Ev-muzeyləri yalnız tarixi məkan deyil, həm də cəmiyyətin mədəni yaddaşını qoruyan və insanları maarifləndirən mühüm mədəniyyət ocaqlarıdır. Ev-muzeyləri tarixi və mədəni irsin qorunması, maarifləndirmə və təhsil, vətənpərvərlik və milli dəyərlərin təbliği, turizmin inkişafı və mədəniyyətin təbliğində mühüm rol oynayırlar.
Artıq 2-ci ildir ki, İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurası (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) ilə əməkdaşlıq edərək Beynəlxalq ev-muzeyləri günlərini təşkil edirlər. Bu il Beynəlxalq ev-muzeyləri günləri aprelin 18-19-da qeyd olunacaq. Ölkəmizdə də bir sıra ev-muzeyləri bu tədbirə qoşulub.
Bu münasibətlə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Beynəlxalq ev-muzeyləri günləri çərçivəsində “Klassik musiqi konserti” keçirilib.
“Füyuzat” ın məlumatına görə, bu barədə muzeydən məlumat verilib.
Bildirilib ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında möhtəşəm konsert proqramı təqdim olunub. Peşəkar musiqiçilərin ifasında görkəmli bəstəkarlarımız T.Quliyevin “Məhəbbət çırağı”, Ə.Abbasovun “Gənclik rəqsi”, Ü.Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”, S.Rüstəmovun “Gözəl Şuşam” kimi əsərləri səsləndirilib.
Bununla yanaşı, tədbir çərçivəsində “Seçilən stil: Mstislav Rostropoviç üçün yaradılanlar” adlı sərginin açılışı da baş tutub. Sərgidə ilk dəfə dünyaşöhrətli violonçelist, dirijor Mstislav Rostropoviçin muzeyin fondunda qorunan unikal geyimləri (kostyumları, köynəkləri, ayaqqabısı və s.) nümayiş olunub.
Tədbirdə qonaq qismində şəhərimizdə fəaliyyət göstərən Ü.Hacıbəyli, N.Nərimanov, S.Vurğun, A.Şaiq və digər ev-muzeylərinin əməkdaşları iştirak ediblər. Çıxış edən qonaqlar ev-muzeylərinin cəmiyyətdəki rolunu və önəmini vurğulayıblar. Eyni zamanda, ev-muzeylərində görülən işlər, bu sahədə əldə olunan nailiyyətlər və mövcud problemlər ətrafında müzakirələr aparılıb.








