Köşə Yazıları Ramin Paşazadə

Cəlil Məmməquluzadə olmadan Azərbaycan

Yaxın günlərdə sosial şəbəkələrin birində qarşıma bir video çıxdı. Yazar həmkarlarımızdan biri polemika əsnasında qətiyyətlə belə iddia edirdi: “Cəlil Məmmədquluzadə olmasaydı, Azərbaycan mövcud olmazdı”.

İnsafən, sosial şəbəkələrin bayağılığı tirajladığı vaxtda belə bir polemikanın olması sevindiricidir. Amma polemikada irəli sürülən hansısa iddianın mütləq bir əsası olmalıdır. Üstəlik, əgər hansısa iddianı ədəbiyyat adamları edirsə… Hələ bu iddia Azərbaycanla bağlıdırsa…

Şühbəsiz ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı üçün danılmaz bir qələm adamıdır. Onun Azərbaycan jurnalistikasında, “Molla Nəsrəddin” jurnalında fəaliyyəti və Azərbaycan ədəbiyyatında yeri xüsusidir. Ədibin xalqımızın maariflənməsi yolunda gördüyü işləri danmaq heç bir halda mümkün deyil. Xüsusən onun “Anamın kitabı” əsəri azərbaycançılıq ideyası baxımından çox önəmlidir. Hətta əsərin mövzusu bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

“Cəlil Məmmədquluzadə və Cümhuriyyət” mövzusu ədəbiyyat adamlarımız üçün həmişə mübahisəli olub. Heç vaxt bu mövzuda qəti hökm verməyə tələsməyiblər. Sanki minalanmış ərazi kimi tarix və ədəbiyyat yetkililərimiz burada ehtiyyatla gəzişib. Bəzilərinə görə, Mirzə Cəlil Cümhuriyyətlə çox da isti münasibətlərdə olmayıb. Bəziləri isə iddia edirdi ki, ədib Cümhuriyyətimizi dəstəkləyib. Məsələn, “Vikipedia”da belə bir abzas var: “Mirzə Cəlil 1918–1920-ci illərdə yoldaşı Həmidə xanım Cavanşirlə birlikdə Qarabağa getdi və bir müddət Kəhrizli kəndində yaşadı. Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğu prosesində bilavasitə iştirak etməsə də, o, müstəqil dövlətçilik ideyasını dəstəkləyirdi”. Amma yazının sonunda heç bir mənbə göstərilməyib. Maraqlıdır ki, sözügedən dəstək hansı formada idi?

Bu mövzuda yeganə tutarlı qaynaq ədibin həyat yoldaşı Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabıdır. Burada Həmidə xanım açıq şəkildə qeyd edir ki, Mirzə Cəlilin Cümhuriyyət höküməti ilə münasibətləri soyuq idi. Səbəb də bu idi ki, o, ideoloji baxımdan sol yanaşmalara daha yaxın biriydi. Ona görə də Cümhuriyyət ideologiyasını dəstəkləmirdi. Halbuki Xalq Cümhuriyyəti hökuməti həm Mirzə Cəlilə, həm də xanımına vəzifə təklif etmişdi: ədibə Maarif komitəsində məmur, Həmidə xanıma isə parlamentdə deputat vəzifəsi. Həmin vaxt Mirzə Cəlil və Həmidə xanım Qarabağda, Kəhrizli kəndində yaşayır, kənd təsərüfatı ilə məşğul olurdular. Amma göründüyü kimi, Məmmədquluzadə ailəsi Azərbaycan Xalq Cümhuriyyətinin təklifinə yox demişdi.

Məlumdur ki, Həmidə xanım həmin xatirələri birinci katib Mircəfər Bağırovun nəzarəti ilə yazırdı. Ona görə də Cümhuriyyətlə bağlı hissələr olduğundan da çox qabardılmalıydı. Amma görünən fakt odur ki, Həmidə xanım “günahı” Mirzə Cəlilin üstünə atmaqla kifayətlənir. Bu mövzu ətrfında çox da “dərinə” getmək istəmir. Ümumiyyətlə, Mirzə Cəlilin solçu olduğu üçün Cümhuriyyət hökumətinə “yox” deməsi də tam açıqlanmır. Çünki ədibin hər hansı bir siyasi fəaliyyəti yox idi. Olsun ki Mirzə dövrün solçusu Nəriman Nərimanovla yaxın münasibətdə idi. Amma Nəriman Nərimanov birbaşa siyasi fəaliyyətdə idi. Hər ikisi qələm adamıydı. Bəzi tədqiqatçılar isə iddia edir ki, burada əsas məsələ Həmidə xanımın özüydü. Yəni Məmmədquluzadələrin hökumətin təklifinə “yox” deməsi birbaşa ədibin yolaşı ilə əlaqədar idi.

Həmidə xanım hansısa səbəblərdən hökumətin təklifinə yox demişdi. Ehtimal ki, Qarabağdakı adlı-sanlı ata mülkünü qoyub getmək istəmirdi. Yaxud özü ictimai fəaliyyətdə olan qadın kimi solçuluq ideyalarını mənimsəmişdi. Ümumiyyətlə, ailədə onun hökmü çox vaxt Mirzə Cəlil üçün də keçərli idi.

Həmidə xanım “Xatirələrim” kitabını yazanda ədib həyatda yox idi. Bu məsələdə də mövzunu özünə yox, Mirzə Cəlillə bağlaması da anlaşılan idi. Sovet hakimiyyəti onun başını ağrıda bilərdi. Ona görə də “dərinə getməyə” ehtiyac yox idi…

Cəlil Məmmədquluzadə 1917-ci ilə “Cümhuriyyət” məqaləsində yazırdı: “Vətəndaşlar! Əgər bizdə insanlıq hissi hələ ölməyibsə – və güman edirəm ki, ölməyib – o vədə gərək uca səs ilə Cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın Cümhuriyyət!” 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Amma Cəlil Məmməquluzadə arzuladığı Cümhuriyyətin yanında olmadı. Yaxud olmaq istəmədi. Bəlkə də, ola bilmədi. Səbəb nə idi? Səbəblər nə olur, olsun. İstənilən halda, tarixin səhifələrində səbəblər yox, nəticələr qalır.

Bircə dəyişməyən o oldu ki, Cəlil Məmmədquluzadə olmadan Azərbaycan oldu…