Füyuzat 142 Muxtar Cəfərli

Dərd içində dərmanı görmək…

Biz insanıq, güclü və iradəli olduğumuz kimi, zəif tərəflərimiz də var. Bu səbəbdən qarşılaşdığımız bir çox çətinliklər ruh və qəlb dünyamızı özünə əsir edə bilir. Bu əsarətdən sanki dünyamız qaralır, yığın-yığın dərd-kədər üstümüzə çökür. Problemlərimizi həll etməyə, işlərimizi yoluna qoymağa çalışarkən yenidən başqa bir çətinlik qapımızı döyür. Bütün bu imtahanlar bitib-tükənməz kimi görünsə də, bir müddət sonra yorğunluq, narahatlıq və kədərli anlar həyatımızda sadəcə bir xatirə kimi qalır.

Biz insanıq, bəzən büdrəyirik, yıxılırıq, əlimiz-ayağımız əzilir. Bəzən kimsə bizə daş atır, başımız-gözümüz yarılır. Bəzən yol gedərkən görünən və görünməyən tikanlar ayağımıza batır, ağrı-acısını çəkirik. Bütün bunlar bizi nə qədər incitsə də, dərdimizi dinləyən, yaramıza məlhəm olan insanları yanımızda görməyəndə daha çox ağrı-acı hiss edirik, qəlbimizdə dərin yaralar açılır, mənəvi böhran içərisində vurnuxub dururuq. Düşdüyümüz girdabdan qurtulmağın yollarını axtarırıq. Çıxış yolumuz isə, təbii ki, bütün sıxıntıların müvəqqəti olduğuna inanmaq, dərd və çətinliklərin içindən başımızı qaldırıb Yaradana yönəlmək, dərdlərin içində dərman axtarmaqdır.

İnanmalıyıq ki, dərd və kədər kimi görünən çox şey bizi yetişdirmək, bizə nələrisə öyrətmək istəyən bir müəllimdir. Bəlkə də, bizim dərd kimi gördüklərimiz, əslində, dərdimizə dərman gətirən bir həkimdir. Yaxud bu dərdlər, bəlkə də, çox vaxt laqeyd yanaşdığımız qəlbimizlə, ruhumuzla zəifləyən əlaqəmizi yenidən bizə xatırladan bir elçidir. Kim bilir?..

İnsan çox qəribə və müəmmalı varlıqdır. Bir üzündə sevinc, bir üzündə hüzn var. Bir gözü ağlayır, bir gözü gülür. Bəzən içi xoşbəxtlik və hüzurla dolur, bəzən də simasındakı təbəssümün yerini kədər və məyusluq tutur. Bəzən yağışdan qaçıb doluya düşən adam kimi dərd üstünə dərdə mübtəla olur, bəzən də dağılan buludların arxasından parlayan günəş kimi təbəssüm saçır, böyük sandığı dərdləri gözündə kiçildikcə kiçilir. Əsas məsələ odur ki, bu zidliklərin bir-biri ilə apardıqları mübarizədə insan öz daxilindəki fitri qabiliyyətlərini üzə çıxarsın, özünəxas məziyyətlərini inkişaf etdirərək qarşısına çıxan maneələri aşmaq üçün çarələr axtarsın.

Biz insanıq, hansımızdan soruşsalar, hamımızın özünə görə dərdi və o dərdimizdən şikayətimiz var. Kimimizin dərdi dünya malı və ya kasıblığı, kimimizin dərdi xəstəliyi, yaxud itirdiyi bir yaxınıdır. Hətta dərd kimi görünən, əslində isə dərd olmayan problemlər də var. O cümlədən yollardakı tıxac, erkəndən oyanmaq, bahalı telefon, sevmədiyi iş, xoşlamadığı yemək və s. Bu “dərd”lərin siyahısını kifayət qədər uzatmaq olar. Çünki biz bu dünyada özümüzə dərd etməyə çox şey tapa bilirik…

Davamı…