Biz gözümüzü açan gündən onu şux görməmişdik, nə bacım, nə də mən. Ayaq sinirləri vaxtından çox erkən ölmüşdü, yeriyə bilmirdi. Amma Allah onun bütün məhrumiyyətlərinin əvəzini o sevgi dolu ipək əlləri ilə, mərhəmətdən yoğrulan qəlbi ilə ödəmişdi.
Mənim nənəmin bütün nəvazişi qulağındakı dişlək “lola” sırğalarında gizlənmişdi. Qucağında böyütdüyü nəvə-nəticələri ömürlərində bir dəfə də olsa o sırğanın dadına baxmışdılar…
Böyüyəndən sonra da hamısı baba ocağına nənə istisindən ötrü sığınırdı. Xüsusən qarlı gecələrdə onun məlahətli səsi qalın “yun yorğan” olardı hamımıza.
Dəmir qapı darvazamızdan qıraqda bəxtimizi gözləyən təhlükələrdən xəbərsiz, uşaq ağlımızla inanırdıq ki, nənəmiz varsa, hər şeyimiz var. Elə ki nədənsə qorxardıq, yaşıl təsbehini götürüb fal açardı bizə. Belə şeydə əli yaxşı gətirirdi. Həmişə hər şeyi xeyirə yozardı.
Mənim nənəm yetim böyümüşdü. Ona görə də təkcə sevdiklərinə yox, sevmədiyi insanlara qarşı da nəvazişli idi. Onu narazı salmaq çətin iş idi. Çünki həyatın ona ilk öyrətdiyi söz “yetinmək” olmuşdu.
Evdə bizim otağımızla nənəmin otağı qonşu idi. Amma gecələr biz gedib onunla yatırdıq. Etiraf edim ki, nənəmin heç bir kitabda-dəftərdə yazılmayan xüsusi nağılları ilə bərabər, bizi ora çəkən başqa şey də dəmir setka yatağı idi. Bir səhər ayıldım ki, daha nənəm məni xatırlamır.
Onun yaddaşı bizi tərk etmişdi.
“Xoşbaxt olasan, qızıldan taxt olasan” deyə-deyə böyüdürdü balalarını. Xeyir-duası əskik olmazdı heç kimdən. Sonra balaca şeylər üstündə düzü-dünyaya qarğışlar hayqıranda anladım.
Nənəmin duasını itirmişdik.
Xəstəliyi şiddətləndikcə otağından çıxmaz oldu. Ölüm gündən-günə ayaqlarından üzü yuxarı yol gəlirdi. Daha əlləri də qaşıq tutmaz hala gəlmişdi. Artıq yemək süfrəsindən altıncı stolu yığışdırmışdı atam, çünki onun boş duruşu hamımızı nəyəsə hazırlayırdı və biz buna hazır deyildik.
Bu dəfə nənəmin yerini itirmişdik.
Fidan Vahid
Filoloq