Xəbərlər

Dünyanın ən böyük ölkəsi – Rusiya

Dünya tarixinə iz qoymuş ölkələrdən biri də Rusiyadır. Rusiya hazırda ərazisinə görə dünyanın ən böyük ölkəsidir. Rusiya Avrasiya materikində yerləşir. Ərazisinin böyük bir hissəsi Asiyada yerləşsə də, ¼ hissəsi Avropa qitəsinin payına düşür. Torpaqlarının böyük bir hissəsi düzənlik, təxminən yarısı isə meşələrlə örtülüdür. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatəlidir. Ərazisində 20-dən çox muxtar respublika olduğu üçün Rusiya Federasiya adlanmaqdadır. Ümumilikdə isə ərazisi 17,075,400 km²-dən ibarətdir.

Rusiyanın qonşuları da az deyil. Rusiya Azərbaycan, Belarus, Çin, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Şimali Koreya, Latviya, Litva, Monqolustan, Norveç, Polşa və Ukrayna ilə həmsərhəddir.

9-cu əsrdən bəri Rusiya ərazisində bir çox dövlətlər mövcud olmuşdur. Rusiya adını ilk dəfə 1721-ci ildə çar 1-ci Pyotr istifadə edib. O, ölkəni “Rusiya İmperiyası” olaraq adlandırıb. “Rusiya Federasiyası” adı isə rəsmən 1991-ci il 25 dekabr elan edilib.

Tarixçilər bildirirlər ki, slavyanlar 8-ci əsrdən etibarən Volqa çayı ərazisində yaşamış, daha sonra isə bu yol ilə Rusiya düzənliyinə çıxmış və burada ilk şəhərlərini qurmuşdular. Bu dövrdə ən qədim slavyan yaşayış məntəqələri olan Novqorod, Pskov, Smolensk salınmışdır. Rusiya Federasiyası ərazisində salınmış ilk slavyan əsilli dövlətin Kiyev Rus dövləti olduğu güman edilir. 1263-cü ildə isə Böyük Moskva knyazlığı yaranmışdır. Daha sonra sıra ilə bu ərazidə Çar Rusiyası, Rusiya İmperiyası, Sovet Sosialist Respublikaları İttifaqı və Rusiya Federasiyası yaranmışdır. Ölkəmiz də tarixin müəyyən periodlarında bu ölkələrin tərkibində olmuşdur. I Dünya müharibəsi və II Dünya müharibəsində də Azərbaycan Rusiyanın tərkibində döyüşə qoşulmuşdur.

Həmçinin Rusiya dünyanın ən güclü iqtisadiyyatlarından birinə sahibdir. Təbii ki, bu əbəs yerə deyil. Rusiya Federasiyası yer üzərində bilinən təbii sərvətlərin 20%-dən çoxuna sahibdir. Rusiya hal-hazırda dünya üçün çox böyük enerji mənbəyidir. Belə ki, Rusiya təbii qaz istehsalında dünyada birinci, neft istehsalında isə dünyada ikinci yerdədir. Dünyadakı qaz ehtiyatlarının da 30%-ə yaxın hissəsinə sahib olan ölkə ən yaxın rəqibi İranı 2 dəfə üstələyir.

Ölkədə enerji sektoru inkişaf etsə də, kənd təsərrüffatı hələ də digər dünya ölkələri ilə nisbətdə geridə qalır. Rusiya bir çox kənd təsərrüfatı məhsulunu xaricdən idxal edir. Bu həm də ölkənin təbii-coğrafi şəraiti ilə bağlıdır. Onlar ümimi torpaq fondunun çox az bir hissəsini əkin üçün istifadə edirlər.

Rusiya Federasiyası turizm sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş ölkələrdən biridir. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən əvvəlki dövrdə Rusiya beynəlxalq turizm axınında mühüm rol oynayırdı. Ölkə zəngin tarixi-mədəni irsi, müxtəlif təbii coğrafi landşaftları və inkişaf etmiş şəhər infrastrukturu ilə seçilərək turistlər üçün cəlbedici istiqamətlərdən biri kimi tanınırdı. Bu baxımdan Moskva şəhəri dünyanın aparıcı turizm mərkəzlərindən biri hesab olunurdu. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri, zəngin muzey kolleksiyaları, memarlıq inciləri və müasir infrastrukturla təmin olunmuş turizm xidmətləri sayəsində Moskva, hər il milyonlarla beynəlxalq turist qəbul edirdi.

Bununla yanaşı, Rusiya Federasiyası zəngin və çoxşaxəli mədəni irsi ilə də seçilir. Ədəbiyyat, musiqi, teatr, incəsənət və memarlıq sahəsində dünya mədəniyyətinə əhəmiyyətli töhfələr vermiş bu ölkə Dostoyevski, Tolstoy, Şukşin, Soljenitsın kimi dahi sənətkarların vətəni kimi tanınır.

Tərlan Bayramzadə