Bu gün Azərbaycan xalqının zəngin mədəniyyətini təcəssüm etdirən və baharın gəlişini müjdələyən Novruzun ilk carçısı – Su çərşənbəsidir.
Xalq arasında “əzəli çərşənbə”, “gül çərşənbə” də kimi tanınan bu gün təbiətin canlanmağa başladığı, donmuş suların oyandığı və torpağın həyata qayıtmaq üçün nəfəs aldığı ilk oyanışdır. Ulu babalarımızdan bizə miras qalan inanca görə, kainat dörd ünsürdən – su, od, yel və torpaqdan ibarətdir.
Məhz bu dördlükdən birincisi olan su saflığın, aydınlığın və həyatın mənbəyi hesab olunur.
Qədim inanclara görə, Su çərşənbəsində sular təzələnir, çaylar coşur, arxlar təmizlənir. Bu gün suyun üzərindən atılmaq, sübh tezdən axar suyun kənarına getmək və əl-üzü həmin su ilə yumaq insanı xəstəliklərdən, kədərdən və bədnəzərdən qoruyar. Çünki su təkcə fiziki təmizlik deyil, həm də mənəvi arınmadır.
Su çərşənbəsi sadəcə təqvimin bir günü deyil, ruhun öz saflığına qayıdış simvoludur. Su həm də aydınlıq və bərəkət rəmzidir. O, toxunduğu hər yeri canlandırır, ətrafa ruzi-bərəkət yayır.
Bu gün qoyulan ilk səməni toxumları, oyanan bulaqlar bizə xatırladır ki, hər qışın sonunda bir bahar, hər qaranlığın sonunda bir işıq var.



