Füyuzat 142 Həşim Səhrablı

Mətbuat, informasiya savaşları – gələcək dövlətçilik modelləri

İnsanlıq daim yeniliklərə can atmış, bəşər tarixinin hər dövrü özünün ən mükəmməl yenilikləri ilə insanların həyatını daha da asanlaşdırmış və sistematikləşdirmişdir. Məsələn, ox və kamanı istehsal edən insan oğlu qarnını daha tez-tez doyura bilmişdir. Çünki ovçuluğa yenilik gəlmiş və bu yenilik insana qaçmadan, qovalamadan ov etmək imkanı vermişdir. Daha sonra təkərli arabalar kəşf edildi. Öküz və ya atların köməyi ilə məsafələr qısaldı, yerlər daha asan və yaxşı kotanlandı. Sonra çap maşını ilə bilgi istehsalı sürətləndi, bilgi axını daha əlçatan oldu və s.

Lakin bəşəriyyət zaman keçdikcə bu müstəsna ixtiraları ixtilaflar, qarşıdurmalar üçün bir vasitəyə çevirmiş, ovun, sürətli məsafə qət etmənin, bilgiyə sahiblənmənin mahiyyəti dəyişmiş, hədəfin mərkəzində cəmiyyətə xidmət deyil, insanlığa qarşı savaş açmaq, ölüm-dirim mübarizəsi dayanmışdır.

Belə ki, ox və kaman insanların ehtiyacını ödəmək üçün ovçuluğu asanlaşdırdı, tədricən peşəkar ovçular qəbilələrarası müharibələrin qatilinə çevrildi. Arabanı yaxşı idarə edənlər silahlı döyüşçüləri hər hansı bölgəni ələ keçirmək üçün daha sürətlə hədəfə çatdırdılar. Eləcə də çap olunmuş kitablar arasında get-gedə qeyri-insani məqsədlərə xidmət edənlər də yer aldı.

Bütün bu müsbət və mənfi dinamikanın əsasını isə, təbii ki, insan ağlı və bu ağıldan doğan bilgi, məlumat, bugünkü termin olaraq informasiya təmin edirdi. Təsadüfi deyil ki, insan oğlunun ilk şüur göstəricisi danışmağı, daha sonra isə yazmağı öyrənməsi qəbul edilir.

Çünki hər şey həmin dönüm nöqtəsindən – informasiya istehsalından başladı…

Bu gün sivilizasiya ağlasığmaz dərəcədə inkişaf edib, hər hansı bir cihaz bizdən aldığı səsi, sözü minlərlə kilometr uzaqdakı yaxınımıza ötürür. Biz bu vasitə ilə olduğumuz yerdən minlərlə kilometr uzaqlıqdakı yaxınlarımızı görür, canlı söhbət edirik. Və ya artıq biz işləmirik, robotlar bizim yerimizə çalışır, tarlanı biz yox, maşınlar kotanlayır, məsafələri arabalarla günlər sərf edərək qət etmirik, hətta uçuruq… Bir zamanlar düşüncələrin fövqündə olduğu kimi…

Bu qədər ciddi təkamülün də əsasını yenə insan zəkası və bu informasiya təşkil edir.

Amma necə ki ox və kaman bir müddət sonra silaha çevrildi, bugünkü inkişaf da insanlığın həyatını asanlaşdırmaqla bərabər, daha faciəli səbəblər doğura bilir. Bir atom bombası kifayətdir ki, nəinki milyonlarla insan, burada yaşayan bütün canlı orqanizmlər məhv olsun.

Hətta bəzi qlobal təsir dairələri daha da irəli gedərək artıq informasiyanın özünü də silaha çeviriblər. Qida ilə gələcəyi zəhərləyənlər bu azmış kimi beyinləri də zəhərləyir, ənənəvi dünyanı, bəşəriyyətin on min illik vərdişlərini və yaşam tərzini dəyişməyə çalışırlar. Bu gün isə informasiya informasiya müharibəsinin əsas komponentidir.

Nədir informasiya müharibəsi?

Davamı…