Həşim Səhrablı Köşə Yazıları

Blinken niyə “gəzir”?

2024-cü il yeni girmiş olsa da, bu bir neçə gün ərzində ciddi hadisələr yaşanıb. Partlayışlar, terror hücumları, qlobal rəqabət və çəkişmələr, radikallaşma və s. kimi onlarla neqativ nümunə gətirmək mümkündür.

Amma bu nöqtədə əvvəlki ildən qalma bir problem – Yaxın Şərqdəki eskalasiya həm vacibliyi, həm də bütün regiona yayılma ehtimalı ilə ön plana çıxır. İsrailin Livan ərazisindəki radikal qruplaşmalara zərbələr endirməsi, Yəməndəki Husi silahlılarının hansı ölkəyə aid olmasından asılı olmayaraq İsrail ilə əlaqəli bütün gəmiləri vurmaqla hədələməsi, bu hədənin artıq reallaşmağa başlaması, İraqda ABŞ hərbi bazalarının yenə fərqli radikal qruplar tərəfindən hədəf alınması, İranda terror hücumu və digər belə hallar köhnə ildən qalan adətlərin yeni ildə ilkin təzahürləri kimi qarşımıza çıxır.

Maraqlısı odur ki, nisbətən kiçik və zəif qrup və ya birləşmələr “meydanda at oynatdığı” zaman daha güclü və nizami ordulara malik dövlətlər, xüsusilə də dünyanın ən güclü və bölgədə marağı olan dövlətləri səssizliyini, daha doğrusu, təmkinini qoruyur. Məsələn, açıq-aşkar bəllidir ki, ABŞ nizami ordusunun sadəcə kiçik bir hissəsini istifadə etməklə onun bazalarını hədəf alan qrupları məhv etmək iqtidarındadır. Ancaq sonrasını dəqiq hesablaya bilmir deyə hələlik təmkinli davranır. Yaxud Türkiyə, İran kimi dövlətlər də bölgədə onların maraqlarını təhdid edən qüvvələri az bir zamanda az qüvvə ilə darmadağın edə bilər. Rusiya, ərəb dövlətləri və digərləri də bu məsələdə nümunə təşkil edirlər. Amma bütün dövlətlər sanki səbrli davranır, “sonu düşünür”.

Yaxın Şərqdə sadəcə iki dövlət – hamı tərəfindən tanınan İsrail və tam tanınmayan Fələstin dövlətləri tələsik qərar vermiş görünür. Fələstini başa düşməli olur. Münaqişəni başladan tərəf HƏMAS təşkilatıdır və təşkilatın qərarları siyasi zəkadan daha çox avtoritar hərbi rejim məhsuludur. Bəs geniş intelligent bilgi, oturuşmuş dövlət ağlı olan İsrail niyə “şahmat taxtasında mübarizəyə erkən başlamış fiqur” kimi davranır?

Bu suala sonra cavab verəcəyik. Daha doğrusu, bu sualın cavabı, əslində, ABŞ–Böyük Britaniya ikilisi ilə Rusiya–Çin ikilisinin qarşıdurmasının gizlinlərində yatır. Türkiyə və İran isə qəribə bir təzad kimi ön plana çıxır. Bu iki dövlət sanki tarixin onlara verdiyi özgüvənlə bölgədə bütün dünyəvi güclərə qarşı təkbaşına mübarizə metodlarını işə salıblar. Sanki deyil, elədir.

Türkiyə Qərblə strateji tərəfdaşlığa, İran isə Rusiya və Çinlə yüksək əlaqələrə sahib olsa da, hər iki dövlət Yaxın Şərqdə özündən başqasını istəmir. Məsələn, Ukrayna müharibəsində İran Rusiyanı birmənalı dəstəkləyirdisə, Yaxın Şərqdə Rusiya və ABŞ-a yanaşması eynidir: “Onlar Yaxın Şərqə yaddırlar”. Türkiyə isə dünyanın bütün nöqtələrində ABŞ, Rusiya, Britaniya və Çini cilovlamağa çalışır. Bu daha geniş vizyon olsa da, böyük risklər də ehtiva edir.

Gələk qlobal rəqabətə…

Yeni dünya düzəninə keçid prosesi yeni başlayıb. Təbii olaraq, daşlar hələ yerinə oturmayıb. Yəni hansı dövlətin yeni dünyada haralarda və nə qədər yerləşəcəyi hələlik qeyri-müəyyəndir.

Bu nöqtədə dünya siyasətinə yön verən dörd əsas dövlət – ABŞ, Rusiya, Çin və Böyük Britaniya sanki dünyanı dörd hissəyə bölüb “çoxqütüblü yeni dünya anlayışını” sadəcə “dördqütblü yeni dünya” olaraq formalaşdırmağa çalışırlar. İndi “Kim daha çox qazanacaq?” mübarizəsi gedir. Türkiyə, Fransa, Almaniya, İran, Hindistan, Braziliya kimi digər dünya gücləri də bu yanaşmadan razı deyil və çoxqütüblülüyü sadəcə “4” rəqəmi ilə sərhədləmək istəmirlər.

Yaxın Şərqdəki hadisələrə də bu prizmadan baxmaq lazımdır. Britaniya və ABŞ-ın dəstəklədiyi İsrail Vaşinqton və Londonu dünyanın ən önəmli bölgəsində – Yaxın Şərqdə söz sahibi edə bilərdi…

HƏMAS isə İsrailə qarşı dirənişini uğura çatdırmağa çalışır. Qərbdən İsrailə ciddi dəstək gəldiyi zamanda HƏMAS-ı müdafiə edən tərəflər isə Rusiya, Çin, İran və Türkiyədən başqası deyil. Hə, bir də Fransa amili var. Fransa son zamanlar Qəzzada həll üçün elə təkliflər verir ki, bu təkliflər həlldən daha çox onun rəqiblərini bir-biri ilə üz-üzə gətirəcək səviyyədədir. Fransa adət ediləndən fərqli olaraq Britaniya və ABŞ-ı izləyərək, onların siyasi kursunu davam etdirərək İsrailə birmənalı dəstək vermir, əksinə Fələstini cəsarətləndirəcək diplomatik dil istifadə edir. Çünki: Yaxın Şərqdə münaqişə daha da alovlansa, Fransanı yeni dünyada sıxışdırmağa çalışan ABŞ–Britaniya ikilisi ilə Rusiya–Çin ikilisi birbaşa üz-üzə gələ bilər. Bu isə bu böyük dördlüyün ciddi zərərlər alması demək olacaq və Fransa beləcə yenidən beşinci güc mərkəzi kimi ön plana çıxacaq.

Məsələ tək Fransa ilə də bitmir. Türkiyə, İran, Hindistan kimi ölkələr də yeni dünyada güclərin bərabər bölünməsi üçün ABŞ–Britaniya ikilisi ilə Rusiya–Çin ikilisini bir-birinin əli ilə zəiflətməyə, beləcə, ən azından öz bölgələrinin əsas aktorları kimi yeni dünyada güc mərkəzinə çevrilməyə çalışırlar. Türkiyə və Hindistan bu məsələdə ciddi yol qət ediblər. Türkiyə türk dünyası, müəyyən qədər də Afrika və Yaxın Şərqə nüfuz edibsə, Hindistan isə Cənubi Asiyada yüksələn güc kimi meydana çıxır.

Antoni Blinkenin Yaxın Şərqə dəfələrlə səfər etməsi də Vaşinqtonda bu risklərin dərk edildiyini göstərir. Fikir versək, görmək asandır ki, Blinkenin son səfəri Türkiyədən başladı. Daha sonra Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfərlə tur yekunlaşacaq.

Qeyd edək ki, ABŞ İsrail vasitəsilə Yaxın Şərqə nüfuz etməyə, bölgəni tamamilə öz nəzarəti altında saxlamağa cəhd edirdi. Amma bu plan əvvəldən riskli və səhv hesablanmışdı. Bu plan hazırlanarkən, Türkiyə, İran kimi dövlətlər, bölgədə Rusiya və Çin təsirləri ciddiyə alınmamış, ya da düzgün hesablanmamışdı. Nəticədə ərəb dünyasına müəyyən qədər nüfuz etmiş ABŞ bu səhvlərin nəticəsi olaraq bu gün ərəb dövlətləri üzərindəki təsirlərini də itirmək təhlükəsi ilə üzləşib. Xüsusilə Çinin on illərdir atdığı ağıllı iqtisadi-siyasi addımlar ərəb dünyasının ABŞ təsirindən qurtulması üçün baza rolunu formalaşdırıb. Türkiyə Osmanlıdan qalan təsiri, İran isə bölgədəki radikal qrupları düzgün yönləndirməsi ilə Yaxın Şərqdə ABŞ-ın bütün planlarını sarsıdıb. Təkcə Rusiyanın “Əsəd planı” bu nöqtədə ABŞ-ın planlarına digər sarsıdıcı zərbə kimi qarşımıza çıxır.

İndi Blinken, onun simasında isə ABŞ çalışır ki, eskalasiya daha da böyümədən İsrail ən azından Fələstin üzərində qalib elan edilsin, kənar qüvvələrin (ABŞ nöqteyi-nəzərindən – red.) əlaltısına çevirlən HƏMAS sıradan çıxarılsın və beləcə ən azından Yaxın Şərqin kiçik bir hissəsi olan Fələstində məqsədlərə nail olunsun.

Çünki münaqişə uzandıqca qüvvələr nisbəti dəyişə bilər. Eyni zamanda, münaqişə uzandıqca İsrailə qarşı təzyiqlər də artacaq. Bu da əməliyyatların davam etdirilməməsi ilə nəticələnə bilər.

Üstəgəl, hər keçən gün ABŞ-ın bölgədəki nüfuzu sarısılır, ona qarşı nifrət artır. Bölgədə ABŞ-la əməkdaşlığa maraqlı olan qüvvələr təklənir. Onlara qarşı təzyiq isə tək yerli faktorlar, xalq timsalında qalmır, beynəlxalq hal alır. Türkiyə, İran və digər anti-ABŞ qüvvələr Vaşinqtonun tərəfində olan yerli qüvvələri hər an məhv etmək planlarını reallaşdıra bilər. Bu ehtimal özü də bölgədə ABŞ-a olan inamı azaldır.

Eyni zamanda, beynəlxalq situasiya da dəyişib. Artıq il 2003-cü il deyil, dünya həmin dünya deyil. İndi mümkün deyil ki, o zamankı kimi ABŞ–Böyük Britaniya koalisiya şəklində İraq kimi regionun ən güclü dövlətinə hərbi müdaxilə etsin.

“Bəs geniş intelligent bilgi, oturuşmuş dövlət ağlı olan İsrail niyə “şahmat taxtasında mübarizəyə erkən başlamış fiqur” kimi davranır?” sualına indi cavab verə bilərik: İsrail tərəfi ətrafının ərəb dövlətləri ilə əhatələnmiş olmasını özünə milli təhdid kimi görür. Bu təhdidə qarşı onu həmişə tək bir ölkə – ABŞ müdafiə edib. Geniş intelligent bilgi ilə idarə edilən İsrail dövlətində yaxşı başa düşürlər ki, ABŞ artıq Yaxın Şərqdə xalq tərəfindən istənməyən, digər dövlətlər tərəfindən təklənən tərəfə çevrilir. Ona görə də rəsmi Təl-əvivdə qarşıya qoyulan məqsədlərə çatmaq indi əsas şərtə çevrilib. ABŞ Yaxın Şərqdən tam qovulmamış İsrail öz milli təhlükəsizliyini tam təmin etməlidir. Amma İsrail tərəfinin tək ABŞ-a arxalanan bu siyasəti əvvəldən yanlış hesablanmışdı. Xüsusilə 600 il bölgədə tək hegomon güc olmuş Osmanlı imperiyasının varisi Türkiyə Cümhuriyyətini yox saymaq doğru hesablanmamışdı. Ona görə də bu gün İsrailin ABŞ-a arxalanan siyasətdən imtina edib regiondakı ölkələrlə isti münasibətlər qurması daha məntiqli görünür. Ərəblərlə barışmaq istəməyən, İranı ümumiyyətlə rədd edən rəsmi Təl-Əviv ən azından Türkiyə ilə barışmalı, Çin və Rusiya kimi xarici təsirləri də öz lehinə çevirməlidir. Boyun əymək yox, sadəcə isti münasibətləri bərpa etmək kiyafət edəcəkdir.

Blinkenin səfərinə gəlincə, nə təklif etdiyini dəqiq bilməsək də, yenə də “ABŞ tək gücdür” nostalgiyasından çıxa bilməyəcəyi bəllidir. Amma əgər ABŞ həqiqətən də Yaxın Şərqdə təsirli olmaq, bölgədə varlığını qorumaq istəyirsə, onda gərək bölgənin əsas güclərini öz lehinə çəkib atdığı addımlarda regional faktorları nəzərə alsın. Beləcə, digər dünyəvi rəqiblərinə qarşı güc nisbətini itirməsin. Yoxsa proses rəsmi Vaşinqtonu məğlubiyyətə düçar etmək yoluna daxil olub deyə bilərik. Blinken deyil, Henri Kissincer yenidən ABŞ siyasətinə doğulsa, yenə də rəsmi Vaşinqton üçün məğlubiyyət qaçılmaz olacaq.