Qısalan gündüzlərdən möhlət almış kimi bitmək bilməyən yay gecələrindən biri. Ulduzlarla söhbətimi telefondakı bildiriş səsi yarımçıq qoyur. Bir də “Əsən yellər”:
Əsən yellər, əsən yellər,
Sevgilimdən mənə xəbər.
Solanda narın çiçəklər,
Gül yanağım solmasınmı.
Nigar Rəfibəyli
Təqvimə baxıram. 23 iyul. Sevginin rəngini misralarında yaşadan xanımın – Nigar Rəfibəylinin doğum günü. Onun poeziyası zərif çiçək çələngidir sanki. Həsrəti belə çiçəklərin dili ilə dindirir:
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?
Onun şeirləri həm də nəğmələr çələnginə çevrilir zamanla:
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
“Aman ayrılıq” mahnısı, bəstəkarı Emin Sabitoğlu.
Ruhu oxşayan bu sətirlər təsadüfdən deyil, “Təsadüfi tanışlığı sevmirəm”deyərək cavabsız qoyduğu məktubla başlayan böyük sevgidən yaranmışdı:
Dinmədin.
Bəlkə incimisiniz.
Səhvimi düzəldirəm.
Sən yox! Siz!
Məktub qayıtdı arxasında
bir sətir:
“Təsadüfi tanışlığı sevmirəm!”
Ancaq həyat bir gün “Səndən sənə” ilə başlayan sevgi dastanını “Gələn deyilsən” həqiqəti ilə üz-üzə qoyur. 1981–ci ilin aprelində onun “Alagözlü”sü bu dünyaya gözlərini əbədi yumur. Həm də ondan xəbərsiz:
Mən niyə baxıram yollara, yenə?
Sən ki, bu yollardan gələn deyilsən.
Bir zaman qoymazdın ürəyim yana
İndi bir dərdimi bilən deyilsən…
“Biz ki bi ruh idik, iki bədəndə” deyən qəlblərin cisimləri ayrı, (Rəsul Rza Birinci Fəxri xiyabanda, Nigar Rəfibəyli isə İkinci Fəxri xiyabanda dəfn olunur.) isimləri isə həmişə bir yaşayır:
İndi ki ölümüm yaşayır səndə
Nə fərqi var, əzizim,
Gəlsən də, gəlməsən də.
Bəs nə üçün onu çiçəklərlə deyil, dənizlə yad edirəm? Poeziyasında “Dəniz nəğmələri”ni yaşadan Rəsul Rza kimi Nigar Rəfibəylinin də şeirlərində dənizin sədası duyulur:
Səhəri dəniz qırağında
qayaların üstündə açardım…
Ciyərlərim dolusu
Nəfəs alardım dəniz havasıyla,
Baş-başa qalardım
Sahillərin gözə görünməyən
səfasıyla.
“Mətbəx şeirləri”
Onun “Mətbəx şeirləri”ndə duyulan dəniz sevgisi zərif qəhrəmanımı xatırladır mənə. Anarın “Sizsiz”indəki “Anamın bu xırda məişət kağızında nə təbəssüm var, nə göz yaşı, nə ümid” kəlmələrindən ilhamlanıb uzaq xatirəyə çevrilən “anamın mətbəx qeydləri” kimi… Nigar Rəfibəylinin həzin misralar çağlayır qəlbimdə. Dənizin ləpələri dolur gözlərimə:
Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir…



