Fidan Vahid Kültür-sənət Xəbərlər

“Danışır rənglər”– Jan Fransua Mille – “Anjelyus”

“Rəng səsdir, səs isə rəngdir. Ancaq səs rəngə çevriləndə eşidilməkdən daha çox görünür və rəng səsə keçəndə daha çox eşidilir”.
İnayət Xan

Hər rəng izləyicisinə öz dili ilə bir hekayə nəql edir…
Rəsm əsərlərinə bu gözlə yanaşsaq, görəsən, nələri öyrənə bilərik?

“Fuyuzat.az” saytı olaraq Fidan Vahidin təqdimatında yeni layihəmiz olan “Danışır rənglər”lə məhz bu suala cavab axtaracağıq. Hər həftə bir rəsm əsəri ilə görüşünüzə gələcək, rənglərin işığında dünyaya başqa nəzərlərlə baxmağa çalışacağıq.

“Mən bu rəsmdə həmişə ölümü hiss etmişdim”, – yazırdı Salvador Dali.

Bəs Siz sadə kəndli həyatından bir anı əks elətdirən bu əsərdə ölümü görə bildinizmi?..

“Anjelyus” əsərinin müəllifi, Barbizon məktəbinin yaradıcılarından sayılan fransız rəssam Jan-Fransua Mille 1814-cü il oktyabrın 4-də La-Manş sahilində yerləşən Qrüşi kəndində, varlı kəndli ailəsində dünyaya gəlib. 1837-ci ildə Parisə köçmüş, iki il Pol Delaroşun emalatxanasında çalışmışdır. Ailəsi onun istedadını İlahi vergi hesab edirdi.

Millenin rəsm əsərləri 1840-cı ildən sərgilənməyə başlayıb.

İlk rəsmlərindən başlayaraq onun sənətində Paris salonlarının parlaq dünyasından çox, torpağın rəngi, nəfəsi təsvir olunurdu. “Mən kəndlidən başqa bir şey deyiləm”, deyən Mille bu kəndlilərin həyatını, sadəliyini, zəhmətini boyalarla danışdırırdı.

Və 1857–1859-cu illərdə özünün dünyaca məşhur “Anjelyus” əsərini yaratdı. Kətan üzərində yağlı boya ilə işlənmiş, 53,3 × 66 santimetr ölçüsündə olan tablo bu gün Parisdəki Orse Muzeyində saxlanılır.

Göründüyü kimi, rəsmdə günəş qürub edir. Kartof tarlasında işləyən kişi və qadın işi dayandırıb dua edirlər. Alətlərini yerə qoyublar. Kişi papağını çıxarıb. Qadının əlləri bir-birinə sıxılıb. Güman edilir ki, onlar Anjelyus duasını edirlər. Əsərin adı da elə buradan gəlir. Anjelyus katolik ənənəsində İsanın dünyaya gəlməsi ilə bağlı hadisəni xatırladan duadır.

İnsanlar tarlanın ortasında dayanıb gözə görünməyən bir dünyaya yönəlirlər. Ayaqlarının altında torpaq, qarşılarında sonsuz üfüq, başlarının üzərində axşam səması var. Onların nəyə görə dua etdiyini bilmirik.

Amma rəsmdə qəribə bir ağırlıq var. Sanki bu iki insan yalnız dua etmir. Nəyisə yola salırlar. Və ya Dalinin dediyi kimi, kimisə…

Salvador Dalinin “Anjelyus”la tanışlığı ilk dəfə məktəb illərində olub və özünün qeydlərinə görə bu tanışlıq uzun illər onu rahat buraxmayıb. Belə ki, “Anjelyus”un kişi və qadın fiqurları onun əsərlərində müxtəlif formalarda dəfələrlə istifadə olunub. Amma onu həmişə bir sual düşündürüb: Niyə sadə rəsm əsəri bu qədər kədərli görünür? Kartof tarlasında dua edən iki kəndlinin simasında niyə belə ağır bir faciə hiss olunur?

Nəhayət, O, Luvra müraciət edərək əsərin rentgen müayinəsindən keçirilməsini istəyir. Və rentgen çəkiləndə… “Anjelyus”un altında başqa bir rəsm üzə çıxır – Axşam duasının sakit səhnəsinin altında ilkin kompozisiyanın izləri aşkar edilir.

Tarlada körpənin dəfni.

Deməli, qadının ayaqları qarşısındakı kiçik səbət sadəcə kənd təsərrüfatı alətlərinin və ya məhsulun yanında duran adi bir səbət deyildi. Orada bu ər-arvadın vəftiz olunmadan ölən körpəsinin cəsədi təsvir edilmişdi. Körpəyə xristian qəbiristanlığında yer verilmədiyi üçün onu tarlada dəfn etmək məcburiyyətində qalmışdılar. Bir anda bütün tablo dəyişirdi. Əvvəlcə gördüyümüz iki kəndli artıq sadəcə dua edən insanlar deyildi. Onlar uşaqlarını itirmiş iki valideyn idi…

Mille nəyi gizlətmişdi?

Gizli təsvir aşkar ediləndən sonra Millenin həyatı və əsərin yaranma tarixi yenidən araşdırıldı. Məlum oldu ki, rəssam əsəri əvvəlcə “Tarlada uşağın dəfni” adlandırmışdı. Sonralar isə daha asan satılması üçün mövzunu dəyişmişdi. Lakin bir şeyi dəyişməmişdi: fiqurları. Bəlkə də, məhz buna görə rəsmdəki kədər “Anjelyus”un sakitliyinə sığmırdı.

Kişinin əyilmiş başı.

Qadının sıxılmış əlləri.

Ayaqlarının qarşısındakı səbət.

Və arxada yavaş-yavaş yox olan işıq.

Günəş batır.

İnsan başını əyir…

Sadəliyin bu qədər dözülməz kədəri təkcə Dalini yox, bütün rəssamları, müasirlərini özünə heyran etmişdi. Onlardan biri də Vinsent van Qoq olmuşdur. Vinsent van Qoq Milleni böyük heyranlıqla sevirdi. Onun əsərləri Van Qoqun məktublarında dəfələrlə xatırlanır, holland rəssam Millenin əsərlərini köçürür və onun kəndlilərinin dünyasını öz sənətində yenidən qurmağa çalışırdı. Gəlin bir neçə nümunəyə baxaq:

Klod Mone də gəncliyində Millenin sənətindən təsirlənmişdi. Alfred Sisley isə sevdiyi rəssamları sadalayarkən Delakrua, Koro, Mille, Russo və Kurbeni qeyd edirdi. Millenin təsiri yalnız impressionistlərlə də bitmirdi. Onun əsərlərindəki struktur və simvolik məzmun Jorj Sera kimi rəssamlara da təsir göstərmişdi.

Lakin bu əsərin öz taleyi də ən azı təsvir etdiyi səhnə qədər maraqlıdır. Rəsm amerikalı rəssam və kolleksiyaçı Tomas Eplton tərəfindən sifariş edilmişdi. Lakin o, naməlum səbəbdən əsəri almaqdan imtina etdi. Bundan sonra “Anjelyus” uzun illər bir kolleksiyaçıdan digərinə keçdi. 1889-cu ildə isə əsərə sahib olmaq uğrunda Luvr və amerikalı sənət tacirlərindən ibarət konsorsium qarşılaşır. Amerikalılar qalib gəldilər və o dövr üçün rekord sayılan təxminən 580 min frank ödədilər.

Lakin əsər Fransadan birdəfəlik ayrılmadı. 1909-cu ildə Luvr nəhayət, çoxdan arzuladığı “Anjelyus”u əldə etdi. Onun reproduksiyaları qısa zamanda Fransanın evlərinə yayıldı. Sadəliyi, sakitliyi, dini ab-havası və ən əsası, özündə gizlətdiyi kədəri insanları valeh edirdi.

Kədərini, ağrı-acılarını hamıdan cidd-cəhdlə gizlətməyə çalışan hamı bu əsərdə bir az özünü görür, özünü tapırdı. Rəsmin torpaq rəngləri təkcə o körpəni gizlətmirdi ki. O həm də ağrı-acılarımızın üstünü torpaqlayırdı…