldaşı olduğuna görə sevindi. Tibb bacısı yenidən içəri girib oğlanın nəbzini yoxladı və çarpayının üstündə asılmış şüşədən gələn mayenin axınını nəzərdən keçirdi.

Bir saatdan sonra başqa bir həkim gəldi. Dedi ki, adı Parsonstur, Rentgenologiya şöbəsindəndir. Qalın bığları var idi. Əynində lofer ayaqqabı, kovboy köynəyi və cins şalvar var idi. Onu əlavə görüntülər çəkmək üçün aşağı aparacağıq, – dedi. – Bir neçə müayinə də etməliyik, həmçinin tomoqrafiya çəkilməsini istəyirik.

Nə? – Enn soruşdu. – Tomoqrafiya?

O, yeni gələn həkimlə çarpayının arasında durmuşdu. “Elə bilirdim bütün rentgen şəkillərini çəkmisiniz”.

Təəssüf ki, bir neçəsini də çəkməliyik, – həkim dedi. – Narahatlığa səbəb yoxdur. Sadəcə daha bir neçə görüntü almalıyıq və beyninin tomoqrafiyasını çəkmək istəyirik.

Aman Allahım!

Belə hallarda bu, tamamilə adi prosedurdur, – yeni həkim dedi. – Sadəcə, onun niyə hələ də oyanmadığını dəqiq müəyyənləşdirməliyik. Bu, normal tibbi prosedurdur, narahat olmağa heç bir əsas yoxdur. Bir neçə dəqiqəyə onu aşağı aparacağıq.

Bir az sonra iki sanitar xərək gətirərək otağa daxil oldular. Qara saçlı, qarabuğdayı bu kişilər ağ uniforma geyinmişdilər. Oğlanı borudan ayırıb yatağından xərəyə keçirərkən öz aralarında yad dildə bir neçə kəlmə danışdılar. Sonra onu otaqdan çıxarıb apardılar. Hovardla Enn də həmin liftə mindilər. Enn uşağa baxırdı. Lift aşağı enməyə başlayanda gözlərini yumdu. Sanitarlar heç nə demədən xərəyin hər iki başında dayanmışdılar. Yalnız bir dəfə onlardan biri öz dillərində o birinə nəsə dedi, digəri isə cavabında başını yavaşca tərpətdi. Səhərə yaxın rentgen şöbəsinin qarşısındakı gözləmə zalının pəncərələrini günəşin işığı yavaş-yavaş aydınlatmağa başlayanda oğlanı geri gətirib yenidən otağına apardılar. Hovardla Enn bir daha onunla birlikdə liftə mindilər və yenidən çarpayının yanında öz yerlərini tutdular.

***

Bütün günü gözlədilər, amma oğlan yenə də oyanmadı. Arabir onlardan biri otaqdan çıxıb aşağıdakı kafeteriyaya gedir, bir fincan qəhvə içirdi. Sonra isə sanki qəfildən nəyisə xatırlayıb özünü günahkar hiss edir, yerindən qalxır və tələsik yenidən otağa qayıdırdı. Doktor Frensis həmin gün günortadan sonra yenə gəldi, oğlanı bir daha müayinə etdi və vəziyyətinin yaxşılaşdığını, artıq hər an oyana biləcəyini söyləyib otaqdan çıxdı.

Gecə növbəsindəkilərdən fərqli olaraq indiki tibb bacıları da arabir otağa girirdilər. Sonra laboratoriyadan gənc bir qadın qapını döyüb içəri daxil oldu. Əynində ağ şalvar və ağ köynək vardı. Əlində isə içində müxtəlif ləvazimatlar olan kiçik bir qab tutmuşdu. Onu çarpayının yanındakı masanın üstünə qoydu. Onlara heç nə demədən oğlanın qolundan qan götürməyə başladı. Qadın oğlanın qolunda uyğun yeri tapıb iynəni damara yeridəndə Hovard gözlərini yumdu.

Mən bunları başa düşmürəm, – Enn qadına dedi.

Həkimin göstərişidir, – gənc qadın cavab verdi. – Mənə nə deyirlərsə, onu edirəm. Deyirlər bu analiz üçün qan götür, götürürəm. Yeri gəlmişkən, uşağa nə olub?

Sonra oğlana baxıb dedi:

Yazıq, nə şirin uşaqdır…

Onu maşın vurub, – Hovard dedi. – Vurub qaçıb.

Gənc qadın başını bulayıb yenidən oğlana baxdı. Sonra qabını götürüb otaqdan çıxdı.

Niyə oyanmır? – Enn dedi. – Hovard? Mən bu adamlardan cavab istəyirəm.

Hovard heç nə demədi. Yenidən stulda oturub ayağını ayağının üstünə aşırdı. Üzünü ovuşdurdu. Oğluna baxdı, sonra arxaya söykəndi, gözlərini yumub yuxuya getdi. Enn pəncərənin yanına gedib dayanacağa baxdı. Gecə idi. Faraları yanan maşınlar dayanacağa girib-çıxırdı. O, əllərini pəncərənin altlığına sıxaraq orada dayandı və ürəyinin dərinliyində anladı ki, artıq tamam başqa, çox ağır bir şeyin içinə düşmüşdülər. Qorxurdu. Dişləri bir-birinə dəyib əsməyə başladı. O, çənəsini sıxaraq özünü saxlamağa çalışdı. Xəstəxananın qarşısında iri bir maşının dayandığını və uzun paltolu bir qadının maşına mindiyini gördü.

O, o qadının yerində olmağı arzuladı. Kaş kimsə – fərqi yox idi, kim olur-olsun onu buradan götürüb başqa bir yerə aparaydı; elə bir yerə ki, maşından düşən kimi Skottini onu gözləyən görsün, Skotti “Ana” desin və o da oğlunu qucağına ala bilsin. Bir qədər sonra Hovard oyandı. Yenidən oğlana baxdı. Sonra stuldan qalxıb gərnəşdi və pəncərənin yanında dayanan Ennin yanına getdi. Hər ikisi dayanacağa baxırdı. Heç nə danışmırdılar. Amma indi sanki bir-birlərinin iç dünyasını hiss edirdilər; sanki bu narahatlıq onları təbii şəkildə eyniləşdirmişdi.

Qapı açıldı və doktor Frensis içəri girdi. Bu dəfə əynində başqa kostyum və qalstuk vardı. Boz saçları yenə başının yanlarına doğru daranmışdı və sanki indi qırxdırmışdı. Birbaşa çarpayıya yaxınlaşıb oğlanı müayinə etdi.

İndiyə özünə gəlməli idi. Bunun üçün heç bir məntiqli səbəb yoxdur, – dedi. – Amma onu da deyə bilərəm ki, hamımız onun artıq hər cür təhlükədən kənarda olduğuna əminik. Sadəcə, oyananda özümüzü daha rahat hiss edəcəyik. Özünə gəlməməsi üçün heç bir səbəb yoxdur, qətiyyən yoxdur. Tezliklə oyanacaq. Əlbəttə, oyananda başı möhkəm ağrıyacaq, buna əmin ola bilərsiniz. Amma bütün göstəriciləri yaxşıdır. Ola biləcəyi qədər normaldır.

Deməli, bu, komadır? – Enn soruşdu.

Həkim hamar yanağını ovuşdurdu.

Hələlik, oyanana qədər buna koma deyəcəyik. Amma siz çox yorulmusunuz. Bu, çətindir. Bilirəm, çox çətindir. Gedib nəsə yeyə bilərsiniz, – dedi. – Sizə yaxşı təsir edər. Ürəyiniz rahat olsun deyə, siz gedəndə bura bir tibb bacısı təyin edərəm. Gedin, bir şey yeyin.

Mən heç nə yeyə bilmərəm, – Enn dedi.

Əlbəttə, nə etməli olduğunuzu özünüz daha yaxşı bilərsiniz, – həkim dedi. – Hər halda, sizə demək istəyirdim ki, bütün göstəricilər yaxşıdır, analizlər heç nə göstərməyib, hər şey qaydasındadır. Oyanan kimi də bu təhlükəli mərhələni geridə qoyacaq.

Təşəkkür edirəm, doktor, – Hovard dedi.

Yenidən həkimlə görüşdü. Həkim Hovardın çiyninə əlini qoydu və otaqdan çıxdı.

Güman edirəm ki, birimiz evə gedib vəziyyətə baxmalıyıq, – Hovard dedi. – Heç olmasa, Slaqa yemək vermək lazımdır.

Qonşulardan birinə zəng et, – Enn dedi. – Morqanlara zəng vur. Kimdən xahiş etsən, itə yemək verər.

Yaxşı, – Hovard dedi.

Bir qədər sonra əlavə etdi:

Əzizim, sən niyə getmirsən? Evə gedib hər şeyə baxarsan, sonra geri qayıdarsan. Sənin üçün yaxşı olar. Mən burada, onun yanında olacağam. Ciddi sözümdür. Bunun öhdəsindən gəlmək üçün gücümüzü qorumalıyıq. O oyandıqdan sonra da bir müddət burada qalmalı olacağıq.

Bəs niyə sən getmirsən? – Enn soruşdu. – Slaqa yemək ver. Özün də bir şey ye.

Mən bir dəfə getmişəm, – Hovard dedi. – Düz bir saat on beş dəqiqə yox idim. Sən bir saatlıq evə get, əl-üzünü yu, bir az özünə gəl. Sonra qayıdarsan.

Enn bu barədə düşünməyə çalışdı, amma çox yorğun idi. Gözlərini yumdu və yenidən düşünməyə çalışdı. Bir müddət sonra dedi:

Bəlkə, bir neçə dəqiqəliyə evə gedim. Bəlkə, hər saniyə burada oturub ona baxmasam, oyanar və yaxşı olar. Bilirsən? Bəlkə, mən burada olmayanda oyanar. Evə gedib çimərəm, təmiz paltar geyinərəm. Slaqa yemək verərəm. Sonra qayıdaram.

Mən burada olacağam, – Hovard dedi. – Sən get evə, əzizim. Mən burada hər şeyə nəzarət edərəm.

Gözləri qızarmış və kiçilmişdi, sanki uzun müddət içki içmişdi. Paltarları əzik-üzük idi. Saqqalı yenidən çıxmışdı. Enn onun üzünə toxundu, sonra əlini geri çəkdi. Anladı ki, Hovard bir müddət tək qalmaq, danışmamaq, narahatlığını kimsəylə bölüşmək istəmir. Enn çarpayının yanındakı tumba üzərindən çantasını götürdü. Hovard ona paltosunu geyinməyə kömək etdi.

Çox qalmayacağam, – Enn dedi.

Evə çatanda bir az oturub dincəl, – Hovard dedi. – Nəsə ye. Çim. Vannadan çıxandan sonra da bir az otur, dincəl. Görərsən, sənə çox yaxşı təsir edəcək. Sonra qayıdarsan. Çalışaq narahat olmayaq. Doktor Frensisin dediklərini eşitdin.

Enn paltosunu geyinib bir dəqiqə yerində dayandı. Həkimin dəqiq hansı sözləri işlətdiyini xatırlamağa çalışır, dediklərinin arxasında başqa bir məna, hər hansı incə bir işarə olub-olmadığını axtarırdı. Uşağı müayinə etmək üçün onun üzərinə əyiləndə həkimin sifətində hər hansı dəyişiklik görüb-görmədiyini xatırlamağa çalışdı. Göz qapaqlarını qaldırarkən, nəfəsini dinləyərkən üz cizgilərinin necə ciddi və sakit ifadə aldığını xatırladı. Qapıya tərəf getdi, sonra dönüb geri baxdı. Əvvəl uşağa, sonra atasına baxdı. Hovard başını tərpətdi. Enn otaqdan çıxdı və qapını arxasınca örtdü.

Tibb bacılarının masasının yanından keçib lift axtara-axtara dəhlizin sonuna doğru getdi. Dəhlizin sonunda sağa dönüb kiçik bir gözləmə otağına daxil oldu. Orada qaradərili bir ailə kreslolarda oturmuşdu. Orta yaşlı bir kişi vardı; əynində xaki köynək və şalvar, başında isə arxaya sürüşdürülmüş beysbol papağı vardı. Ev paltarı və başmaq geyinmiş iri cüssəli bir qadın kreslolardan birində əldən düşmüş halda oturmuşdu. Saçları saysız-hesabsız xırda hörüklərə bölünmüş, cins şalvar geyinmiş yeniyetmə qız isə ayaqlarını bir-birinin üstünə qoyaraq kresloda uzanmış, siqaret çəkirdi. Enn otağa daxil olan kimi ailənin hamısı gözlərini ona çevirdi. Kiçik masanın üstü hamburger kağızları və plastik stəkanlarla dolu idi. İri qadın qəfildən özünə gələrək dedi:

Franklin? Franklinə görədir?

Gözləri böyüdü.

İndi mənə deyin, xanım. Franklinə görədir?

O, kreslodan qalxmağa çalışırdı, amma kişi əlini onun qolunun üstünə qoymuşdu.

Sakit ol, sakit ol, – dedi. – Evelin.

Bağışlayın, – Enn dedi. – Mən lift axtarıram. Oğlum xəstəxanadadır, indi isə lifti tapa bilmirəm.

Kişi barmağı ilə istiqaməti göstərdi.

Lift o tərəfdədir, sola dönün.

Qız siqaretindən bir qullab alıb Ennə baxdı. Gözləri qısılmışdı. Geniş dodaqları tüstünü yavaş-yavaş buraxarkən aralandı. Qadın isə başını çiyninə əyib Enndən üzünü çevirdi; artıq ona maraq göstərmirdi.

Oğlumu maşın vurub, – Enn kişiyə dedi.

Sanki özünü izah etməyə ehtiyac duyurdu.

Beyin silkələnməsi keçirib, kəllə sümüyündə də kiçik çat var. Amma yaxşı olacaq. İndi şokdadır, amma bəlkə, bir növ komaya da düşüb. Ən çox bizi qorxudan da elə bu komadır. Mən indi gedib-gələcəm, amma ərim onu gözləyir. Bəlkə, mən olmasam, oyanar.

Pis olub, – kişi dedi və kresloda yerini dəyişdi.

Başını buladı. Əvvəl masaya baxdı, sonra yenidən Ennə nəzər saldı. Enn hələ də orada dayanmışdı.

Bizim Franklin isə əməliyyat masasındadır. Kimsə onu bıçaqlayıb. Öldürməyə çalışıb. Olduğu yerdə dava düşüb, bir məclisdə. Deyirlər, o sadəcə dayanıb baxırmış. Heç kimə sataşmırmış. Amma bu günlərdə bunun heç bir əhəmiyyəti yoxdur. İndi əməliyyat masasındadır. Biz də sadəcə ümid edir, dua edirik. İndi əlimizdən gələn yalnız budur.

Kişi gözlərini ondan çəkmədən Ennə baxdı. Enn yenə qıza nəzər saldı. Qız hələ də ona baxırdı. Sonra başını aşağı salmış yaşlı qadına baxdı. Qadının gözləri artıq bağlı idi, amma dodaqları səssizcə tərpənir, sözlər pıçıldayırdı. Enn həmin sözlərin nə olduğunu soruşmaq istədi. Özünün içində olduğu gözləyişə bənzər bir gözləyiş yaşayan bu insanlarla bir az da danışmaq istəyirdi. O qorxurdu, onlar da qorxurdular. Onları birləşdirən məhz bu idi. Qəza barədə daha nəsə demək, onlara Skotti haqqında daha çox danışmaq, hadisənin məhz onun ad günü olan bazar ertəsi baş verdiyini və onun hələ də huşsuz olduğunu söyləmək istəyirdi. Amma söhbətə necə başlayacağını bilmirdi. Heç nə demədən bir müddət onlara baxdı.

Sonra kişinin göstərdiyi istiqamətdə dəhlizlə irəlilədi və lifti tapdı. Bağlı lift qapılarının qarşısında bir dəqiqə gözlədi, hələ də doğru hərəkət edib-etmədiyini düşünürdü. Sonra əlini uzadıb düyməyə basdı. Enn maşını həyətə sürüb saxladı və mühərriki söndürdü. Gözlərini yumub bir dəqiqə başını sükanın üstünə qoydu. Soyumağa başlayan mühərrikin çıxardığı xırda tıqqıltı səslərinə qulaq asdı. Sonra maşından düşdü. Evin içindən itin hürdüyünü eşidirdi. Kilidsiz olan giriş qapısına yaxınlaşıb içəri girdi. İşıqları yandırdı, çay üçün çaydanı su ilə doldurub ocağa qoydu. Sonra arxa eyvanda Slaqa yemək verdi. İt acgözlüklə, xırda şappıltılar çıxararaq yeməyə başladı. Enn çayını götürüb divanda oturmuşdu ki, telefon çaldı.

Bəli! – dəstəyi götürən kimi dedi. – Alo!

Xanım Vays, – telefondakı kişi səsi dedi.

Səhər saat beş idi. Enn o biri tərəfdən hansısa maşınların, yaxud avadanlıqların səsini eşitdiyini düşündü.

Bəli, bəli! Nə olub? – dedi. – Xanım Vays mənəm. Buyurun, nə məsələdir? Zəhmət olmasa, deyin, nə olub?

Arxa fondakı səslərə qulaq asdı.

Allah eşqinə, söhbət Skottidən gedir?

Skotti, – kişi səsi dedi. – Bəli, Skotti barədədir. Skotti ilə bağlıdır, o məsələ. Skottini unutmusunuz?

Sonra telefonu bağladı. Enn xəstəxananın nömrəsini yığıb üçüncü mərtəbəyə qoşulmasını istədi. Telefonu açan tibb bacısından oğlu haqqında məlumat verməsini israrla tələb etdi. Sonra əri ilə danışmaq istədi.

Təcili məsələdir, – dedi.

Telefonun şnurunu barmaqlarının arasında dolaya-dolaya gözlədi. Gözlərini yumdu və ürəyinin bulandığını hiss etdi. Özünü məcbur edib nəsə yeməli idi. Slaq arxa eyvandan içəri girib ayaqlarının yanında uzandı. Quyruğunu buladı. Enn onun qulaqlarına toxundu, it isə onun barmaqlarını yalayırdı.

Nəhayət, Hovard telefona gəldi.

Az əvvəl bura kimsə zəng etdi, – Enn dedi. Telefonun şnurunu yenə bururdu. – Dedi ki, Skotti barədədir, – ağlamağa başladı.

Skotti yaxşıdır, – Hovard ona dedi. – Yəni hələ də yatır. Heç bir dəyişiklik yoxdur. Sən gedəndən bəri tibb bacısı iki dəfə gəlib. Tibb bacısı, ya da həkim… Hər şey qaydasındadır.

Bu adam zəng etdi. Dedi ki, Skotti ilə bağlıdır, – Enn təkrar etdi.

Əzizim, bir az dincəl, buna ehtiyacın var. Yəqin, mənə zəng edən həmin adamdır. Fikir vermə. Bir az dincəldikdən sonra bura qayıt. Sonra səhər yeməyi yeyərik, ya da nəsə.

Səhər yeməyi? – Enn dedi. – Mən səhər yeməyi istəmirəm.

Nə demək istədiyimi bilirsən, – Hovard dedi. – Şirə iç, ya başqa bir şey. Bilmirəm. Mən heç nə bilmirəm, Enn. Allah xatirinə, mən də ac deyiləm. Enn, indi danışmaq çətindir. Mən burda, masanın yanında ayaq üstəyəm. Doktor Frensis bu səhər saat səkkizdə yenə gələcək. Onda bizə nəsə deyəcək. Daha dəqiq bir şey. Tibb bacılarından biri belə dedi. Onun özünün də bundan artıq məlumatı yox idi. Enn? Əzizim, bəlkə, onda daha çox şey öyrənəcəyik. Saat səkkizdə. Sən səkkizə qədər bura gəl. Bu arada mən onun yanındayam və Skotti yaxşıdır. Hələ də vəziyyəti əvvəlki kimidir, – deyə əlavə etdi.

Mən çay içirdim, – Enn dedi, – telefon çalanda. Dedilər ki, Skotti ilə bağlıdır. O biri tərəfdən səs-küy gəlirdi. Sənə edilən o zəngdə də arxa fonda səs vardı, Hovard?

Xatırlamıram, – dedi. – Bəlkə, maşını sürən adamdır. Bəlkə, psixopatdır və hansısa yolla Skotti haqqında öyrənib. Amma mən onun yanındayam. Sən də planlaşdırdığın kimi bir az dincəl. Çim, sonra yeddiyə yaxın bura gəl, həkim gələndə birlikdə danışarıq. Hər şey yaxşı olacaq, əzizim. Mən buradayam, ətrafda həkimlər, tibb bacıları var. Deyirlər vəziyyəti stabildir.

Mən çox qorxuram, – Enn dedi.

Su vannaya dolarkən soyundu və vannaya girdi. Tez yuyunub qurulandı, saçını yumağa vaxt sərf etmədi. Yun şalvar və sviter geyindi. Qonaq otağına keçəndə it başını qaldırıb ona baxdı və quyruğunu bir dəfə döşəməyə vurdu. Evə bayırdan işıq düşməyə başlayanda Enn maşına tərəf getdi. Xəstəxananın dayanacağına girib giriş qapısına yaxın bir yer tapdı. Baş verənlərə görə qəribə şəkildə özünü məsul hiss edirdi. Fikri dünən gecə gördüyü qaradərili ailəyə getdi. Franklin adını, hamburger kağızları ilə örtülmüş masanı, siqaret çəkə-çəkə ona baxan yeniyetmə qızı xatırladı. Xəstəxananın giriş qapısından içəri girərkən qızın xəyalına dedi:

Uşaq sahibi olma. Allah eşqinə, olma.

Növbəyə yenicə başlayan iki tibb bacısı ilə birlikdə liftə minib üçüncü mərtəbəyə qalxdı. Çərşənbə səhəri idi, saat yeddiyə bir neçə dəqiqə qalırdı. Liftin qapıları üçüncü mərtəbədə açılarkən doktor Medison üçün elan verildi. Enn tibb bacılarının arxasınca liftə düşdü. Onlar başqa istiqamətə dönüb Enn liftə minəndə yarımçıq qalan söhbətlərini davam etdirdilər. Enn dəhlizlə dünən qaradərili ailənin gözlədiyi kiçik guşəyə tərəf getdi. İndi onlar yox idilər. Amma stullar elə dağınıq vəziyyətdəydi ki, sanki insanlar bir neçə dəqiqə əvvəl qəfil yerlərindən qalxıb getmişdilər. Masanın üstündə yenə həmin stəkanlar və kağızlar vardı, külqabı isə siqaret kötükləri ilə dolu idi. Enn tibb bacılarının masasının yanında dayandı. Bir tibb bacısı masanın arxasında dayanıb saçını darayır və əsnəyirdi.

Dünən gecə əməliyyatda qaradərili bir oğlan vardı, – Enn dedi. – Adı Franklin idi. Ailəsi gözləmə otağında idi. Onun vəziyyəti barədə soruşmaq istəyirəm.

Masanın arxasında oturmuş başqa bir tibb bacısı qarşısındakı xəstəlik vərəqindən başını qaldırdı. Telefon çaldı və o, dəstəyi götürdü, amma gözlərini Enndən çəkmədi.

O, vəfat etdi, –tibb bacısı dedi.

Əlində daraq tutmuş tibb bacısı da hələ Ennə baxırdı.

Ailənin dostusunuz, yoxsa necə?

Dünən gecə ailə ilə tanış oldum, – Enn dedi. – Mənim oğlum da xəstəxanadadır. Deyəsən, şokdadır. Ona nə olduğunu dəqiq bilmirik. Sadəcə Franklinin vəziyyətini maraqlandım. Sağ olun.

Enn dəhlizlə irəlilədi. Divarlarla eyni rəngdə olan lift qapıları açıldı və ağ şalvar, ağ parça ayaqqabı geyinmiş arıq, keçəl bir kişi ağır arabasını liftdən çıxardı. Enn bu qapıları dünən gecə heç görməmişdi. Kişi arabanı dəhlizə çıxarıb liftə ən yaxın otağın qarşısında saxladı və əlindəki siyahıya baxdı. Sonra əyilib arabadan bir nimçə çıxardı. Qapını yüngülcə döyüb içəri girdi. Enn arabanın yanından keçərkən isti yeməyin xoşagəlməz qoxusunu duydu. Tibb bacılarına baxmadan tələsik irəlilədi və uşağın otağının qapısını açdı. Hovard əllərini arxasında birləşdirib pəncərənin qarşısında dayanmışdı. Enn içəri girəndə dönüb ona baxdı.

Necədir? – Enn soruşdu.

Çarpayıya yaxınlaşdı. Çantasını tumbanın yanındakı yerə atdı. Ona elə gəlirdi ki, çox uzun müddət yoxa çıxmışdı. Uşağın üzünə toxundu.

Hovard?

Doktor Frensis az əvvəl buradaydı, – Hovard dedi.

Enn ona diqqətlə baxdı və çiyinlərinin bir qədər gərildiyini düşündü.

Mən elə bilirdim ki, bu səhər səkkizə qədər gəlməyəcək, – deyə cəld dilləndi.

Yanında başqa bir həkim də vardı. Nevroloq.

Nevroloq? – Enn təkrarladı.

Hovard başını tərpətdi. Çiyinlərinin gərildiyini indi açıq-aşkar görə bilirdi.

Nə dedilər, Hovard? Allah xatirinə, nə dedilər? Nə məsələdir?

Dedilər ki, onu aşağı aparıb daha bir neçə müayinə edəcəklər, Enn. Düşünürlər ki, əməliyyat etməli olacaqlar, əzizim. Əzizim, əməliyyat edəcəklər. Niyə oyanmadığını başa düşə bilmirlər. Artıq bunun təkcə şok və ya beyin silkələnməsi olmadığını bilirlər. Məsələ kəllə sümüyündədir, o çatla bağlıdır, deyəsən… nəsə, nəyisə onunla əlaqələndirirlər. Ona görə də əməliyyat edəcəklər. Sənə zəng etməyə çalışdım, amma deyəsən, artıq evdən çıxmışdın.

Aman Allahım, – Enn dedi. – Ah, yalvarıram, Hovard, yalvarıram…

O, Hovardın qollarından tutdu.

Bax! – Hovard qışqırdı. – Skotti! Bax, Enn!

O, Enni çarpayıya tərəf çevirdi. Skotti gözlərini açdı, sonra yenidən yumdu. İndi onları bir daha açdı. Gözləri bir dəqiqə düz qarşıya baxdı, sonra yavaş-yavaş hərəkət edib Hovardla Ennin üzərində dayandı, ardınca yenə başqa səmtə yönəldi.

Skotti, – anası çarpayıya yaxınlaşaraq dedi.

Ey, Skott, – atası dedi. – Oğlum.

Onlar çarpayının üstünə əyildilər. Hovard uşağın əlini öz əllərinin arasına alıb onu sığallamağa və sıxmağa başladı. Enn oğlanın üzərinə əyilib alnından təkrar-təkrar öpdü. Əllərini onun üzünün hər iki tərəfinə qoydu.

Skotti, əzizim, ana ilə atan yanındadır. Skotti?

Oğlan onlara baxdı, amma baxışlarında onları tanıdığına dair heç bir əlamət yox idi. Sonra ağzı açıldı, gözlərini bərk-bərk yumdu və ciyərlərində hava qalmayana qədər fəryad etdi. Bundan sonra üzü sanki boşaldı, yumşaldı. Son nəfəsi boğazından zəifcə keçdi və sıxılmış dişlərinin arasından sakitcə çıxaraq havaya qarışdı.

***

Həkimlər bunun gizli bir tıxanıqlıq olduğunu və milyonda bir rast gəlinən hal sayıldığını dedilər. Bəlkə də, bunu hansısa yolla vaxtında aşkar etmək və dərhal əməliyyat aparmaq mümkün olsaydı, onu xilas edə bilərdilər. Amma böyük ehtimalla, yenə də yox. Hər halda, onlar nəyi axtarmalı idilər ki? Nə analizlərdə, nə də rentgen müayinələrində heç nə görünməmişdi.

Doktor Frensis sarsılmışdı.

Nə qədər pis olduğumu sizə ifadə edə bilmərəm. Çox, çox təəssüf edirəm, – dedi və onları həkimlərin istirahət otağına apardı.

Otaqda bir həkim oturmuşdu. Ayaqlarını başqa bir stulun arxasına keçirmiş, səhər tezdən yayımlanan televiziya verilişinə baxırdı. Əynində doğum şöbəsində geyilən yaşıl forma – bol şalvar və köynək, başında isə saçlarını örtən yaşıl papaq vardı. O, Hovardla Ennə baxdı, sonra doktor Frensisə nəzər saldı. Ayağa qalxıb televizoru söndürdü və otaqdan çıxdı. Doktor Frensis Enni divana tərəf apardı, yanında oturdu və alçaq, təsəlliverici səslə danışmağa başladı. Bir ara ona tərəf əyilib qucaqladı. Enn onun sinəsinin öz çiyninə söykənmiş halda sakit və müntəzəm qalxıb-endiyini hiss edirdi. Gözlərini açıq saxladı və həkimin onu qucaqlamasına imkan verdi.

Hovard hamama keçdi, amma qapını açıq qoydu. Şiddətli ağlama tutmasından sonra suyu açıb üzünü yudu. Sonra geri qayıdıb telefonun olduğu kiçik masanın arxasında oturdu. Sanki əvvəlcə nə edəcəyinə qərar verməyə çalışırmış kimi telefona baxdı. Bir neçə zəng etdi. Bir müddət sonra doktor Frensis də telefondan istifadə etdi.

Hazırda sizin üçün edə biləcəyim başqa bir şey varmı? – deyə soruşdu.

Hovard başını buladı. Enn isə sanki həkimin dediklərini anlamağa qadir deyildi; boş-boş ona baxırdı. Həkim onları xəstəxananın giriş qapısına qədər müşayiət etdi. İnsanlar xəstəxanaya girib-çıxırdılar. Səhər saat on bir idi. Enn ayaqlarını nə qədər yavaş, az qala istəksiz şəkildə hərəkət etdirdiyinin fərqində idi. Ona elə gəlirdi ki, həkim onları getməyə məcbur edir. Halbuki qalmalı olduqlarını düşünürdü, sanki orada qalmaq daha doğru olardı. Dayanacağa baxdı, sonra dönüb xəstəxananın girişinə nəzər saldı. Başını bulamağa başladı.

Yox, yox, – dedi. – Onu burada qoyub gedə bilmərəm. Yox.

Bu sözləri öz ağzından eşitdi və birdən düşündü ki, necə də ədalətsizdir: ağzından çıxan yeganə sözlər qəfil və zorakı ölümlərdən sarsılan insanların televiziya filmlərində dedikləri adi sözlərə bənzəyirdi. O, sözlərinin özünə məxsus olmasını istəyirdi.

Yox, – yenə dedi.

Nədənsə, həmin anda qaradərili qadının başının çiyninə düşdüyü an yadına gəldi.

Yox, – bir daha təkrarladı.

Doktor Frensis Hovarda nəsə deyirdi:

Gün ərzində sizinlə yenidən əlaqə saxlayacağam. Hələ görülməli bəzi işlər, bizim üçün aydınlaşdırılmalı bəzi məsələlər var. İzah olunmalı şeylər…

Yarılma, – Hovard dedi.

Doktor Frensis başını tərpətdi.

Başa düşürəm, – Hovard dedi. Sonra əlavə etdi: – Aman Allahım. Yox, başa düşmürəm, doktor. Bacarmıram… Başa düşə bilmirəm. Sadəcə, bacarmıram.

Doktor Frensis qolunu Hovardın çiyinlərinə qoydu.

Bağışlayın. Allah şahiddir ki, mən çox təəssüf edirəm.

Sonra qolunu çəkib əlini uzatdı. Hovard əvvəlcə o ələ baxdı, sonra əlini uzadıb sıxdı. Doktor Frensis Enni bir daha qucaqladı. O, indi Ennə çox mərhəmətli görünürdü. Enn bunu anlamırdı. Başını həkimin çiyninə söykədi, amma gözləri açıq qaldı. Baxışlarını xəstəxanadan çəkmirdi. Maşınla dayanacaqdan çıxarkən yenə dönüb xəstəxanaya baxdı.

***

Evdə Enn əlləri paltosunun ciblərində divanda oturdu. Hovard uşağın otağının qapısını bağladı. Qəhvə maşınını işə saldı, sonra boş bir qutu tapdı. Qonaq otağına səpələnmiş uşağın əşyalarını toplamağı düşünmüşdü. Amma bunun əvəzinə Ennin yanında divanda oturdu, qutunu kənara itələdi və qollarını dizlərinin arasına salaraq irəli əyildi. Ağlamağa başladı. Enn onun başını qucağına çəkib çiynini sığalladı.

O getdi, – dedi.

Çiynini sığallamaqda davam etdi. Hovardın hıçqırıqları arasından mətbəxdəki qəhvə maşınının səsini eşidirdi.

Sakit ol… – deyə nəvazişlə pıçıldadı. – Hovard, o getdi. Getdi… İndi buna alışmalıyıq. Tək qalmağa.

Bir qədər sonra Hovard qalxıb qutunu götürdü və otaqda məqsədsiz şəkildə gəzişməyə başladı. Qutuya heç nə qoymur, sadəcə bəzi əşyaları divanın bir tərəfində döşəmənin üstünə yığırdı. Enn isə hələ də əlləri paltosunun ciblərində divanda oturmuşdu. Hovard qutunu yerə qoyub qəhvəni qonaq otağına gətirdi. Sonra Enn qohumlara zəng etməyə başladı. Hər dəfə qarşı tərəf telefonu açanda Enn əvvəlcə bir neçə söz deyir, bir dəqiqə ağlayırdı. Sonra sakitləşib ölçülü səslə nə baş verdiyini danışır, görüləcək işlər barədə məlumat verirdi. Hovard qutunu qaraja apardı. Orada uşağın velosipedini gördü. Qutunu yerə salıb velosipedin yanında asfaltın üstünə oturdu. Velosipedi yöndəmsiz şəkildə qucaqladı, sinəsinə söykədi. Rezin pedal sinəsinə batırdı. Sonra təkəri əli ilə fırlatdı.

Enn bacısı ilə danışıb telefonu yerinə qoydu. Başqa bir nömrəni axtarmağa hazırlaşırdı ki, telefon çaldı. İlk zəngdə dəstəyi götürdü.

Alo, – dedi.

Arxa fondan yenə uğultuya bənzər bir səs eşitdi.

Alo! – dedi. – Allah eşqinə, bu kimdir? Nə istəyirsiniz?

Sənin Skottin, onu sənin üçün hazırlamışam, – kişi səsi dedi. – Onu unutdun?

Alçaq! – Enn telefona qışqırdı. – Bunu necə edə bilirsən, alçaq köpəkoğlu!

Skotti, – kişi dedi. – Skottini unutdun?

Sonra telefonu söndürdü. Hovard qışqırıq səslərini eşidib içəri gəldi və Enni başını qollarının üstünə, masanın üzərinə qoyub ağlayan halda gördü. Dəstəyi götürüb telefon xəttindəki səsi dinlədi. Çox sonralar, gecəyarısına az qalmış, onlar artıq xeyli işlə məşğul olduqdan sonra telefon yenidən çaldı.

Ey, cavab ver, – Enn dedi. – Hovard, odur, bilirəm.

Onlar mətbəx masasının arxasında oturmuşdular. Qarşılarında qəhvə vardı. Hovardın fincanının yanında viski də vardı. Hovard üçüncü zəngdə telefonu götürdü.

Alo, – dedi. – Bu kimdir? Alo! Alo!

Xətt kəsildi.

Telefonu söndürdü, – Hovard dedi. – Kim idisə.

O idi, – Enn dedi. – O alçaq. Onu öldürmək istəyərdim. Ona güllə atıb çırpındığını seyr etmək istəyərdim.

Enn, Allahım…

Nəsə eşidə bildin? – Enn soruşdu. – Arxa fonda? Bir səs? Maşınların səsi, uğultu, nəsə?

Əslində, yox. Elə bir şey yox idi. Çox vaxtımız olmadı. Məncə, radioda musiqi səslənirdi. Bəli, radio açıq idi. Anlaya bildiyim tək şey buydu. Allahhaqı, burada nə baş verdiyini bilmirəm.

Enn başını buladı.

Kaş əlim ona çataydı… Kaş onu ələ keçirə bilsəydim…

Elə həmin anda birdən hər şey yadına düşdü. Kim olduğunu anladı. Skotti, tort, telefon nömrəsi… Stulu masadan geri itələyib ayağa qalxdı.

Məni ticarət mərkəzinə apar, – dedi. – Hovard.

Nə danışırsan?

Ticarət mərkəzinə. Mən zəng edən adamın kim olduğunu bilirəm. Bilirəm kimdir. O, şirniyyatçıdır, o lənətə gəlmiş şirniyyatçı, Hovard! Mən ondan Skottinin ad günü üçün tort sifariş etmişdim. Zəng edən odur. Telefon nömrəmizi bilən və torta görə bizi dayanmadan narahat edən odur. Şirniyyatçı… o alçaq.

***

Onlar maşınla ticarət mərkəzinə getdilər. Göy üzü açıq idi, ulduzlar görünürdü. Hava soyuq olduğundan maşının qızdırıcısını işə salmışdılar. Çörəkxananın qarşısında maşını saxladılar. Bütün mağazalar bağlı idi, amma dayanacağın uzaq tərəfində, kinoteatrın qarşısında bir neçə maşın görünürdü. Çörəkxananın pəncərələri qaranlıq idi. Amma şüşədən içəri baxanda arxa otaqda işıq yandığını və önlük geyinmiş iri kişinin arada həmin parlaq ağ işığın içində ora-bura hərəkət etdiyini görə bilirdilər. Şüşənin o tayında vitrinləri və bir neçə kiçik masa ilə stulları görmək olurdu. Enn qapını açmağa çalışdı. Şüşəni döydü. Amma çörəkçi onları eşitdisə belə, eyninə olmadı. Onlara baxmadı.

Onlar şirniyyat dükanının arxasına keçib maşını saxladılar. Maşından düşdülər. Yuxarıda, içərisini görə bilməyəcəkləri qədər hündürdə işıqlı bir pəncərə vardı. Arxa qapının yanında bir lövhədə belə yazılmışdı:

“PANTRY” ŞİRNİYYAT DÜKANI – XÜSUSİ SİFARİŞLƏR

İçəridən zəif radio səsi gəlirdi. Sonra cırıltı səsi eşitdilər – bəlkə, açılan soba qapağının səsini. Enn qapını döyüb gözlədi. Sonra daha bərk döydü. Radionun səsi azaldıldı. İndi isə nəyinsə, yəqin, çəkməcənin açılıb-bağlanmasının aydın səsi eşidildi.

Kimsə qapının kilidini açdı və qapını araladı. Çörəkçi işığın altında dayanıb onlara baxdı.

Bağlıyam, – dedi. – Bu saatda nə istəyirsiniz? Gecənin yarısıdır. Sərxoşsunuz, ya necə?

Enn açıq qapıdan düşən işığın altına doğru addımladı. Çörəkçi ağır göz qapaqlarını qırpıb onu tanıdı.

Sənsən, – dedi.

Mənəm, – Enn dedi. – Skottinin anası. Bu da Skottinin atasıdır. İçəri keçmək istəyirik.

Kişi dedi:

İndi işim var. Görməli olduğum işlər var.

Amma Enn artıq qapıdan içəri keçmişdi. Hovard da onun ardınca girdi. Şirniyyatçı geri çəkildi.

İçəridən çörək iyi gəlir, – Enn dedi. – Hovard, sən də hiss edirsən? Buradan onun qoxusu gəlir, elə deyil?

Nə istəyirsiniz? – kişi soruşdu. – Bəlkə, tortunuzu götürmək istəyirsiniz? Hə? Fikrinizi dəyişmisiniz, tortunuzu götürməyə gəlmisiniz? Tort sifariş etmişdiniz, elə deyil?

Şirniyyatçı olduğun halda, kifayət qədər ağıllısan, – Enn dedi. – Hovard, bizə zəng edən adam budur.

Yumruqlarını sıxdı. Ona qeyzlə baxırdı. İçində dərin, yandırıcı bir hiss vardı; bu qəzəb onun sərhədlərini aşır, ona özündən də, qarşısındakı iki kişidən də böyük, güclü olduğunu hiss etdirirdi.

Bir dəqiqə, – kişi dedi. – Üç gündür burada qalan tortunuzu götürmək istəyirsiniz? Məsələ budur? Mən sizinlə mübahisə etmək istəmirəm, xanım. Tort bayatlaşıb. Sizə onu dediyim qiymətin yarısına verərəm. Yox… istəyirsinizsə, götürün. Mənə heç bir faydası yoxdur. Artıq heç kimə faydası yoxdur. O tortu hazırlamaq mənə həm vaxt, həm də pul bahasına başa gəldi… İstəyirsinizsə, buyurun, götürün. İstəmirsinizsə, o da olar. Mən işimə qayıtmalıyam.

Onlara baxdı və dilini dişlərinin arxasında gəzdirdi.

Yenə də tort? – Enn dedi.

İçində getdikcə böyüyən hissin nəzarətinin özündə olduğunu bilirdi. Sakit idi.

Xanım, mən burada çörək qazanmaq üçün gündə on altı saat işləyirəm, – o dedi. Əllərini önlüyünə sildi. – Gecəmi-gündüzümə qatıb birtəhər dolanmağa çalışıram.

Ennin üzündə elə bir ifadə yarandı ki, şirniyyatçı geri çəkilib dedi:

Sakit. Dava-dalaş olmasın.

Sonra piştaxtaya uzanıb sağ əlinə oxlov götürdü və onu o biri əlinin ovucuna yüngül-yüngül vurmağa başladı.

Tortu istəyirsiniz, ya yox? Mən işimə qayıtmalıyam. Biz şirniyyatçılar gecə də işləyirik, – deyə yenə təkrar etdi.

Enn onun gözlərini kiçik və amansız hesab etdi. Gözləri yanaqlarını əhatə edən cod tüklərin arasında az qala itib-batmışdı. Boynu piydən qalınlaşmışdı.

Gecə işlədiyinizi bilirəm, – Enn dedi. – Gecələr telefonla zəng etdiklərini də bilirəm. Alçaq!

Kişi oxlovu ovucuna vurmaqda davam etdi. Hovarda gözucu baxdı.

Ehtiyatlı olun, ehtiyatlı olun, – dedi Hovarda.

Oğlum ölüb, – Enn soyuq, sakit və qəti bir səslə dedi. – Bazar ertəsi səhər onu maşın vurdu. Ölənə qədər yanında gözlədik. Amma təbii ki, bunu bilməyinizi gözləmək olmazdı, elə deyil? Şirniyyatçılar hər şeyi bilə bilməzlər, cənab Şirniyyatçı, düzdür? Amma o ölüb. Ölüb, alçağın biri alçaq!

Qəzəb necə qəfil içində yüksəlmişdisə, eləcə də birdən-birə azaldı və yerini başqa bir hissə – başgicəllənməyə, ürəkbulanmaya verdi. Un səpilmiş taxta masaya söykəndi, əllərini üzünə tutdu və çiyinləri irəli-geri titrəyə-titrəyə ağlamağa başladı.

Ədalətli deyil, – dedi. – Bu… bu, ədalətli deyil.

Hovard əlini onun belinin aşağısına qoydu və kişiyə baxdı.

Utanın, – dedi. – Utanın özünüzdən.

Şirniyyatçı oxlovu yenidən piştaxtanın üstünə qoydu. Önlüyünü açıb çıxardı və piştaxtanın üstünə atdı. Onlara baxdı, sonra yavaşca başını buladı. Kağızlar, qəbzlər, hesablama maşını və telefon kitabçası olan kiçik masanın altından bir stul çəkdi.

Buyurun, əyləşin, – dedi. – Sizə stul gətirim.

Sonra Hovarda üz tutdu:

Sizə də stul gətirəcəyəm. Zəhmət olmasa, əyləşin.

Mağazanın ön tərəfinə keçib iki kiçik, dəmir işləməli stulla geri qayıtdı.

Buyurun, əyləşin. Zəhmət olmasa.

Enn gözlərini sildi və ona baxdı.

Sizi öldürmək istəyirdim, – dedi. – Ölməyinizi istəyirdim.

Kişi onlar üçün masada yer açmışdı. Hesablama maşınını bir tərəfə itələdi, kağız və qəbz yığınlarını da kənara çəkdi. Telefon kitabçasını yerə atdı. Kitab ağır bir səslə döşəməyə düşdü. Hovardla Enn əyləşib stullarını masaya yaxınlaşdırdılar. O da oturdu.

Qoyun, nə qədər təəssüf etdiyimi deyim, – dirsəklərini masanın üstünə qoyaraq danışdı. – Bunu Allah bilir, nə qədər peşmanam. Mənə qulaq asın. Mən sadəcə adi bir şirniyyatçıyam. Başqa bir şey olduğumu iddia etmirəm. Bəlkə də, bir vaxtlar, bəlkə də, əvvəllər başqa cür insan idim. Unutmuşam. Dəqiq bilmirəm. Amma indi deyiləm. Nə vaxtsa elə olmuşamsa belə, artıq deyiləm. Bu, etdiklərimə bəraət qazandırmır, bilirəm. Amma ürəkdən peşmanam. Oğlunuza görə də, bu işdə öz payıma düşənə görə də çox üzgünəm.

Əllərini masanın üstünə açdı, sonra çevirib ovuclarını göstərdi.

Mənim uşağım yoxdur. Ona görə də sizin nə hiss etdiyinizi yalnız təsəvvür edə bilərəm. İndi sizə deyə biləcəyim yeganə şey budur ki, çox üzgünəm. Bacarsanız, məni bağışlayın.

Bir anlıq dayandı.

Mən pis adam deyiləm, yəni elə düşünürəm. Telefonda dediyiniz kimi, şər adam deyiləm. Amma başa düşməlisiniz ki, mən artıq necə davranmalı olduğumu bilmirəm. Xahiş edirəm… sizdən soruşmağa icazə verin: ürəyinizdə məni bağışlamağa yer tapa bilərsinizmi?

Mağazanın içi isti idi. Hovard masadan qalxıb paltosunu çıxardı. Sonra Ennin də paltosunu çıxarmağa kömək etdi. Şirniyyatçı bir müddət onlara baxdı, sonra başını tərpədib ayağa qalxdı. Sobanın yanına gedib bəzi düymələri söndürdü. Fincanlar tapdı və elektrik qəhvə maşınından qəhvə süzdü. Masanın üstünə bir qab qaymaq və şəkər qabı qoydu.

Yəqin, nəsə yeməlisiniz, – dedi. – Ümid edirəm, isti bulkalarımdan yeyəcəksiniz. Yemək lazımdır, yaşamağa davam etmək üçün. Belə bir zamanda yemək kiçik, amma yaxşı bir şeydir.

Sobadan təzəcə çıxmış, üzərindəki şirin sousu hələ axıcı olan isti darçınlı bulkalar gətirdi. Masaya yağ və onu çörəyə çəkmək üçün bıçaqlar da qoydu. Sonra onların yanında oturdu və gözlədi. Hər ikisi boşqabdan bir bulka götürüb yeməyə başlayana qədər gözlədi.

Nəsə yemək yaxşıdır, – dedi, onları seyr edərək. – Hələ çox var. Yeyin. İstədiyiniz qədər yeyin. Burada dünyadakı bütün bulkalar qədər bulka var.

Onlar bulka yeyib qəhvə içdilər. Enn qəfildən çox ac olduğunu hiss etdi. Bulkalar isti və şirin idi. O, üç dənə yedi və bu, şirniyyatçını sevindirdi. Sonra danışmağa başladı. Onlar diqqətlə qulaq asırdılar. Yorğun və dərin kədər içində olsalar da, dediklərini dinləyirdilər. Şirniyyatçı tənhalıqdan, orta yaşlarında həyatı ilə bağlı üzləşdiyi şübhə və məhdudiyyət hissindən danışmağa başlayanda onlar başları ilə razılıqlarını bildirdilər. O bütün bu illər ərzində övladsız yaşamağın necə bir şey olduğundan danışdı. Günlərin bir-birini təkrar etməsindən, sobaların fasiləsiz dolub-boşalmasından. Hazırladığı məclis yeməklərindən, bayramlar və şənliklər üçün düzəltdiyi sifarişlərdən danışdı. Qalın krem örtükdən. Tortların üstünə qoyduğu balaca gəlin-bəy fiqurlarından. Yüzlərlə… yox, indiyə qədər minlərlə. Ad günlərindən.

Təsəvvür edin, o qədər şamın yanmasını…

Onun işi lazımlı peşə idi. O, şirniyyatçı idi. Gülçü olmadığına görə sevinirdi. İnsanların qarnını doyurmaq daha yaxşı iş idi. Buranın qoxusu istənilən vaxt güllərin qoxusundan üstün idi.

İyinə baxın, – dedi və tünd rəngli bir çörəyi ortadan böldü. – Ağır çörəkdir, amma çox zəngindir.

Onlar çörəyin qoxusunu duydular, sonra çörəkçi onlara dadına baxdırdı. Çörəyin dadında bəkməz və kobud üyüdülmüş taxılın tamı vardı. Onlar şirniyyatçıya qulaq asırdılar. Yeyə bildiklərini yeyirdilər. Tünd çörəkdən udurdular.

Flüoresan işıqların altında hər şey gündüz işığına bənzəyirdi. Onlar səhərin erkən saatlarına qədər danışdılar. Pəncərədə səhərin işığı görünməyə başladı.

Heç biri getmək barədə fikirləşmirdi.

1983

Tərcümə: Fidan Vahid