Füyuzat 142 Qərənfil Dünyaminqızı

Kommunist partiyası niyə dağıldı?

Hakimiyyətdə olduğu 70 il ərzində cümhuriyyətçiliyi, türkçülüyü, füyuzatçılığı təhqir və tənqid edən Kommunist Partiyasının süqutu sübut etdi ki, marksizm-leninizm nəzəriyyəsi yox, milli dəyərləri təmsil edən ideologiyalar daimiyaşardır. Lakin şanına-şöhrətinə, tarixinə, təbliğinə milyonlarla əsərlər, kitablar, məqalələr, dissertasiyalar yazılan Kommunist Partiyası iflasa uğradı. Axı sovetlər onu nəyin bahasına olursa-olsun yaşatmaq üçün ən çirkin əməllərə belə əl atdılar, qanlara-qadalara bais oldular. Bəs niyə əbədiyaşar edə bilmədilər? “Möhtəşəm” imperiyanın başında duran bu Kommunist Partiyasının şişib-şişib sonda partlaması bir daha sübut etdi ki, o heç vaxt möhtəşəm olmayıb. Çünki onun xəmiri yalanla, rüşvətlə, böhtanla, qan-qada ilə yoğrulmuşdur. Odur ki Rəsulzadənin də ön gördüyü kimi, heç 70-i adlaya bilmədi. Partiyanı tərənnüm edən belə əsərlərin birindən cəmi iki-üç cümlə qeyd etmək kifayətdir.

Qarşımda “Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri” (1964) adlı kitab var. 818 səhifədən ibarət olan bu əsəri sovet dövrünün tanınmış, adlı-sanlı tarixçi alimlərindən M.S.İsgəndərov (rəhbər), Ç.B.Quliyev, D.P.Quliyev, İ.A.Hüseynov, M.A.Qazıyev, U.A.Tokaryevski, Ə.H.Şahgəldiyev ərsəyə gətiriblər. Əsər XIX əsrin 80-ci illərindən 1963-cü ilə qədər olan dövrü əhatə edir. Təbii tərif hissəsi Azərbaycanda sovetlərin “qələbəsindən” (işğalından oxu – Q.D.) sonrakı dövrü əks etdirir.

Əsərdə yazılır: “Ümumittifaq K(b)P MK “Partiyanın boyca artması haqqında və ÜİK(b)P-ya yeni daxil olanlarla partiya təşkilatı və partiya siyasi işi gücləndirmək tədbirləri haqqında” (26 iyul 1964) qərarında müəyyən edilmişdir”. Sözə fikir verin, “partiyanın boyca artması”. Əslində, bu partiya nə qədər zor və silah gücünə idarə edilsə də, boyca arta bilmədi, 70-i haqlamadı. Sovet adamlarının qəlbində ona sevgi, sayğı yaratmaq üçün şanına, şöhrətinə minlərlə, milyonlarla elmi və bədii əsərlər ithaf edildi. Bunu qəbul etməyən, sovet quruluşunun “əzəmətlərini” görməyən insanları isə dəhşətli repressiyalara məruz qoydular. Amma yenə də bu “əzəmətli, böyük, dahi” partiya iflasa uğradı. Yuxarıda adlarını sadaladığım alimlərimizin təbirincə desək, boyca arta bilmədi, məhv oldu.

Əsərdə dönə-dönə vurğulanır ki, Kommunist Partiyası xalqın partiyasıdır. Əgər, doğrudan da, belə idisə, niyə dağıldı? Axı el gücü sel gücüdür. Xalq onu niyə dağılmağa qoydu? Çünki nə o partiyanın eldən, nə də elin o partiyadan xəbəri var idi…