Ədəbiyyat Xəbərlər

Ələkbər Salahzadə – Bənzəmə

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Ələkbər Salahzadənin “Bənzəmə” şeiridir. Xoş mütaliələr!

Qayasından qopub adam
yerinə-yurduna bənzər.
Ocağına çəkər,
oduna bənzər.

Torpağından qalxan adam,
daşına bənzər.
Başı
uca dağlarının qaşına bənzər.

Qayasından seçilməz,
boyda çinardı,
kökdə palıdı.

Dəli-dolu küləydi,
bir az yağışdı, bir az buluddu…

Yerinə-yurduna bənzər adam,
dərdi dərdinə bənzər.
Yarası da
torpağının yarasına bənzər.

Yarsan, –
yarı ürəyi
yurdunun o biri yarısına bənzər…

Vaxt var, qışına,
qış var, yazına bənzər.
Kürünə bənzər adam,
Arazına bənzər!..