Bu məqalə Türk dünyasının böyük bilgəsi, filosof-mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyinə ithaf olunur.
Əli bəy Hüseynzadə “mötədil tərəqqipərvərləri” milli birlik yaratmaqda ittiham edən marksist-leninçilərə, daşnaklara cavab olaraq qeyd edirdi ki, Rusiya müsəlmanlarının, ya da türklərinin guya “panislamizm” ideyası ətrafında ittifaq edərək Rusiya və Avropa üçün böyük təhlükə olduğu haqqında yazdıqları böhtandan başqa bir şey deyildir. “Panislamizm” kəlməsini ortaya atanlar şərqlilər deyil, qərblilərdir – deyən Hüseynzadəyə görə, İslam dünyası o qədər müttəfiqdir ki, “panislamizm” kimi bir əcnəbi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əsla ehtiyacları yoxdur. Onun fikrincə, əslində, qərbliləri qorxudan “İttihadi-İslam” deyil, İslam dünyasının qəflət yuxusundan oyanıb tərəqqiyə, maarifə üz tutmasıdır (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.73–74).
Beləliklə, Ə.Hüseynzadə bir tərəfdən “panislamizm” və “pantürkizm” devizini əldə bayraq edərək guya xristian dünyasını (Rusiya və Avropanı) təhlükə gözlədiyini iddia edən xristian millətçilərə (rus, erməni və b.), digər tərəfdən milli-dini ideyaları sinfi mübarizənin əleyhinə olduğunu irəli sürən ifrat tərəqqiçilərə, yəni marksist-leninçilərə qarşı mübarizə aparmışdır.
Onun fikrincə, ifrat mühafizəkarlar və tərəqqiçilərlə mübarizədə öz təşkilatı və proqramı ilə çıxış etməli olan mötədil qüvvələr, o cümlədən “gənc türklər” “köhnə” türklərin, ifrat mühafizəkarların üç yanlışını: 1) sünniliyi, şiəliyi ayrı-ayrı hesab edib məzhəbçiliklə islamiyyəti parçalamamalı, 2) xilafəti islamiyyətdən ayırmağı bacarmalı, 3) türklüyü yalnız osmanlılıqdan, Osmanlı sülaləsindən ibarət görməməli, təkrar etməməlidir. O yazırdı: “Bizim isə aləmi-İslamda, ya aləmi-Ətrakdə (Türk aləmində – F.Ə.) əhəmiyyət verdiyimiz, rəbti-qəlb etdiyimiz, meylü-məhəbbət bağladığımız şey nə məzhəbdir, nə xilafətdir və nə də filan sülaleyi-hökmdaridir. Bunların heç biri deyildir, bunu bir kərə anlamalıdır. Bizim sevdiyimiz, rəbti-qəlbi-məhəbbət etdiyimiz şey nərədə olursa-olsun ancaq dindaşlarımız və həmcinslərimiz olan millət və cəmaətdir. Əfradi-nasdən ibarət millət və cəmaətdir. Qurani-məciddən, əhadisi-nəbəviyyədən ayrılmayan hansı hökuməti-İslamiyyə, hansı sülaleyi-hökmdari olursa-olsun, ədalət, hürriyyət və qanuni-əsasi sayəsində müsəlmanlardan və müsəlmanlar miyanında türklərdən ibarət cəmaəti, milləti təriqi-tərəqqi və mədəniyyətə sövq edərsə, bizim də meylü-məhəbbətimiz o tərəfə olur. Quru xilafət ünvanlarının, sülalə şöhrətlərinin təfriqeyi-məzhəb mübahisələrinin vəqti keçmişdir” (Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s.59). Belə bir mürəkkəb şəraitdə mötədil qüvvələr, o cümlədən “Gənc türklər” yalnız öz təşkilat və proqramı ilə hərəkət etməlidir. O yazırdı: “Ancaq biz arzu edərdik ki, müsəlmanların özlərinə məxsus bir proqram və firqəsi olsun və o firqədə müsəlmanların və bilxassə Türk və Tatarların hər növ müsavat və hürriyyətləri ilə bərabər hüquqi-qövmiyyə, lisaniyyə və diniyyələrini təmin edən sair firqələrə iltihaq etsin. Bizim üçün nicat, hər növ hürriyyət və hüquqi-müsavat tələb edən firqələrlə birləşməkdədir” (Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s.80).
Əli bəy haqlı olaraq hesab edirdi ki, “yeni türklər”, mötədil tərəqqipərvər olmalı, öz təşkilatlarını və proqramlarını ortaya qoymaq, onu gerçəkləşdirmək yolunda da fədakar olmalı, yeni fədailər yetişdirməlidir. Fədailər isə yuxarı sıçrayan murdarlıqlardan qorxmamalı, “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” prinsiplərindən çıxış etməli, yeri gələndə ingilislər və amerikanlar kimi praqmatik, yaponlar kimi uzlaşdırıcı olmalıdırlar.
İkincisi, islamçılıqla türkçülüyün vəhdətindən çıxış edib onların bir-birinə qarşı qoyulmasına yol verməmək məsələsinə gəlincə, Hüseynzadə hələ 1904-cü ilin noyabrında Misirdəki “Türk” qəzetinə göndərdiyi məqaləsində bəzi istisnaları nəzərə almasaq, əsasən, Akçuranın “Üç tərzi-siyasət”dəki ideyaları ilə razılaşmışdır. Belə ki, Hüseynzadə də Akçura kimi “osmanlı milləti” ideyasını rədd edərək, əsas diqqəti müasir ruhlu islamçılıq və türkçülük üzərində cəmləşdirmiş, yeni ideyanın onların bütövlüyü ətrafında yaranmasını vacib saymışdır. Sadəcə burada Hüseynzadə Akçuranın “üçlü” proqramında islamçılıq və türkçülüyün vəhdəti halından kənara çıxarılaraq, ayrı-ayrılıqda götürülüb fərqli ideyalar kimi siyasiləşdirilməsinə etiraz etmişdir. O yazırdı: “Süni olaraq ayrıca pantürkizm, panislamizm adları ilə məslək icadına nə lüzum vardır?” (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.30).
Hüseynzadə ilk dövrlərdə mədəni türkçülük və islamçılıqdan çıxış edərək, hər ikisinin bütövlüyündən yana çalışsa da, ancaq onu da yaxşı anlayırdı ki, türklərin həyatında türkçülüyun, turançılığın da özünəməxsus yeri və rolu vardır. Bu baxımdan Hüseynzadə siyasi cəhətdən İslamı və Türklüyü bütöv şəkildə gördüyünü ifadə etsə də, mədəni cəhətdən Türk millətinin islam qədər türklüklərini də sözün həqiqi mənasında dərk etmələrini vacib saymışdı: “Müsəlmanlar və özəlliklə türklər hər yerdə olursa olsun, istər Osmanlıda, istər Türküstanda, istər Baykal gölü ətrafında, ya Qaraqorum civarında olsun, bir-birlərini tanıyacaq, sünnilik, şiəlik və daha bilməm nəlik adları ilə məzhəb təəssübünü azaldıb “Qurani-Kərimi” anlatmağa qeyrət edəcək, dinin əsasının Quran olduğunu biləcək olurlarsa, əl verməzmi?” (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.30).
Millət üçün hər şeydən əvvəl arzu ediləcək haldır ki, bir millətin qüvvət qazanması eyni fikirli adamlar arasında mənəvi dəyərlərin inkişafı, qarşılıqlı sevginin artması ilə bağlıdır.
Deməli, I Rusiya inqilabına qədər (1905) “Məktubi-məxsus” yazısından da göründüyü kimi, Hüseynzadə, əsasən, türkçülüklə islamçılığın vəhdətindən çıxış etməklə yanaşı, bəzi hallarda türkçülüyü, hətta turançılığı bir qədər önə çəkmək hissi güclü olmuşdu:
“Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan!
Bir dindəyiz biz, həpimiz haqpərəstan;
Mümkünmü bizi ayırsın İncil ilə Quran?”
Bu kimi milli yazılarına və şeirlərinə görə ilk turançı hesab olunan Ə.Hüseynzadə, yalnız ilk dövrlərdə turançılığı şiddət və qətiyyətlə müdafiə etməmişdir. Bir çox müəlliflərin (Y.Akçura və b.) də təsdiqlədiyi kimi, Əli bəy də türkçülük fəaliyyəti daha qabarıq şəkildə Rus–Yapon müharibəsi ərəfəsində və həmin dövrdə meydana çıxmışdır (Yusif Akçura “Türkçülüyün tarixi”, s.208). Bu dövrdən etibarən o fasiləsiz olaraq “ümmət” və “millət” anlayışlarını bir-birindən fərqləndirmiş, sonuncu məfhuma elmi dəqiqlik, konkretlik gətirməyə çalışmışdır (Aydın Balayev “Məmməd Əmin Rəsulzadə”, s.37).
Xüsusilə də, Hüseynzadə çağdaş ruhlu islamçılıq və türkçülüyün vəhdəti ideyasını və siyasi türklüyə keçidi “Həyat” (1905–1906) qəzetindəki məqalələrində davam etdirmiş, daha sonra “Füyuzat” jurnalında (1906–1907) “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli və Avropa qiyafətli bir fədai olalım” – deməklə, bütün Türk xalqlarının ortaq məfkurəsinə çevrilən “türkləşmək, islamlaşmaq və müasirləşmək” formulunun təməlini qoymuşdur.
Hüseynzadənin türkçülük baxışları onun Quzey Azərbaycanda olduğu dönəmdə “Həyat” qəzetində yazdığı məqalələrində türklərin etnoqrafiyasına, dilinə, mədəniyyətinə, qədim dini-fəlsəfi təlimlərinə, ümumilikdə Türk xalqlarının tarixinə həsr etdiyi yazılarda özünü göstərir. Bu qəzetdəki yazılarında “tatar” adlı millətin olmadığını, krımlıların, orenburqların, kazanlıların da türk oğlu türk olduğunu vurğulamaqla (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.30–31) Hüseynzadə islamçılığın və türklüyün ayrı-ayrılıqda dərkini də vacib hesab etmişdir. O yazırdı: “Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyirxahı bulunduğumuz din qardaşlarımız tərəqqi etsə, biz o tərəqqiyi əz canü dil alqışlarız! Türküz, ona görə də türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz” (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.35).
Hüseynzadə nə qədər milli-dini vəhdətdən çıxış etsə də, Türk xalqlarının daha çox türklük nüvəsində dirçəlməsini və birliyini vacib saymışdır. Bu anlamda onun “Türklər kimdir və kimlərdən ibarətdir?” əsəri Turançılığa, Türk–Turan mədəniyyətinə konseptual bir girişdir. Çünki bu əsərdə “əcdadımızın müştərək mənşəyi Turan”a işıq tutulmağa cəhd göstərilib, Türk xalqlarının Turan mədəniyyətində, Turan dil ailəsində yeri və rolu tədqiq olunmuşdur.
Onun turançılıqla bağlı milli işlərindən birincisi Türk tarixindəki şəxsiyyətlərə baxışdır. Hüseynzadə üçün Osmanlı dövlətinin başçısı sultan Səlim və Səfəvilərin başçısı Şah İsmayıla münasibət əsil Türk bilgəsinin baxışıdır: “Şah İsmayıl heç bir zaman ümummüsəlman düşmənlərinə şikayət edəcək qədər bir zilli irtikab etməmiş idi. Hər iki hökmdar (Sultan Səlim və Şah İsmayıl nəzərdə tutulur) qılıncları ilə bütün Avropanı titrədir, bir qüvvət və sərvətə malik idilər” (Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, s.186). Hüseynzadə çox haqlı olaraq “monqol-tatar” adı altında Türk tarixindən uzaq tutulan çingizilərə, teymurilərə sahib çıxırdı. O yazırdı: “Çingiz fütuhatından sonra Türk əqvam və məmalikinin bir qismi bu cahangirin ordularında bulunan türk-moğol komandaları səhvən tatar namilə yad olunmağa başladı. Bu səhvə başlıca islavlar səbəb oldu. Çünki bunlar Çingiz qoşununun bir əksəriyyəti-əzimə etibarilə türk olduğunu anlamayıb ancaq əsgərin sərkərdələrini nəzri-etibara almış idilər. Halbuki fəth olunan ərazinin əhaliyyi-turaniyyəsini zatən minəlqədəm türk, bu əraziyi fəth edən əsgərlər türk, bunları təqib edən mühacirlər türk, Çingizin özü türk, türkün bir qisminə, bir şivəsinə, bir dövr tarixinə namını verən oğlu Çığatay, yaxud özbək türklərinə nam verən digər oğlu Cuci kimi həp türk oğlu türk idilər. Çingiz ümuri-dövləti üçün moğalların deyil, uyğurların, yəni qədim türklərin xətt və lisanlarını qəbul etmiş olduğu da cümləcə məlum bir keyfiyyətdir” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir”, s.217).