Köşə Yazıları Orxan Vəliyev

Elmlə məşğul olmaq zəngin işidirmi?

Adətən yazılarımda gündəlik siyasi və ya akademik məsələlərdən yazıram. Ancaq bu yazıda elm insanları arasında daima müzakirə edilən bir suala cavab verməyə çalışacağam. Elmlə məşğul olmaq zəngin işidirmi, yaxud aşağı təbəqədən gələn biri mötəbər bir elm insanı ola bilməzmi?

Elmlə məşul olmaq deyəndə əsasən cəmiyyət həyatı ilə bağlı olan sosial elmləri nəzərdə tutacağam. Sonda söyləyəcəyimi başda ifadə edim: bəli, aşağı təbəqədən gələn biri elmlə məşğul ola bilər, müdafiə edib elmi dərəcə ala bilər, hətta bir universitetdə özünə iş də tapa bilər. Lakin aşağı təbəqədən gələn biri mötəbər bir elm insanı ola bilməz!

Ucqar bir kəndin kasıb bir ailəsində böyüyən bir insan mötəbər bir elm insanı ola bilməz. Mötəbər elm insanı deyəndə indeksli jurnallarda ingilis dilində məqalə nəşr etdirməyi nəzərdə tutmuram. Yaxşı təhsil almış və çalışqan bir elm insanı həmin jurnallarda nəşr oluna bilər. Azərbaycan elm insanları arasında çalışqanlığı ilə mötəbər jurnallarda nəşr olunan ciddi sayda çalışqan elm insanı var. Mötəbər elm insanı deyəndə nəzərdə tutduğum ölkə daxili və xaricində elit elm adamı statusuna sahib olmaqdır. Bu isə sadəcə çalışqanlıqla mümkün olacaq bir iş deyil. Böyüdünüz, yaşadığınız evdə qazandığınız vərdişlər və o ev(lər)in yerləşdiyi məkanla işlədiyiniz məkanın sosial statusu arasında ciddi fərqlər olmamalıdır. Misal üçün Saray, Zabrat və s. kəndlərdə yaşayıb mötəbər elm insanı olma bilməzsiniz. Halbuki elit bir elm insanı boş vaxtı olan bir gəncdən formalaşır. 20, 25 yaşından sonra ingilis dili öyrənməyə çalışan biri elit bir elm insanı ola bilməz. Azərbaycanda nə qədər elm insanı kitabxanasını mütəmadi olaraq çalışdığı sahəylə bağlı yeniləyə bilir?!

Türkiyənin Azərbaycanda da tanınan tarixçisi professor İlbər Ortaylı (Türkiyə və türk dili daha çox bilindiyi üçün Türk tarixçi İlbər Ortaylını yazımda istifadə etdim) Türkiyədə təhsil almağına baxmayaraq, dünyada tanınan bir tarixçidir. Professor Ortaylı erkən yaşlarından İstanbulun kitabçılarını valideynləri ilə dolaşmaq imkanı qazanıb. Dil bilgisi olduğu üçün turist rəhbəri olaraq erkən yaşda Anadolu və Yaxın Şərqin tarixi yerlərinə dəfələrlə səyahət edib. Musiqiyə, sənətə dair erkən yaşda bilik əldə etmək imkanı qazanıb. Ortaylının erkən yaşda qazandıqları peşəsini seçməklə bağlı ona QƏRAR vermək azadlığını qazandırmışdır. Roma dövründən günümüzə memarlıqla bağlı tək kitabın (Memarlıq Haqqında On Kitab) müəllifi Vitrivius kitabında yaxşı [elit] memar olmaq üçün təkbaşına memarlıq biliyinin kifayət etməyəcəyini yazır. Vitrivius memarlıq biliyinə paralel olaraq on sahədən (hüquq, fəlsəfə, musiqi və.s) giriş səviyyəsində bilik sahibi olmağın zərurətindən bəhs edir. Aydın məsələdir ki, memarlıqla bağlı yetkin biliyə sahib olmaq üçün öyrəndiyini qavramaq bacarığı və çalışqanlıq kifayətdir. Ancaq digər sahələrlə məşğul olmaq isə imkan tələb edir.

Elit elm insanı ilə çalışqan orta statistik elm insanın cəmiyyətə, siyasi sistemə olan münasibəti də fərqlidir. Türk tarixçi Ortaylı prezidentdən dövlət mükafatı almağına baxmayaraq, sistemlə tərs düşmədən tənqid etməkdən də çəkinməz. Halbuki aşağı təbəqədən gələn bir tarixçi ya çox sadiqdir, ya da radikal şəkildə müxalifdir. Mötəbər elm insanı ən yaxşı halda şəhərli orta sinif ailələrdən çıxa bilər. Onun xaricində aşağı təbəqədən gələn birinin sosial elmlər sahəsində elit bir elm insanı statusu qazanması müşkül məsələdir.