Füyuzat 149 Xəbərlər

Beyin köçünün sosioloji trayektoriyası

Müasir dünya nizamında sərhədlərin şəffaflaşması və rəqəmsal inqilabın yaratdığı qlobal hərəkətlilik bəşəriyyətin ən qiymətli resursu olan “insan kapitalı” anlayışını yenidən formalaşdırmışdır. Bu gün terminologiyada “beyin axını” kimi sabitləşən fenomen sadəcə fərdlərin bir coğrafiyadan digərinə köçü deyil, intellektin, yaradıcı enerjinin və elmi potensialın qlobal miqyasda yenidən paylanması prosesidir. Lakin bu paylanma təsadüfi deyil. O, müəyyən cazibə mərkəzləri ilə bu mərkəzləri bəsləyən periferiyalar arasındakı dərin asimmetriyadan qaynaqlanır.

Beyin axınına yanaşarkən məsələni sadəcə vətənpərvərlik və ya iqtisadi çətinlik prizmasından dəyərləndirmək bizi yanlış nəticələrə aparır. Bu, emosional rənglərdən təmizlənməsi, sosioloji və analitik dəqiqliklə araşdırılması zəruri olan sistemli bir problemdir. İntellektin sərhədsizliyi prinsipi bir tərəfdən elmin qlobal tərəqqisinə xidmət edirmiş kimi görünsə də, digər tərəfdən inkişafda olan cəmiyyətlərin intellektual onurğa sütununu zəiflədir.

Müasir dövrdə bilik artıq lokal dəyər deyil, qlobal bazarda ən yüksək qiymətə satılan məhsuldur. Bu mənada yoxsul və ya inkişaf imkanları məhdud olan ölkələrin ixrac edilən beyinləri, əslində, bir növ xammal rolu oynayır. Fərq ondadır ki, bu xammal emal olunduqdan sonra geri dönmür, əksinə, getdiyi yerin strukturunu daha da gücləndirir. Biz bu yazıda beyin axınını nə bir faciə, nə də sadə bir seçim kimi yox, dünya sisteminin mərkəzində dayanan mexanizm şəklində  analiz edəcəyik. İntellektual miqrasiyanın pərdəarxasına boylanaraq “ağılların” niyə öz doğma limanlarını tərk edib uzaq sahillərə üz tutduğunun sosioloji xəritəsini cızacağıq. Bu sosioloji xəritənin ilk və ən həlledici cizgiləri bilginin coğrafiyası üzərində çəkilmişdir. İntellektual miqrasiyanın pərdəarxasına baxdıqda görürük ki, dünya siyasi sərhədlərlə yanaşı, elmi nüfuz dai­rələrinə də bölünmüşdür.

Dünya sisteminin mərkəz və kənar strukturu iqtisadiyyatdan daha çox elm və bilik istehsalında özünü büruzə verir. Modern dövrdə bilik qlobal gücün cəmləşdiyi spesifik mərkəzlərdə istehsal olunur. Bu mərkəzlər, əsasən, Qərb paytaxtları və onların nəhəng akademik korporasiyaları biliyin harada, necə və hansı dildə yaradılacağını diktə edir. Bu strukturda yoxsul ölkələr “xammal” (istedadlı gənclər) tədarükçüsü, zəngin mərkəzlər isə bu xammalı emal edən və yüksək texnologiyaya çevirən “fabriklər” rolunu oynayır.

Bilik istehsalının harada formalaşması məsələsi birbaşa suverenlik məsələsidir. Bir ölkə öz daxilində elmi laboratoriyalar, azad təd­qiqat institutları və innovativ ekosistem qura bilmirsə, onun yetişdirdiyi hər parlaq zəka, təbii olaraq, özünü reallaşdıra biləcəyi akademik yerə, yəni biliyin artıq infrastrukturlaşdığı mərkəzlərə can atır. Burada universitetlər həm də qlobal güc mərkəzlərinə çevrilmişdir. Harvarddan Oksforda, MİT-dən Stanforda qədər bu müəssisələr intellektual cazibə qüvvəsi yaradaraq dünyanın ən uzaq kəndlərindəki istedadları belə öz orbitinə çəkir.

Elm və iqtisadi imkanların qarşılıqlı təsiri bu prosesi daha da möhkəmləndirir. Elm baha başa gələn bir fəaliyyətdir, maliyyə sabitliyi, texnoloji təchizat və uzunmüddətli investisiya tələb edir. İqtisadi güc elmi stimullaşdırır, inkişaf etmiş elm isə öz növbəsində yeni texnologiyalar vasitəsilə iqtisadiyyatı daha da böyüdür. Beləliklə, bir növ “zəngin daha da zənginləşir, yoxsul isə intellektini itirdiyi üçün daha da yoxsullaşır” dövranı yaranır. Bu elmi-iqtisadi spiral kənarda qalan ölkələrin öz daxili intellektual resurslarını idarə etməsini çətinləşdirir və onları qlobal sistemin sadəcə “istehlakçı” və ya “donor” hissəsinə çevirir.

Bu gün sosiologiyanın əsas mövzularından olan “beyin axını”, əslində, kifayət qədər gənc bir keçmişə malikdir. Bu termin ilk dəfə 1950-ci illərdə Britaniya Kral Cəmiyyəti tərəfindən ingilis alimlərinin və mühəndislərinin müharibədən sonra daha yaxşı imkanlar üçün ABŞ-yə kütləvi axınını təsvir etmək üçün işlənmişdir. Xüsusilə II Dünya müharibəsindən sonra elmin və texnologiyanın hərbi və siyasi üstünlüyün əsas rəmzinə çevrilməsi beyin axınını dövlət strategiyalarının mərkəzinə qoydu. ABŞ-nin “Kağız sancağı əməliyyatı” (Operation paperclip) ilə alman alimlərini ölkəyə gətirməsi intellektin necə bir qənimət olduğunun ən bariz tarixi nümunəsidir. XXI əsrdə qloballaşmanın sürətlənməsi ilə miqrasiya formaları daha mürəkkəb xarakter aldı. Artıq söhbət sadəcə fiziki köçdən deyil, rəqəmsal və virtual beyin axınından da gedir.

Bu gün beyin axınına yalnız insanın bir ölkədən digərinə köçməsi kimi baxmaq olmaz. Bu, qlobal əmək bazarının struktur dəyişikliyidir. Əvvəllər insanlar aclıqdan və müharibədən qaçırdılarsa, müasir intellektual miqrant imkansızlıqdan və perspektivsizlikdən uzaqlaşır. Bu transformasiya onu göstərir ki, artıq bilik sahibləri üçün coğrafi yox, peşəkar mənsubiyyət ön plana çıxır.

Bu hissələrdə biz problemin makro mənzərəsini: həm coğrafi güc bölgüsünü, həm də tarixi təkamülünü nəzərdən keçirdik. İndi isə diqqətimizi daha dərinə – fərdi və sistematik məsələlərə yönəltməliyik: bu köçü sürətləndirən sadəcə daha çox pul qazanmaq istəyidir, yoxsa fərdin öz potensialını qorumaq instinkti?

Bu sual bizi sosioloji bir dilemmanın tam mərkəzinə – “yoxsulluq, yoxsa seçim” mövzusuna gətirib çıxarır. İntellektual köçü sürətləndirən amillər çox vaxt sadə iqtisadi göstəricilərin kölgəsində qalsa da, əslində, bu, fərdin öz potensialını qorumaq instinkti ilə sistemik məcburiyyətin toqquşma nöqtəsidir.

Beyin axını haqqında danışarkən ən böyük sosioloji yanılma bu prosesi sadəcə maddi ehtiyac ilə izah etməkdir. Şübhəsiz ki, iqtisadi rifah mühüm faktordur, lakin intellektual insan üçün yoxsulluq anlayışı yalnız cibdəki pulun azlığı deyil, həm də imkanların qıtlığıdır. Təhsil imkanlarının məhdudluğu bu zəncirin ilk halqasıdır. Öz ölkəsində elm ən son yeniliklərlə ayaqlaşa bilmirsə, oxuduğu dərsliklər qlobal trendlərdən onillərlə geri qalırsa, gənc tədqiqatçı üçün miqrasiya bir seçimdən daha çox, məcburiyyətə çevrilir.

Burada elmi mühit və laborator infra­struktur fərqləri həlledici rol oynayır. Elm artıq təkcə kağız-qələmlə deyil, milyonlarla dollarlıq avadanlıqlar, superkompüterlər və nəhəng data mərkəzləri ilə idarə olunur. Bir fizikin, bioloqun və ya mühəndisin öz vətənində lazım olan texniki bazanı tapa bilməməsi onun on illərlə topladığı biliyin ölü kapitala çevrilməsi deməkdir. Bu nöqtədə sosioloji gərginlik yaranır: fərd öz biliklərinə xəyanət edib mühitə uyğunlaşmalı, yoxsa biliklərini reallaşdıra biləcəyi ekosistemə köçməlidir?

Sosial sabitlik və gələcək planlaşdırma da bu köçün psixoloji sütunlarını təşkil edir. İntellektual əmək sahibi üçün proqnozlaşdırıla bilən gələcək yüksək maaşdan daha önəmlidir.

Nəticədə, fərdi seçim və məcburiyyət arasındakı o incə xətt silinir. Kənardan “öz xoşu ilə getdi” kimi görünən hərəkətin arxasında, əslində, yerli mühitin yaratdığı görünməz itələmə qüvvəsi dayanır. İnsanlar sadəcə başqa ölkəyə getmirlər, həm də özlərini realizə edə bilmədikləri mühitdən qaçırlar. Bu qaçışın son dayanacağı isə həmişə eyni yerdir: istedadı maqnit kimi çəkən, onu emal edib qlobal bazara çıxaran böyük mərkəzlər.

Bəs bu “beyinləri” qarşı tərəfdə nə gözləyir? Niyə məhz Qərb mərkəzləri bu qədər cazibədardır? Bu mərkəzlərin yaratdığı cazibə qüvvəsi təkcə fərdin getmək istəyindən deyil, həm də həmin sistemlərin istedadı udmaq üçün qurduğu mükəmməl mexanizmlərdən qaynaqlanır. Qərb mərkəzləri və nüfuzlu universitetlər bu intellektual kapitalın ən yüksək konsentrasiyada toplandığı nəhəng qravitasiya sahələridir. Bu mərkəzlər bir zəkanın ehtiyac duyduğu hər şeyi ən müasir laboratoriyalardan tutmuş sənayenin nəhəngləri ilə birbaşa əlaqələrə qədər paket halında təqdim edir. Belə mühitdə elmi karyera qurmaq illərlə çəkilən əziyyətin cəmi bir neçə aya nəticə verməsi deməkdir.

Bu cazibənin arxasında dayanan ən böyük iddia isə meritokratiyadır. İnkişaf etmiş təd­qiqat mərkəzləri dünyaya belə bir mesaj göndərir: “Kimin övladı olmağınızın, hansı ölkədən gəlməyinizin və ya maddi vəziyyətinizin önəmi yoxdur. İstedadınız varsa, biz sizə ən yüksək imkanları verəcəyik”. Bu iddia praktikada həmişə özünü doğrultmasa da, yoxsul ölkələrdəki təyinatlı uğur sistemindən bezən zəkalar üçün inqilabi bir vəddir. Maddi imkanların cəlbediciliyi isə burada sadəcə bir tamamlayıcıdır. Bir alimin layihəsi üçün aldığı qrant bəzən gəldiyi ölkənin kiçik bir elmi institutunun illik büdcəsindən böyük olur.

“İstedadın konsentrasiyası” fenomeni isə bu prosesi daha da sürətləndirir. Dünyanın ən yaxşı beyinləri bir yerə toplandıqda orada intellektual “partlayış” baş verir. Yaradıcı insanlar bir-birindən qidalanır, rəqabət elmi məhsuldarlığı artırır və nəticədə həmin nöqtə innovasiyanın episentrinə çevrilir. Bu konsentrasiya elə həddə çatır ki, mərkəzdən kənarda qalmaq artıq elmdən kənarda qalmaqla eyniləşir. Beləliklə, yoxsul ölkənin yetişdirdiyi mütəxəssis üçün seçim artıq “vətən və ya xaric” deyil, “inkişaf və ya durğunluq” müstəvisinə keçir.

Buna baxmayaraq köçün nəticələri həmişə birmənalı olaraq “itki” kimi qiymətləndirilməməlidir. İntellektual miqrasiyanın modern mənzərəsi bizə göstərir ki, beyin axını bəzən birtərəfli gediş deyil, daha mürəkkəb bir dövriyyənin başlanğıcı ola bilər. Burada biz “itki” anlayışını kənara qoyub bilginin qlobal hərəkətinə daha fərqli prizmadan baxmağa başlayırıq. İntellektin geri dönüşü və ya elmi diasporanın rolu beyin axınını bir fəlakətdən strateji imkana çevirən gizli qapıdır.

Bu nöqtədə sosioloji təfəkkür bizi ənənəvi “itki” diskursundan uzaqlaşdırıb daha müasir və dinamik anlayış olan “beyin dövriyyəsi” konsepsiyası ilə üz-üzə qoyur. Uzun illər boyu beyin axınına yalnız bir ölkənin intellektual qanitirməsi kimi baxılsa da, XXI əsrin şəbəkələşmiş dünyası bu prosesin daha mürəkkəb tərəflərini aşkar edir. Artıq intellektual köçü “vətəndən qaçış” deyil, “qlobal bilik zəncirinə qoşulma” kimi görmək mümkündür.

Xaricə gedən zəkalar orada qazandıqları təcrübə, vərdiş və əlaqələrlə, əslində, öz vətənləri üçün “uzaqdakı dayaq nöqtələrinə” çevrilirlər. Diasporanın rolu burada xüsusilə qabarıq görünür. Müasir kommunikasiya vasitələri imkan verir ki, mühacirətdəki bir alim özü ölkə daxilində olmasa da, yerli tələbələrə mentorluq etsin, birgə beynəlxalq layihələr hazırlasın və ən son texnoloji yenilikləri öz ölkəsinin elmi mühitinə uyğunlaşdırsın. Beləliklə, “itirilmiş” hesab olunan beyin, əslində, ölkənin elmi sərhədlərini genişləndirən bir elçiyə çevrilir. Bu, tam itki anlayışının yenidən düşünülməsini tələb edir. İntellekt bir nöqtədə sabit qaldıqda deyil, hərəkət etdikdə və müxtəlif mühitlərlə təmasda olduqda daha çox dəyər yaradır.

Bu nikbin mənzərənin arxasında həm də kifayət qədər ağır və görünməz iqtisadi-mədəni nəticələr gizlənir. Beyin axınının yaratdığı ən böyük fəsad insan kapitalının boşalmasıdır ki, bu da yerli elmi mühitdə doldurulması çətin olan vakuumlar yaradır. Hansı ölkənin ən istedadlı gəncləri kütləvi şəkildə gedirsə, orada elmi varislik zənciri qırılır, ustad-şagird münasibətləri zəifləyir və yerli universitetlər sadəcə “diplom verən müəssisələrə” çevrilir. Bu boşluq həm də mədəni identiklik böhranı yaradır. İntellektual elita ölkədən qopduqca cəmiyyətin gələcəyini formalaşdıracaq beyin qüvvəsi azalır, bu isə uzunmüddətli sosial struktur dəyişikliklərinə və cəmiyyətin daxili inkişaf enerjisinin sönməsinə gətirib çıxarır.

Gəldiyimiz nəticə bizi beyin axınına birtərəfli yox, daha sistemli və soyuqqanlı baxmağa vadar edir. Bu problemi nə romantikləşdirib “bilik sərhəd tanımır” deyərək yola vermək, nə də dramatikləşdirib gedənləri “xəyanətkar” elan etmək çıxış yoludur. Gələcək üçün balanslı bir model axtarışı fərdin “qalmaq” və “getmək” arasındakı seçimini sadəcə bir köç deyil, bir inkişaf strategiyası kimi görməyi tələb edir. Əsl hədəf beyinlərin getməsini fiziki olaraq əngəlləmək deyil, onların həm gedib, həm də mənəvi-elmi baxımdan öz vətənlərinə “bağlı qala biləcəyi” ekosistemlər yaratmaqdır. Beyin axını ancaq o zaman bir fəlakətdən qlobal tərəqqinin hərəkətverici qüv­vəsinə çevrilə bilər.