Məfkurə

Əli bəy Hüseynzadənin Məhəmməd Əmin Rəsulzadəyə məktubu

Əziz dostum Əmin bəy!

         Yazdığınız “Azərbaycan Cümhuriyyəti” adlı əsəriniz haqqında fikir və mütaliəmi soruşursunuz… Dünya müharibəsinə kimi Azərbaycanın ictimai və sosial həyatını yaxından-uzaqdan, az-çox təqib edə bilmişdim. Ancaq müharibə başladıqdan sonra, təbii ki, bunu layiqli bir çəkildə davam etdirmək mümkün olmadı. İki qardaş türk şəhəri olan İstanbulla Bakı və ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında hadisələrin gedişatı ilə əlaqədar olaraq meydana gələn qalın sis pərdəsi bir şey görməyə, eşitməyə, duymağa mane oldu. Bu gün pərdə yavaş-yavaş qalxır. Siz də bu pərdəni qaldıranlardan birisiniz. Həqiqət bir-birinə zidd olan tərəfləri dinləməklə meydana çıxır. Əzəldən bəri hökmləri vermək üçün “Audiatur et altera pars”, yəni “digər tərəflər də dinlənməli” qaydasına riayət etməyi özümə bir vəzifə bildiyimə görə, ancaq bu nöqteyi-nəzərdən əsəriniz haqqında mütaliəmi bəyan edə bilərəm. Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid kimi çalışdınız, bir çox mühüm hadisələri real olaraq yaxından gördünüz, müxtəlif cərəyanların içində oldunuz və sərgüzəştlərlə dolu bir həyat yaşadınız!.. Və zatən mövcud və şübhəsiz olan elm və irfanınıza, əlbəttə, çox-çox qiymətli və faydalı müşahidələr və məlumatlar əlavə etdiniz və şübhəsiz, bunları əsərinizdə qeyd və sübut etməyə çalışdınız. Lakin siz Azərbaycanda bir tərəfi, bir firqəni, bir siyasi firqəni təmsil edirsiniz. Arzunuza rəğmən nə dərəcədə bitərəf qala bilirsiniz, bunu indiki halda təyin etməkdə acizəm. Bunda heç bir şübhə yoxdur ki, əsəriniz bir boşluğu doldurur. Türkiyə nəşriyyatının ən böyük qüsurlarından biri də qonşu məmləkətlər, xüsusilə həmsərhəd türk ölkələri haqqında insanı qaneedici bir məlumatı əhatə etməsidir. Buna görə də əsəriniz hadisələrə bir mövqedən baxıldığı fərz edilsə belə, mətbuatımıza çox qiymətli bir hədiyyə olacaqdır. Çünki mövzu iqtisadi və siyasi vəziyyəti ilə dünya əhəmiyyətinə malik olan Bakının, Azərbaycanın və dolayısı ilə bütün Türklüyün müqəddəs və dəyərli istiqlalı, istiqbalı məsələlərinə toxunur. Bir xalqın, bir millətin səmərəli bir həyata, rifah və səadətə nail ola bilməsi necə ictimai sinfin beynində iqtisadi bir inkişaf və ədalətin varlığına bağlıdırsa, eləcə də aləmin, bütün bəşəriyyətin sülh və asayiş nemətlərindən  bəhrələnə bilməsi beynəxalq münasibətdə ədalət və insaf məfhumlarının hakim və cari olması ilə mümkün ola bilər. Beynəlxalq insaf və ədalətdən doğan dünyanın ümumi sülhü isə Azərbaycanın da hüriyyət və istiqlalını lazımlı edir. Ancaq bu istiqlalın mücahidləri, keşikçiləri qüvvətli və qeyrətli olmalıdırlar! İzmir iqtisadi konqresində “İqtisadi anlaşma proqramları”nda bir də “Kitab bayramı” təsis etməkdən bəhs olunur. Ümid edirəm ki, “Azərbaycan Cümhuriyyəti” ilk “Kitab bayramı” ziyafətində ən dadlı, ən gözəl ruhi qidalardan biri olar və türk istiqlalının mücahidlərini, keşikçilərini bəsləyər, qüvvətləndirər və oyandırar!