Türk xalqları müsəlmanlaşma prosesində İslam dinini üç yolla mənimsəmişdir:
Şifahi mənbələrə əsaslanan İslam təsəvvürü (Xalq İslamı);
Kitabi mənbələrə əsaslanan İslam təsəvvürü (Rəsmi İslam);
Mistik mənbələrə əsaslanan İslam təsəvvürü (Təsəvvüfi İslam).
“Türk İslamı”, “Türk Xalq İslamı” və ya Avropa ədəbiyyatındakı adıyla “Türk Heterodoks İslam” anlayışları elmi dəlillərə əsaslanan Mədrəsə İslamı və şəriətə söykənən Dövlət İslamından fərqlənir. Bu, geniş xalq kütlələrinin şifahi yolla qəbul etdiyi və içində öz qədim inanclarını yaşatdığı İslam anlayışıdır.
Rəsmi İslam mədrəsələr və dövlət tərəfindən təmsil edildiyi halda, Təsəvvüfi İslam təriqətlər və məhdud mistik dairələr tərəfindən qəbul edilmişdir. Səfəvilər dövlətinin yaranması türklərin İslam dinini kütləvi şəkildə qəbul etdikləri IX əsrdən etibarən formalaşmağa başlayan “Türk İslamı” anlayışının nəticəsi idi. Qızılbaşlıq isə “Xalq İslamı” anlayışının Babailik üsyanı ilə birlikdə ideoloji fəaliyyətə çevrilərək siyasi səhnəyə çıxmış formasıdır.
Monqol istilası
Monqol istilaçılarından qaçan Orta Asiya, Xorasan, Əcəm İraqı, Azərbaycanda yaşayan və böyük əksəriyyətini köçərilərin təşkil etdiyi Türk tayfaları Anadoluya sığınmışdılar. Sayı bir milyondan çox olan və əsasən, oğuz, qıpçaq, xələc, qanqlı, qarluq və uyğur türklərindən ibarət1 köçkünlərin böyük hissəsi sadəcə ailələrini, çadır və minik atlarını gətirə bilmiş, böyük heyvan sürülərini isə tərk etməli olmuşdular. Çingiz xanın rəhbərliyində təşkilatlanan ordunun əlinə keçən həmin sürülər bir əsr boyunca monqolların rifah içində yaşamasına səbəb olmuşdur. Çingiz xanın oğlu Ögedey xaqan zamanında (1227–1241) monqolların əlində 10 mindən çox qurbanlıq atın olduğunu nəzərə alsaq, qənimət olaraq ələ keçən heyvan sürülərinin sayı bir milyardı ötüb keçirdi2. Anadoluya qaçan türklər isə yoxsul, pərişan, ac idilər. Hətta birinci monqol istilasından (1215–1223) sonra Türkmənistandan Azərbaycana, buradan da Ərzincana gələn osmanlıların ulu babası Ərtoğrul Qazinin başçılıq etdiyi qayıların libaslarının cırıq, qarınlarının ac olduğu qeyd edilir.
Həmin vaxt Anadoluda Sultan II Qiyasəddin Keyxosrovun (1237–1246) başçılıq etdiyi Türkiyə Səlcuqlu dövləti (1075–1318) mövcud idi. Türkiyə Səlcuqluları gələn soydaşlarının hamısını məskunlaşdırmaq və yerləşdirmək imkanına sahib deyildilər. Onların bir hissəsini dövlət Bizans ilə sərhəd bölgələrində məskunlaşdırdı. Mənbələrin uc türkmənləri adlandırdığı türk tayfaları (onların arasında Ərtoğrul Qazi başçılığında osmanlılar da var idi) Qərbi Anadolunun türkləşməsində və Bizansın süqutunda böyük rol oynadılar3. Qalanları isə Mərkəzi, Cənubi və Şimali Anadolu coğrafiyasına yayıldılar…
Ardı var…
Əkbər N.Nəcəf
Tarixçi – tədqiqatçı