Xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyinə töhfə: Üçdilli yeni nəşr təqdim edilib

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib.

“Füyuzat” xəbər verir ki, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin həmmüəllifi olduqları kitab Azərbaycan, qazax və rus dillərində hazırlanıb.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə həyata keçirilən layihələrdən danışıb. O bildirib ki, Fond 2025-ci ildə “Baku.TV” ilə birgə tarixi qurultaya həsr olunmuş televiziya layihəsi həyata keçirib. Layihə çərçivəsində hazırlanan verilişlər bir neçə ay ərzində televiziya kanalında və “YouTube” platformasında yayımlanıb.

Fondun prezidenti qeyd edib ki, 2025-ci il oktyabrın 6-7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı təklifin əksini tapması mühüm tarixi hadisədir.

“Cari ilin əvvəlindən etibarən Fond Birinci Türkoloji Qurultayın yubileyinə həsr olunmuş bir sıra təşəbbüslər həyata keçirib. Təsis etdiyimiz “Türk dünyasının tarixi inciləri” kitab silsiləsi çərçivəsində hazırlanan “Birinci Türkoloji Qurultay” nəşri də bu istiqamətdə görülən işlərin davamıdır”, – deyə Aktotı Raimkulova əlavə edib.

Bildirilib ki, kitabda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi missiyası, elmi və mədəni əhəmiyyəti geniş araşdırılıb. Nəşrdə qurultay zamanı müzakirə olunan əlifba, dil, terminologiya, etnoqrafiya, orfoqrafiya, ana dilinin tədrisi, diyarşünaslıq və ədəbiyyat məsələlərinə xüsusi yer ayrılıb.

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov nəşrin hazırlanması prosesindən və elmi əhəmiyyətindən danışıb. O, Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni həyatında mühüm rol oynadığını, xüsusilə dil, terminologiya və orfoqrafiya sahələrində aparılan müzakirələrin türkologiyanın inkişafına əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.

Professor Mahirə Hüseynova isə qurultayın 100 illiyi münasibətilə belə bir nəşrin hazırlanmasını təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. O, həmin dövrün elmi və mədəni irsinin daha dərindən araşdırılmasının, qurultayda irəli sürülən ideyaların müasir dövrün tələbləri baxımından öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova çıxışında kitabın tarixi və ictimai-siyasi əhəmiyyətinə toxunub. O bildirib ki, nəşrdə qurultayın türk xalqlarının elmi, mədəni və mənəvi inteqrasiyasındakı rolu ilə yanaşı, onun siyasi aspektləri, eləcə də iştirakçılarının sonradan sovet repressiyalarına məruz qalması tarixi faktlar əsasında işıqlandırılıb.

Hicran Hüseynova vurğulayıb ki, Birinci Türkoloji Qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını qoruyur və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən mədəni əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.

Təqdimat zamanı nəşrin elmi konsepsiyası və əsas tədqiqat istiqamətləri barədə də məlumat verilib. Birinci Türkoloji Qurultayın zəngin irsinin qorunması, gələcək nəsillərə çatdırılması və türk xalqları arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsində rolu xüsusi vurğulanıb.